Əsl müttəfiqlik nümunəsi
Türk dünyası

Əsl müttəfiqlik nümunəsi

Azərbaycan ilə Türkiyə arasında 14 yanvar 1992-ci ildə diplomatik əlaqələr yaradılıb. Azərbaycan 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə səfirliyi, 1993-cü ilin yanvar ayında isə İstanbul şəhərində Baş konsulluğu açıldı. 12 aprel 2004-cü il tarixində isə Qars şəhərində Baş konsulluğu təsis edilmişdir. Eyni zamanda, Türkiyənin Bakıda səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində baş konsulluqları fəaliyyət göstərməkdədir.

Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türkiyə Prezidenti Turqut Özalın Azərbaycana 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanmış Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyən etdi. Hər iki dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərirdi. Qardaş Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatdırılması ulu öndər Heydər Əliyevin prezidentliyi dövründə daim diqqət mərkəzində saxlanıldı, yüksək səviyyəli qarşılıqlı səfərlər, aparılan müzakirələr sayəsində böyük tarixə malik qardaşlıq bağları daha da möhkəmləndirildi. Ümummilli lider Heydər Əliyev ilə Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl arasındakı dostluq münasibətləri qardaş xalqlarımızın daha da yaxınlaşmasında, ölkələrimizin beynəlxalq arenalardakı mövqelərinin daha da möhkəmlənməsində önəmli rol oynadı. Ulu öndər ilə bağlı xatirələrini bölüşən Süleyman Dəmirəl deyirdi: "Mən dostum və qardaşım olmuş bu dahi şəxsiyyətlə birlikdə çalışdığım üçün qürur duyuram". Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələri ilə yanaşı, türk dünyası ölkələri arasında əlaqələrin inkişafında da danılmaz xidmətləri var.

Ulu öndərlər Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir" və Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bu gününü və perspektivlərini özündə dəqiq ifadə edən ən mükəmməl formul kimi qəbul edilməkdədir. Türkiyə və Azərbaycan öz tarixlərinin ən mürəkkəb dövrlərində bir-birinə dəstək olduqlarını nümayiş etdirmişlər. 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün önəmli dönüş nöqtəsi idi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dediyi kimi: "Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır". Anadoluda Qazi Mustafa Kamal Atatürkün öndərliyi ilə aparılan milli mücadiləyə azərbaycanlılar maddi və mənəvi yardım göstərmişlər. Hələ Azərbaycan Sovet İttifaqının tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olmuşdur. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşdirilməsində böyük rol oynamışdır.

İlham Əliyevin prezidentliyi dövründə də qardaş Türkiyə ilə münasibətlərin inkişafı ölkəmizin xarici siyasət kursunun əsas prioritetlərindən biri kimi saxlanıldı.

Prezident İlham Əliyev ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlıq münasibətləri ölkələrimiz arasındakı dostluq bağlarının daha da möhkəmlənməsinə, qardaş xalqlarımızın maraqlarının beynəlxalq miqyasda təmin olunması işinə xidmət edir. 2014-cü il aprelin 26-da Praqada Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" Sammitində Ermənistan prezidentinin qardaş Türkiyəyə qarşı əsassız iddialarına Prezident İlham Əliyevin: "Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam və Türkiyə-Ermənistan sərhədinin niyə bağlı olduğunu deyə bilərəm" cavabını verməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin ən bariz göstəricilərindən biridir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə bütün beynəlxalq platformalarda bir-birlərinin ədalətli mövqelərini dəstəkləyir və birgə fəaliyyət göstərirlər. Qardaş ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsində 2010-cu ildə yaradılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası xüsusi əhəmiyyət daşıdı.

Bu gün Azərbaycan və Türkiyənin birlikdə icra etdikləri qlobal əhəmiyyətli neft-qaz, nəqliyyat layihələri bütün dünyanın diqqət mərkəzindədir. Məhz bu enerji layihələri ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunu daha da möhkəmləndirib. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin dinamik şəkildə inkişafının göstəricisi olan qlobal iqtisadi layihələr Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz və 30 oktyabr 2017-ci ildə Bakı şəhərində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutmuş "Yeni İpək Yolu" nəqliyyat dəhlizinin önəmli hissəsini təşkil edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionda sülhün və təhlükəsizliyin təmin olunmasına öz töhfəsini verməklə yanaşı, xalqlarımızın rifah halının yaxşılaşdırılması baxımından da böyük əhəmiyyətə malikdir. Birgə əməkdaşlıq və təşəbbüslə inşası davam etdirilən, artıq XXI əsrin layihəsi adlandırılan Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəməri layihəsinin reallaşması da Türkiyə və Azərbaycan arasında səmimi dostluq və faydalı tərəfdaşlığın növbəti nümayişidir. Bu layihələr iki ölkənin regional qüvvəsini artıraraq qlobal mövqelərini möhkəmləndirir.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişafı üçün ciddi addımlar atılıb, şəxsi münasibətləri ilə isə əsl qardaşlığı müttəfiqliyimizə xüsusi çəki verməkdədir. Azərbaycan-Türkiyə müttəfiqliyi, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi xalqlarımız, dünya birliyi üçün də əsl nümunədir. 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana verdiyi siyasi-mənəvi dəstək isə xalqımız tərəfindən ən yüksək qiymətə layiq görüldü. Türkiyə dövləti, xalqı bütün dünyaya Azərbaycan ilə həmrəy olduqlarını nümayiş etdi, İkinci Qarabağ müharibəsinin hər anını qardaş ölkə olaraq Azərbaycanla birgə yaşadı. Qarabağ müharibəsində əldə edilən şanlı Zəfər isə yalnız Azərbaycanın deyil, eləcə də Türkiyə və bütün türk dünyasının tarixi Qələbəsi kimi qiymətləndirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərləri və xüsusilə də Qarabağa ilk Türkiyə lideri kimi səfəri Azərbaycan-Türkiyə qardaşlığı tarixinə yeni səhifə kimi yazıldı.

Tarixi Qələbədən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan Şuşa Bəyannaməsi isə iki ölkə arasındaki birliyin daha da üst səviyyələrə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən sənəddir. 2021-ci il 15 iyun tarixində Şuşa şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladıqları "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi", Türkiyənin Qafqaz regionunda mövcudluğunu möhkəmləndirməklə yanaşı, Azərbaycanın regionda aparıcı dövlət olduğunu da bir daha isbatlamış oldu. Hərtərəfli əməkdaşlığı əhatə edən bəyannamədə hərbi sahədə də əməkdaşlıq məsələlərinin xüsusi yer alması, qlobal arenada birgə manevrlər etmək imkanlarımızı daha da genişləndirməkdədir. Azərbaycan ordusu NATO-nun ikinci ən güclü silahlı qüvvəsi olan Türkiyə ordusunun əsasında modernləşdirilir. Ordunun ayrı-ayrı bölmələrində xidmət keçən zabitlərimizin Türkiyədə müxtəlif kurslarda iştirakı, iki ölkənin keçirdiyi ortaq təlimlər vahid güc nümunəsi yarada bildiyimizi aydın şəkildə bütün dünyaya nümayiş etdirir. Bu sənəd Azərbaycanın müstəqilliyi dövründə iki qardaş ölkə arasında imzalanan, hərbi təhlükəsizlik məsələlərini, onun müxtəlif parametrlərini göstərən ilk rəsmi sənəddir. Məhz bu baxımdan, Şuşa Bəyannaməsi tarixi önəm daşıyaraq, regionda yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoydu.

Azərbaycan da bütün beynəlxalq tədbirlərdə və təşkilatlarda Türkiyəni eyni ilə müdafiə edir. Bununla Türkiyənin ərazi bütövlüyü, terrorçuluğa qarşı mübarizəsinə töhfəsini verir. Prezident İlham Əliyev bu məsələ barədə qeyd edib: "Bu gün də işğaldan azad edilmiş torpaqların əsaslı yenidən qurulması və bərpası işlərində Türkiyə ilə çiyin-çiyinə bir yerdə irəliləməyimiz böyük məmnunluq doğurur. Biz də öz növbəmizdə hər zaman bütün məsələlərdə qardaş Türkiyənin yanında olmağa davam edəcəyik".

Hazırda dövlətimiz tərəfindən Qarabağda aparılan bərpa-yenidənqurma işlərində də Türkiyə yaxından iştirak edir, hər zaman olduğu kimi, Azərbaycanla həmrəyliyini nümayiş etdirir. Dünyada Azərbaycan-Türkiyə qardaşlığına bənzəyən ikinci bir nümunə yoxdur. Türkiyə ilə Azərbaycanın apardığı siyasət bölgədə sabitlik və sülhün bərqərar olması, xalqların birgə və rahat yaşamasına xidmət edir.

Mustafa KAMAL,

"Respublika".