Əsl qardaşlıq örnəyi
Digər xəbərlər

Əsl qardaşlıq örnəyi

TÜRKİYƏ

Azərbaycanla Türkiyə dövlətləri arasında dostluq və qardaşlıq əlaqələri qədim tarixə malikdir. Əsrlər boyu Azərbaycan və türk xalqları həmişə bir-birinə dəstək olmuş, sıx əməkdaşlıq etmiş, ulu öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət" olmuşlar. Türkiyə dövlətinin müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Türk dünyasının bu iki lideri öz müdrik kəlamları ilə hər iki dövlətin gələcək nəsillərinə əbədi olaraq bir mesaj qoymuşlar: Türkiyə-Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətləri əbədi və sarsılmazdır.

Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalq istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb. Dövlətlərimiz və xalqlarımız arasındakı bu qarşılıqlı münasibətlər bu gün daha da genişlənməkdə və dərinləşməkdədir.

Fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələdə də Azərbaycan Türkiyənin yanında olduğunu bir daha əməli ilə ortaya qoydu. Azərbaycan dövləti, xalqı, Türkiyənin üzləşdiyi dağıdıcı təbii fəlakətə öz acısı kimi reaksiya verdi. Belə ki, zəlzələ qurbanlarına dəstək məqsədilə ilk gündən Azərbaycan dövlətinin və xalqının genişmiqyaslı yardım kampaniyası həyata keçirildi.

Dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması, eyni zamanda Prezident İlham Əliyevin  Türkiyənin Bakıdakı səfirliyini ziyarət etməsi, matəm kitabına ürək sözlərini yazması, Türkiyənin Azərbaycandakı səfiri ilə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olması, bütün bunlar bir daha əsl qardaşlıq dəstəyinin nümunəsidir. Prezident İlham Əliyevin "Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik" sözləri xalqlarımız arasındakı münasibətin ən açıq təzahürüdür.

 "Azərbaycan hər zamankı kimi, zəlzələnin ilk saatlarından Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqlədi, öz dəstəyini, öz həmrəyliyini nümayiş etdirdi. Bu acı faciənin fəsadlarının tezliklə aradan qaldırılmasını özünün şərəf işi, qardaşlıq borcu adlandırdı.

 Azərbaycan xalqı 6 fevral saat 04:17-dən bəri demək olar ki, yatmır. Bunun səbəbi Türkiyədə son yüz ilin ən ağır təbii fəlakətinin, zəlzələnin baş verməsidir. Bu zəlzələdən dərhal sonra Azərbaycanda 7-dən 77-yə hər kəsin Türkiyənin yanında olduğunu gördük və hazırda da görürük".

Bu fikri açıqlamasında Kars Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinin sədr müavini Zekeriya Demiral deyib.

Onun sözlərinə görə, zəlzələdən sonra müşahidə edilənlər Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu, hər bir çətin anda daha da möhkəmləndiyini deməyə əsas verir: "Zəlzələdən dərhal sonra səhər erkəndən başda Prezident İlham Əliyev olmaqla Azərbaycan dövlətinin və xalqının göstərdiyi diqqət, verilən açıqlamalar, mənəvi dəstək, həmçinin Türkiyəyə ilk yardıma da məhz Azərbaycandan olan xilasedicilərin gəlməsi, Türkiyənin Azərbaycandakı səfirliyinin önünə axışan Azərbaycan xalqının sərgilədiyi mövqe, nəhayət, xalqın yardım kampaniyasını müşahidə etmək bizi çox qürurlandırır. Bu proses bizi 111 il əvvəlki tarixə aparır. 111 il öncə Türkiyə Balkan müharibəsinə qoşularkən Azərbaycan xalqı Osmanlı İmperiyasına yardım etmək üçün könüllü Qafqaz birlikləri formalaşdırdı. Bu birliklər Osmanlı tərəfdən döyüşmək üçün cəbhəyə getdilər. Həmin vaxt Azərbaycan xalqı eyni zamanda Osmanlıya maddi yardım üçün kampaniya başlatdı. Həmçinin bunun ardınca, 1914-cü ildə başlayan Birinci Dünya müharibəsində Doğu cəbhəsində cərəyan edənlər və Osmanlı İmperiyası ərazisinin işğal edilməsi, Sarıkamış döyüşündə acı məğlubiyyətdən sonra Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti vasitəsilə qardaş köməyi fəaliyyətləri icra edildi. Osmanlı dövlətinə hər cür maddi və mənəvi dəstək göstərildi. Bu yardım Qurtuluş Savaşında da davam edib. Həmin vaxt Azərbaycandan olan analarımız, bacılarımız qulaqlarındakı, boyunlarındakı qızılları toplayaraq Türkiyəyə yardım üçün göndərdilər".

Zekeriya Demiral sözlərinə davam edərək: "Dünyanın harasına gediriksə, bizə verilən sual bu olur: niyə məhz Türkiyə-Azərbaycan qardaşlığı? Mən o suala cavab olaraq deyirəm ki, Türkiyə-Azərbaycan qardaşlığı zamanın sınağından üzüağ çıxıb. Sadalanan faktlar da qardaşlığımızın təkcə xoş günlərdə deyil, həm də çətin zamanlarda da öz sözünü dediyini sübut edir. Əsasını xalqlarımızın birliyindən, bərabərliyindən alan Türkiyə-Azərbaycan qardaşlığı Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün bizim yardımımıza gələn qardaş Azərbaycanın xilasediciləri Kahramanmaraşda, Hatayda bir tarix yazır. Necə ki, bunu Van zəlzələsi zamanı da etmişdilər. İnsanın yaxşı günündə də, pis günündə də qardaşını yanında görməsi, onun dəstəyini hiss etməsi çox önəmlidir. Allah dövlətlərimizə bir daha belə acılar yaşatmasın. Zəlzələ zamanı həyatını itirənlərə rəhmət, yaralılara da şəfalar diləyirəm. Son olaraq göstərilən diqqət və qayğıya görə öz adımdan Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinə və xalqına minnətdarlıq edirəm", - deyib.

Esmira YAZKAN,

''Respublika'' qəzetinin  Türkiyə üzrə müxbiri.