Ərzaq təhlükəsizliyi: dünya qlobal problem qarşısında
Digər xəbərlər

Ərzaq təhlükəsizliyi: dünya qlobal problem qarşısında

"Onu da deməliyəm, indi çox böyük ehtimallar var ki, dünya iqtisadiyyatı tənəzzülə uğrayacaq. Yəni, resessiya haqqında mötəbər beynəlxalq qurumlar, maliyyə qurumları artıq bir qaçılmaz fakt kimi danışırlar. Biz də buna hazır olmalıyıq". Bu fikirləri bu ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə bildirən Azərbaycan Prezidenti İlham Əliyev, həmçinin vurğulayıb ki, resessiya əlbəttə, əgər baş verərsə, ilk növbədə, neftin qiymətinə mənfi təsir göstərəcək. Ona görə ilin büdcəsində neftin qiyməti düzgün seçilməlidir. Biz bu barədə hələ danışacağıq, vaxt var. Amma biz dünyada gedən prosesləri, əlbəttə ki, izləməliyik. Çünki Azərbaycan dünya iqtisadiyyatının bir parçasıdır.

Bu gün ölkəmizdə Prezident İlham Əliyev tərəfindən aparılan siyasət imkan verir ki, sosial sahə daim diqqət mərkəzində olsun və köklü iqtisadi islahatlar insanların rifah halına mənfi təsir göstərməsin. Prinsip etibarilə bu siyasətin təməlində insan amili olduğu üçün daim sosial sahəyə xüsusi diqqət göstərilir. Həm maaşların, pensiyaların, təqaüdlərin artırılması, həm də sosial obyektlərin yaradılması, şəhid ailələrinə, keçmiş məcburi köçkünlərə diqqət göstərilməsi kimi sosial paket ölkədə iqtisadi islahatların uğurla həyata keçirilməsinə imkan verir. Dövlət başçısının qəbul etdiyi qərarların əsasında da məhz bu amil dayanır. Bu qərarlar dünyada gedən qlobal bahalaşma prosesi fonunda Azərbaycanda da bəzi ərzaq məhsullarının, o cümlədən çörəyin cüzi qiymət artımından vətəndaşlarımızın əziyyət çəkməməsi məqsədinə sərrast hesablanıb. Dünyada taxılın, buğdanın qiymətinin kəskin şəkildə artması isə çörəyin qiymətinin qalxmasını da qaçılmaz edib. Azərbaycanın əsas buğda təchizatçılarından olan Rusiyada həm qiymətlər, həm də ixrac rüsumları artmış və artmaqda da davam edir. Hazırda dünyada ərzaq məhsullarının qiymətinin kəskin şəkildə artması prosesini Rusiya-Ukrayna müharibəsi daha da sürətləndirib. Belə ki, Rusiya və Ukrayna dünyada aparıcı taxıl ixracatçıları arasındadır və eyni zamanda onlar dünya bazarlarına digər ərzaq məhsullarını da ixrac edirlər. Bu səbəbdən də, artıq təbii qıtlıq yaranıb. Bütün bunları nəzərə alaraq ölkəmizdə ərzaqlıq buğda ilə təminat diqqət mərkəzində saxlanılır.

Məlumdur ki, aqrar sahənin daha da inkişaf etdirilməsi üçün dövlət tərəfindən böyük dəstək tədbirləri həyata keçirilir. Kənd təsərrüfatının müxtəlif sahələrinin, xüsusilə taxılçılığın inkişaf etdirilməsi məqsədilə subsidiya verilir, texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Prezident İlham Əliyev tərəfindən imzalanan "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" 2022-ci il 19 iyul tarixli Fərman ölkədə ərzaqlıq buğdanın istehsalını daha da stimullaşdıracaq. Bütün dünya ölkələrində qlobal səviyyədə ərzaq təhlükəsizliyi ilə bağlı çağırışların mövcud olduğu bir vaxtda bu sahədə risklərin qarşısının alınmasına xidmət edən belə bir qərarın qəbul edilməsi böyük tarixi və iqtisadi əhəmiyyət daşıyır, çünki Fərman ərzaqlıq buğda əkinlərini təşviq etmək məqsədilə imzalanıb. Fərmana əsasən fermerlərə hər hektara görə əkin subsidiyasından əlavə məhsul subsidiyasının verilməsi də nəzərdə tutulur. Yəni, fermerlərimiz bundan sonra Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verdikləri ərzaqlıq buğdaya görə əlavə olaraq məhsul subsidiyası alacaqlar. Bununla yanaşı, bu Fərman ərzaqlıq buğdanın əkilməsi üçün müasir suvarma sistemlərinin tətbiqini təşviq edəcək.

Dövlət başçısı müşavirədə demişdir: "Burada mən suvarma ilə bağlı layihələri xüsusilə qeyd etmək istəyirəm. Azad edilmiş ərazilərdə həm böyük su anbarları və su kanallarının tikintisi, həm də içməli su təchizatı nəzərdə tutulur - biz Şərqi Zəngəzuru azad etməklə böyük su mənbələrinə yenə də qayıtmışıq, onlar da işğal altında idi. Eyni zamanda, suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək".

Digər bir üstünlük ondan ibarətdir ki, ərzaqlıq buğda üçün minimum alış qiyməti müəyyən olunub və bu, hər il yeni qiymətlərlə dəyişdiriləcək. Mütəxəssislər Fərmanın ərzaqlıq buğdanın istehsalına mühüm töhfələr verəcəyini söyləyirlər.

Bu gün fermerlərin daha məhsuldar şəkildə çalışması üçün Kənd Təsərrüfatı Nazirliyi də digər dövlət qurumları ilə birlikdə ərzaqlıq buğda istehsalını artırmaq məqsədilə tədbirlər həyata keçirir. Onu da qeyd edək ki, dünyada ərzaq qiymətlərinin yüksəlməkdə davam etməsilə əksər ölkələrdə inflyasiya faizləri də artmaqdadır. Azərbaycanda da yerli istehsalı az olan və ya idxalın üstünlük təşkil etdiyi məhsullar üzrə müəyyən qədər qiymət artımı müşahidə olunur ki, bu da ərzaq məhsullarında özünü büruzə verir. Ümumi inflyasiyanın təqribən 60 faizi ərzaq inflyasiyasının payına düşür. Azərbaycan da bu mənada istisna deyil, çünki ölkə ərzaqlıq buğdaya olan tələbatının 40 faizini xarici mənbələr hesabına ödəyir.

Ölkənin maliyyə-iqtisadi imkanlarının əsas faktorlarından danışan ölkə rəhbəri dövlət büdcəsinin təkcə neftin qiymətinin artması hesabına böyümədiyini, eyni zamanda, aparılan islahatların nəticəsində mümkün olduğunu deyib: "O ki, qaldı, iqtisadi artıma, əlbəttə, biz bunu hər dəfə iki yerə bölürük - iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı. Hər iki istiqamət üzrə yaxşı nəticələr var. İqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Çox yaxşı nəticələrdir və bu nəticələri biz real həyatda da görürük. Çünki bu, imkan verir ki, biz maaşları artıraq, pensiyaları artıraq. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. Düzdür, inflyasiya bu artımın bir hissəsini, necə deyərlər, yeyir. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Hətta, inflyasiya bəlkə 0 - 0,5, 1 faiz olan ölkələrdə indi inflyasiya ikirəqəmli inflyasiyaya yaxınlaşır. Yəni, bu, ümumi trenddir və biz də dünya iqtisadiyyatının bir parçasıyıq".

Bir daha qeyd edirik ki, Azərbaycanın dövlət siyasətinin mərkəzində insan amili dayanır və müxtəlif təbəqələrin nümayəndələri, o cümlədən keçmiş məcburi köçkün ailələri, aztəminatlı vətəndaşlar, gənc ailələr, əlillər, şəhid ailələri onlar üçün müəyyənləşdirilən əlavə imkanlardan və dövlətin dəstəyindən yararlanırlar. Bundan əlavə, əhalinin rifah halının, sosial-mədəni durumunun yüksəldilməsi istiqamətində digər ardıcıl tədbirlər görülür. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə infrastrukturun bərpası və yenidən qurulması, sosial obyektlərin tikintisi, kənd və qəsəbələrin qazlaşdırılması və başqa tədbirlər sakinlərin rahatlığını təmin edir.

Sadalanan işlərin görülməsi və iri layihələrin ardıcıl xarakter alması üçün isə bəllidir ki, böyük miqdarda vəsait lazımdır. Azərbaycanın iqtisadi inkişaf sürəti, artan maliyyə imkanları iri layihələrin həyata keçirilməsinə imkan verir. Artıq təcrübə göstərir ki, Azərbaycan hər bir çətinliyin öhdəsindən gələ bilmək gücündə olan bir ölkədir. Azad edilmiş torpaqlarda apardığı quruculuq işləri ilə hətta dünyanı heyrətləndirən dövlətimiz digər sınaqlardan olduğu kimi, budəfəki çətinlikdən də şərəflə çıxacaqdır.

Zümrüd QURBANQIZI,

"Respublika".