Əslən Füzulidən olan şəhidin doğum günü İmişlidə qeyd olundu
Region

Əslən Füzulidən olan şəhidin doğum günü İmişlidə qeyd olundu

İmişli rayonunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış igid oğullarımızdan biri Əhmədzadə Elməddin Uğur oğlunun doğum günü qeyd olunub. İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhidin yaxınları tərəfindən Elməddinin məzarı ziyarət edildi. Mərasim iştirakçıları şəhidin məzarı üzərinə gül-çiçək dəstələri düzərək ruhuna ehtiramlarını ifadə edib, şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilədilər.

Elməddin Əhmədzadə 1994-cü il oktyabr ayının 1-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Əslən Füzuli rayonunun Qacar kəndindəndir. Şəhidimiz 27 sentyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır.

Mərasimdə çıxış edən RİH başçısı Elçin Rzayev Elməddinin bizim aramızda olmasa da onun daim qəlbimizdə yaşadığını və döyüş meydanında göstərdiyi qəhrəmanlığı ilə yaddaşımıza əbədi yazıldığını qeyd etdi. E.Rzayev bildirdi ki, Elməddin kimi oğullarımızın qəhrəmanlığı, şücaəti, igidliyi Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla - “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Elməddin Əhmədzadə öz Vətəninin yolunda şəhid olub. Hər bir qəhrəmanlıq dastanı olan şəhidlərimiz, torpaq uğrunda canından keçən oğul və qızlarımız heç vaxt unudulmur. Ən ali, müqəddəs və şərəfli olan şəhidlik zirvəsinə yüksələnlər daim qəlblərdə yaşayırlar.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Ərəstun ABDULOV,

“Respublika”.