Əsas hədəf: Qarabağın reinteqrasiyası, iqtisadi artım və sosial rifah
Sosial həyat

Əsas hədəf: Qarabağın reinteqrasiyası, iqtisadi artım və sosial rifah

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ötən illərdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənib, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunub, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılıb, konservativ xarici borclanma strategiyası həyata keçirilib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əhalinin sosial rifah göstəriciləri davamlı olaraq yaxşılaşıb.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci il dövlət büdcəsi haqqında Qanun qəbul edilib. Bu il dövlət qarşısında duran əsas prioritetlər Vətən müharibəsindən sonra ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, Qarabağın reinteqrasiyası, iqtisadi artımın bərpası və sosial rifahdır. Buna görə də 2021-ci ildə dövlət büdcəsinin xərcləri 28,5 milyard manat olmaqla, 2019-cu ilin faktiki icrası ilə müqayisədə 16,9 faiz, 2020-ci illə müqayisədə isə 5,9 faiz çox proqnozlaşdırılıb. Dövlət büdcəsinin artan xərclərini tarazlaşdırmaq üçün proqnoza görə, 2021-ci ilin dövlət büdcəsində qeyri-neft sektorundan gəlirlərin artım tempi 15 faiz, başqa sözlə, qeyri-neft sektorunun özünün artım tempi - 3,1 faizdən 4,8 dəfə çox olmuşdur. Əlbəttə, burada qeyri-neft sektoru üzrə dövlət büdcəsinin gəlirlərinin 7,6 faizini və ya 880 milyon manatını Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan transfer, 2,1 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən ayırmalar təşkil edir. “Fiskal fəza”da yeni gəlir mənbələrinin cəlb olunması qeyri-neft real sektorunun “büdcə yükü”nü azaltsa da, dövlət borcuna xidmət risklərini artırır. Amma nəzərə alanda ki, Azərbaycanda dövlət borcunun ÜDM-ə nisbəti 23,3 faiz təşkil etməklə, strategiyada nəzərdə tutulan - 30 faizdən aşağıdır, onda cari vəziyyətə uyğun olaraq prioritet düzgün seçilmişdir.

Beynəlxalq Valyuta Fondunun “fiskal fəza rombu”na uyğun olaraq Azərbaycan gələcəkdə xərclərin səmərəliliyinin artırılması və gəlirlərin mobilizasiyası istiqamətində getməklə “fiskal fəza”dan daha yaxşı istifadə edə bilər. 2021-ci ildə icmal büdcənin və dövlət büdcəsinin kəsirinin 2020-ci ilə nisbətən az, habelə cari əməliyyatlar hesabının müsbət saldo ilə proqnozlaşdırılması manatın sabitliyi və inflyasiyanın cilovlanması üçün fundamental əsaslar yaradır. Əsas odur ki, fiskal genişlənmə və yumşaq monetar siyasət, həmçinin əlverişli biznes mühiti və təşviqlər hesabına ölkəyə sərmayə cəlbi stimullaşdırılmalıdır. Çünki fiskal multiplikator ölkə üzrə deyil, yalnız Qarabağda yenidənqurma zamanı daha yüksək göstəriciyə malik ola bilər. Qarabağın inkişafı proqramı təkcə dövlət deyil, həm də beynəlxalq qurumlar, banklar, xarici və yerli sərmayədarlar və başqa mənbələr hesabına maliyyələşdiriləcəkdir. Dövlət sərmayələri bu mənada stimullaşdırıcı rol oynayacaq.

Onu da qeyd edək ki, 2019-cu ildə icra edilmiş və 2020-ci ilin müvafiq göstəricisi ilə müqayisədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin payı 2021-ci ilin dövlət büdcəsində uyğun olaraq 7,8 faiz və 0,2 faiz yüksəlmişdir. Həmişə olduğu kimi, Prezident İlham Əliyevin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusən də şəhid ailələri və müharibə əlillərinə aid sosial paket genişləndiriləcək.

Ötən il dövlət büdcəsinin gəlirləri 24134 500.0 min manat, xərcləri isə 26894 700.0 min manat məbləğində təsdiq edilib. Ekspertlərin rəyinə görə, 2020-ci il və sonrakı üç ilin icmal və dövlət büdcələri yeni büdcə qaydalarına əsasən hazırlanıb. Yəni büdcə xərcləri bir ildə 3 faizdən çox arta bilməz. Azərbaycan infrastruktur, orta təbəqə və ordu quruculuğu sahəsində nailiyyətlər əldə etdikdən sonra büdcə qaydalarını təsdiq etməklə fiskal dayanıqlılığa üstünlük verir. Beləliklə, növbəti ildə 4.6 faizlik inflyasiya proqnozu nəzərə alınmaqla icmal büdcə bu illə müqayisədə 2 117 milyon manat və ya 7,7 faiz artmaqla 29 488 milyon manata çatır. Fiskal dayanıqlılığın daha bir əlaməti odur ki, cənab Prezidentin tapşırığına uyğun olaraq icmal büdcənin qeyri-neft baza kəsirinin Ümumi Daxili Məhsula nisbəti cari ildə daha 1 faiz azalaraq 29,1 faizə endiriləcəyi proqnozlaşdırılır. Bu o deməkdir ki, icmal büdcə getdikcə neftdən daha az asılı olur. Xüsusən də nəzərə almaq lazımdır ki, bu il sosialyönlü xərclər 2,6 milyard manat və ya 33,5 faiz çox müəyyənləşdirilib. Bir tərəfdən neft qiymətlərinin hər barelə görə bu ilin büdcəsində 5 dollar və ya 8,3 faiz az götürülməsi, digər tərəfdən isə sosial xərclərin 33,5 faizlik artımı fonunda büdcə qaydalarının pozulmaması fiskal dayanıqlılığın güclənməsi anlamına gəlir. Dövlət Neft Fondundan büdcəyə transferin və hasilatın pay bölgüsü üzrə mənfəət vergisinin azalan həcmini qeyri-neft sektoru kompensasiya edəcək, ümumilikdə fiskal dayanıqlılığın və onun ayrı-ayrı komponentlərinin, o cümlədən pensiya və səhiyyə sisteminin dayanıqlılığının artırılması istiqamətində konkret vəzifələr müəyyənləşdirilib.

Bu il qeyri-neft sektorunun artımı 3,8 faiz olacağı halda, qeyri-neft sektorundan büdcə daxilolmaları 3,2 dəfə üstün templə — 12 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 4,8 dəfə üstün templə — 18,1 faiz artacaq. Burada bir amili də nəzərə almaq lazımdır ki, həm 2019-cu, həm də 2020-ci illərdə “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər orta vergi dərəcəsini aşağı salır. 2020-ci ildəki vergi islahatlarında əsas məqsəd hamıya bərabər şəraitin yaradılması, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi yükünün yüngülləşdirilməsidir. 2020-ci ildə vergi islahatlarının bəzilərini qeyd edək: sabit qəbz olmaqla vergi ödəyən fiziki şəxslərin sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğinin azaldılması, heyvandarlıq və quşçuluq təsərrüfatlarında istifadə edilən yem və yem əlavələrinin satışı üzrə dövriyyələrin ƏDV-dən azad edilməsi, dövlət büdcəsindən ödənilən ixrac təşviqinin vergidən azad edilməsi, yeni nəsil nəzarət kassa aparatına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi, yeni tikilən binalardan dövlətə ayrılan hissəyə güzəştin verilməsi, sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştlərinin müddətinin 7 ildən 10 ilədək artırılması və s. Beləliklə, azalan vergi dərəcələri fonunda vergi gəlirləri artır. Bu da onu göstərir ki, vergi yükünün artması deyil, azalması büdcə daxilolmalarının çoxalması ilə nəticələnir. Çünki məcburetmə prinsipindən könüllü riayət etməyə keçid baş verir, heç kimə “imtiyaz” tanınmaması rəqabət mühitini yaxşılaşdırır və iqtisadiyyatı gücləndirir. Bununla da ədalətli vergi rejimi həm də rəqabəti və iqtisadi artımı stimullaşdırır və yenidən bu yolla vergi bazasını genişləndirir. Vergi-gömrük siyasəti və iqtisadi artım əsasında “müdrik çevrə” yaranır. Ödəyici verginin ədalətliliyinə nə qədər çox inansa, bir o qədər də intizamlı olacaq. Bildiyimiz kimi, 2015-ci ildə milli valyutanın kəskin dəyər itirməsi və iqtisadi artımın mənfi göstəriciyə keçməsi nəticəsində 2016-2018-ci illərdə qeydə alınan yüksək inflyasiya, həmçinin ev təsərrüfatlarının qənaətlərinin ardıcıl 3 il ərzində mənfi zonaya daxil olması (xərclərin gəlirləri üstələməsi) hökuməti sosial müdafiə xərclərini genişləndirməyə məcbur etdi. Bu, özünü sosial xərclərin həm mütləq ifadədə, həm də ümumi xərclərdə xüsusi çəkisinin artımında göstərdi. Əgər 2015-ci ildə həm dövlət büdcəsi, həm də Dövlət Sosial Müdafiə Fondu vasitəsilə əhalinin sosial müdafiəsinə, eləcə də büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əməkhaqlarına ümumilikdə 7,0 mlrd. manat və ya bu 2 büdcənin ümumi xərclərinin 36 faizi qədər vəsait yönəldilmişdirsə, 2020-ci il üçün həmin xərclər 13,4 mlrd. manat və məcmu xərclərin 44,1 %-i səviyyəsində olmuşdur. Son 5 ildə dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun (transfersiz) büdcə xərcləri 10,7 mlrd. manat və ya 55% sosial müdafiə və əməkhaqqı xərcləri isə 6,4 mlrd. manat və ya 91,4 % artıb.

Göründüyü kimi, 2015-2020-ci illərdə sosial müdafiə və əməkhaqqı xərclərinin artım tempi büdcənin ümumi xərclərini əhəmiyyətli dərəcədə üstələyə bilmişdir. Rəqəmlərdən göründüyü kimi, 2018-ci ildən başlayaraq həm büdcə xərclərinin ümumi məbləğində, həm də sosial müdafiə və əməkhaqqı xərclərində sürətli artım müşahidə edilir. Belə ki, 2020-ci ildə  sosial xərclərin xüsusi çəkisi 44,1 faiz olmaqla, 2005-ci ildən sonra ən yüksək göstəricidir.

2017-2018-ci illərdə manatın orta illik məzənnəsi 1,7 manata bərabərdir. 1 dollar ətrafında qərarlaşdığı, neft-qaz hasilatının demək olar ki, eyni səviyyədə qaldığı şəraitdə xam neftin qiymətinin hər dolları Neft Fonduna təxminən 2,2-2,4 mlrd. manat mədaxili təmin edib. Məsələn, orta illik qiymətin 56 dollar təşkil etdiyi 2017-ci ildə Neft Fondunun gəlirləri 12,1 mlrd. manat olmuşdur. Bu məbləğ isə Fondun illik xərcləmələrinin tamamına bərabərdir.

Onu da qeyd edək ki, dünyanın əksər ölkələrində izlənən mənfi dinamika pandemiya və onun nəticələrinin aradan qaldırılması ilə əlaqədar tətbiq edilən sərt karantin rejiminin nəticəsidir və təbii ki, bu tip tədbirlərin neqativ təsirlərinin Azərbaycan iqtisadiyyatına da transmissiya olunması qaçılmaz idi. Bu baxımdan 2021-ci ilin dövlət büdcəsi makroiqtisadi göstəricilərin sistemində bəzi parametrlərin mənfi dinamikası ilə yanaşı, bir sıra parametrlərin də müsbət davranışı fonunda layihələndirilib.

Fəxrlə demək lazımdır ki, büdcənin layihələndirildiyi dövr Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı, artıq dünya hərb tarixinə düşmüş döyüş əməliyyatları baş verdiyi bir dövr idi. Bu əməliyyatların dövlət maliyyəsini əhatə edən isə artıq işğaldan azad edilmiş və tam ərazi bütövlüyünü əhatə edən, düşmənin vandalizm aktlarına məruz qalan doğma torpaqlarımızda bərpa-quruculuq işləri ilə bağlı vəsaitlərin də nəzərdə tutulduğu 2021-ci ilin dövlət büdcəsidir. Qısa və lakonik ifadə etsək, 2021-ci ilin büdcəsi Qarabağ torpaqlarına şamil və tətbiq edilən ilk büdcədir.

Nurəngiz ADİLQIZI,

“Respublika”.