Ermənistanda hökumətə inamsızlıq daha da artır
Digər xəbərlər

Ermənistanda hökumətə inamsızlıq daha da artır

Ermənistan Azərbaycan ilə münasibətlərini korlamaqla ilk növbədə özünə böyük zərbə vurmuş oldu. Əslində, bu ölkənin ayaqda durmasına təkan verən  amillərdən biri də elə Azərbaycan idi. Lakin bu dövlətin xain, məkrli və acgöz xisləti onu tamahının qurbanına çevirdi. İkinci Qarabağ müharibəsindəki məğlubiyyətindən sonra isə ölkədə vəziyyət daha acınacaqlı oldu. Övladını döyüşlərdə itirən valideynlərin etirazı isə dövlət rəsmilərini çətin duruma salırdı. Belə situasiyalarda Paşinyanın yalan vədləri, vəziyyətdən sürüşüb çıxmağı bacarmaq məharəti əhalinin qəzəbinə səbəb olurdu.

İllərlə aldadılan  erməni xalqı sonda bütün bunların hamısının yalançı vədlər olduğunu gördü. Həllini gözləyən problemlər,  sosial həyatın çətinlikləri əhalidə dövlət rəhbərlərinə qarşı inamsızlığı daha da artırdı. Üst-üstə yığılan problemlər nəhayətdə bu gün Ermənistanda xalqla hakimiyyət arasında böyük bir "çat" əmələ gətirmişdir. Nəticədə xalqın Paşinyana və onun komandasına qarşı inamsızlığı yaranıb. Bunun ən başlıca səbəblərindən biri də qeyd etdiyimiz kimi, Qarabağ müharibəsində Paşinyanın uğursuzluğudur. Müharibədən sonra Ermənistan sosial-iqtisadi cəhətdən də acınacaqlı vəziyyətə düşdü. Xalqın hakimiyyətə qarşı inamsızlığından yaranan narazılıq getdikcə böyüməyə, əhalinin ölkədən kütləvi getməsinə səbəb olur. Bu gün erməni millətinin ümidsiz şəkildə Paşinyan və onun komandasından gözləyəcəyi müsbət heç nə yoxdur. Onlar çox yaxşı anlayır ki, Paşinyan və ondan öncəki hakimiyyət öz millətini əsla düşünməmiş, şəxsi maraqları və nüfuzları naminə ölkəni indiki duruma salmışlar.

Əlbəttə ki, ölkədəki narazılıqlar bununla bitmir. Paşinyan hakimiyyəti ilə kilsə arasında olan fikir ayrılığı da yaranan narazılığın əsas tərkib hissələrindəndir. Əgər  əvvəlki hakimiyyətlə kilsə xadimləri arasında sıx münasibətlər mövcud idisə, bu gün Paşinyanla din xadimləri arasında böyük bir uçurum yaranıb. Ötən illərdə, əsasən də 30 illik işğal dövrü və ondan öncəki illərdə dünya ermənilərini birləşdirən və Ermənistana maddi yardım göstərən mərkəz kilsə idi. Kilsənin dövlətdə, eləcə də xalq arasında nüfuzu və təsir gücü böyük idi. Dünyada yaşayan erməni lobbiləri məhz kilsə vasitəsilə ölkəni ayaqda saxlamağa çalışırdılar. Həmçinin, digər xristian dövlətlərini də din pərdəsi altında Ermənistana cəlb edirdilər. Lakin Paşinyanın hakimiyyətə gəlişi və köhnə ənənələrə sadiq qalmaması din xadimlərinin və kilsənin böyük narazılığına səbəb oldu. Hazırda  ölkədə narazı kütlə ilə yanaşı, kilsənin də hakimiyyətə qarşı fikir ayrılığı və narazılığı güclənir. Hətta bəzi ekspertlər kilsənin Paşinyan hakimiyyətinə qarşı narazılığının çevriliş səviyyəsinə qədər gedə biləcəyini də proqnozlaşdırırlar. Vəziyyətdən çıxış yolu və ölkəni acınacaqlı durumdan çıxarmaq məqsədilə Ermənistanın keçmiş prezidentləri və bütün ermənilərin katolikosu II Qaregenin arasında mütəmadi olaraq görüşlər keçirilir.

Ölkədə getdikcə daha da çətinləşən vəziyyəti xalq Paşinyanın fərsiz və səriştəsiz siyasəti ilə əlaqələndirir. Bu da  Ermənistan hakimiyyəti ilə xalq arasında narazılığa və Paşinyanın nüfuzunun aşağı düşməsinə səbəb olur. Xalqın inamsızlığı və sabaha heç bir ümidinin olmaması ölkəni tərk etmələri ilə nəticələnir. Erməni kilsəsi xalqın sabahkı müqəddəratı üçün mübarizə aparsa da, həmçinin xalqı yeni müharibəyə də sövq edir. Bunun nəticəsi isə daha ağır olacaq. Çünki onsuz da böhran yaşayan xalq səfalətə sürüklənəcək. Əlbəttə ki, bunu Paşinyan da çox gözəl başa düşür. Müharibədə məğlub olmuş və çox sayda itki vermiş sadə xalq artıq yeni bir müharibə istəmir. Çünki artıq İkinci Qarabağ müharibəsində erməni milləti,  elə rəhbərliyi də Azərbaycanın gücünün şahidi oldu. Çətin ki, ermənilər yenidən mənasız qurbana çevrilməyə razı olalar. Paşinyan bu gün ümidləri puç olmuş və əli himayədarlarının ətəyindən qopmuş ümidsiz boş bir fiqurdur. Xalq da bunu yaxşı bilir. Ancaq görünən odur ki, ölkədaxili narazılıq yüksələn xətlə davam edir. Nəticəsi nə olacaq, hələ ki, məlum deyil. Hazırkı durumda nə ağlaşma quran erməni millətinə, nə də "yumşalma prosesində" olan Paşinyana inanmaq olmaz. Necə deyərlər, ilanın ağına da lənət, qarasına da.

Ramidə YAQUBQIZI,

"Respublika".