Ermənistan terror dövlətidir
Siyasət

Ermənistan terror dövlətidir

Dünyada özünün cinayət əməlləri ilə öyünən ikinci bir ölkə yoxdur

"Ermənistan dövləti faşist dövlətidir, terror dövlətidir. Gəncədə mülki əhalinin qətl edilməsi bunu bir daha sübut edir. Gəncəyə bu hücumun səbəbkarı Ermənistanın hərbi-siyasi rəhbərliyidir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il oktyabrın 15-də Türkiyənin "Haber Global" televiziya kanalına müsahibəsində bildirib.

Gəncə terroru... Vətən müharibəsi dövründə baş verən bu qanlı olayı televiziyadan izləyən hər kəs o gecə insan qanına susayan ermənilərə, onların havadarlarına lənətlər oxudu. Əlində tutduğu gəlinciyi ilə dağıntılar arasından ətrafa boylanıb bir də heç vaxt görməyəcəyi valideynlərini axtaran qız cocuğunun ürkək baxışları insanların qəlbini parçaladı. Xocalı soyqırımında körpə barmaqları, ayaqları donub qaxaca dönmüş, tanınmaz hala salınmış, yamaclara səpələnmiş uşaq meyitləri, o acı, dəhşətli mənzərə göz önünə gəldi. Hədəflər də bəlli idi, onu törədənlər də. Ermənilər bu dəfə də dinc əhalini hədəf seçmişdi.

Rusiya Prezidenti Vladimir Putin terrorizm barəsində demişdir: "Bu, bir bəladır və onunla mübarizə aparmaq lazımdır". Erməni terrorizmi məfhumuna gəldikdə isə, zahirən nə qədər mürəkkəb olsa da, onun təzahürünü izah etmək qat-qat asandır. Onu necə adlandırmalarından asılı olmayaraq ermənilər terrora qarşıya qoyulan məqsədə çatmaq üçün vasitə kimi baxırlar. Ermənistan dövlətinin və erməni diasporunun maliyyə və təşkilati yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının Azərbaycana qarşı apardıqları müharibə 1980-ci illərdən başlayaraq ardıcıl xarakter almışdır. Azərbaycanın Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı zamanı vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalinin yaşadığı məntəqələrdə terror aktları təşkil edirdilər.

Gəlmə ermənilər Azərbaycan torpağında terror fəaliyyətinə hələ təxminən 150 il əvvəl başlamışdılar. Belə ki, ermənilər 1860-1870-ci illərdə Azərbaycanın Yelizavetpol quberniyasının Tərtər kəndində onlarca rus millətindən olan insanları təhqir etdilər, hədələdilər və vəhşicəsinə öz evlərindən qovdular.

1885-ci ildə Vanda "Armenikan" terror təşkilatı yaradıldı. Bundan bir qədər sonra 80-ci illərin sonlarında Tiflisdə "Qnçak" jurnalı nəşrə başladı. Bu partiyanın əsas məqsədi Rusiya, Türkiyə və İran ərazilərindəki, həmçinin Avropadakı erməni diasporunu inqilabi terror bayrağı altında birləşdirmək idi. "Qnçak"ın proqramının 4-cü maddəsində belə qeyd olunurdu: "Nəzərdə tutulan məqsədə çatmaq üçün inqilabi hökumət bu metodlardan istifadə etməlidir: ...təbliğat, təşviqat, terrorçuluq, dağıdıcı təşkilatlar yaradılması...". Başqa bir maddədə isə göstərilir: "Hər hansı bir şəraitdə türkləri və kürdləri öldürməli, erməni satqınlarına da aman verməməli".

Məşhur alman jurnalisti Vilhelm Libnext "Forvest" qəzetindəki məqaləsində erməni hərəkatının terrorçu təşkilatlarını, ilk növbədə, hələ rəsmi status almamış "Qnçak"ın fəaliyyətinin nəticəsi kimi səciyyələndirmişdir. Bu arada müsəlmanlara qarşı erməni təbliğatı güclənirdi. Belə ki, Tiflisdə nəşr olunan "Mşak" erməni qəzetinin redaktoru müsəlmanlara təklif edirdi ki, yaşadıqları yerlərdən köçüb getsinlər, "Ərəbistan səhralarında məskunlaşsınlar".

XX əsrdə "Daşnaksütyun" partiyası tərəfindən yaradılan bir sıra terror qruplarının fəaliyyəti keçən əsrin 70-80-ci illərində daha da genişləndi, 1975-ci ildə İrəvanda yaradılan "Ermənistanın azadlığı uğrunda gizli erməni ordusu" (ASALA) adlı təşkilatın üzvləri həmin dövrdən başlayaraq Türkiyədə və Avropa ölkələrində bir sıra terror aktları törədiblər və nəticədə yüzlərlə günahsız insan erməni terrorizminin qurbanı olub. Qərargahı Beyrutda, təlim-məşq bazaları isə Suriyada yerləşən ASALA terror təşkilatının məqsədi Türkiyənin Şərqi Anadolu bölgəsi, Şimali İran və Azərbaycanın Naxçıvan və Qarabağ əraziləri üzərində "böyük Ermənistan" qurmaqdır. Yarandığı vaxtdan təşkilat əsasən Türkiyə və Azərbaycan vətəndaşlarına qarşı terror aktları həyata keçirir.

SSRİ dağıldıqdan sonra müstəqillik qazanmış Ermənistan Respublikası dövlət səviyyəsində terroru dəstəkləyərək terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirdi. Çoxsaylı faktlar, məhkəmə materialları sübut edir ki, Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən nəqliyyat vasitələrində törədilən terror aktları Ermənistan hökuməti tərəfindən maliyyələşdirilərək, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən həyata keçirilirdi. 90-cı illərin əvvəllərində Ermənistanın rəsmi dairələri "Daşnaksütyun", ASALA, MAQ, "Erməni birliyi", "Erməni Azadlıq cəbhəsi" və digər məşhur erməni terror təşkilatları fəallarının reabilitasiyası məqsədilə genişmiqyaslı kampaniyaya başlamış, onlara sığınacaq verməklə yaşayış və fəaliyyətləri üçün şərait yaratmış, müvafiq maliyyə dəstəyi göstərmişlər.

1983-cü ilin iyul ayında Parisdə Orli aeroportunda 8 nəfərin ölümü və 60 nəfərin yaralanması ilə nəticələnmiş terror aktına görə ömürlük həbs cəzasına məhkum edilmiş terrorçu Varoçyan Qarabedyanın azad olunması üçün Ermənistanda dövlət səviyyəsində imzatoplama kampaniyası keçirilmiş, 2001-ci ildə Fransa məhkəməsi tərəfindən azad olunan terrorçu Ermənistanda sığınacaq tapmışdır. Eləcə də digər terrorçular da aldıqları cəzalardan azad edilmiş və Ermənistana dönmüşlər. Məşhur terrorçu, "Daşnaksütyun" partiyasının "Dro" terror qrupunun üzvü Qrant Markaryan Qarabağda terrorçu dəstələri yaradanlardan və Ermənistandan gətirilən silahlar vasitəsilə buradakı terrorçu qrupların silahlandırılmasında fəal iştirak edənlərdən biri olmuşdur.

1981-ci ildə Parisdə Türkiyə səfirliyinə basqının təşkilatçısı, 1992-ci ildə İrəvandan Xankəndiyə göndərilən Vazgen Sislyan azərbaycanlılara qarşı terror aktlarının keçirilməsində fəal iştirakına görə prezident Robert Köçəryan tərəfindən "Qarabağ müharibəsinin qəhrəmanı" adına layiq görülüb.

2020-ci il sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev demişdir: "Ermənistan BMT Nizamnaməsini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edərək, Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etmişdir. Bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənistan azərbaycanlı mülki şəxslərə qarşı insanlıq əleyhinə cinayətlər törətmişdir. Torpaqlarımızın işğalına görə məsuliyyətdən yayınmaq məqsədilə Ermənistan həmin ərazilərdə cinayətkar, terrorçu, qondarma rejim yaratmışdır". Dövlət başçısı 1992-ci ildə Ermənistanın Xocalı soyqırımını törətdiyini də bildirib və əlavə edib ki, soyqırımı nəticəsində Xocalının 613 dinc sakini qətlə yetirilib. Prezident İlham Əliyev, həmçinin Ermənistanın Azərbaycanla sərhədboyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə aldığını, təxribatlar törətdiyini də bildirib.

Ermənistanın Azərbaycana qarşı terroru davam edir. Vətən müharibəsindən nəticə çıxarmayan düşmənə Azərbaycan bu dəfə daha sərt cavab verəcək. Onlar revanş haqqında düşünürsə dəmir yumruğumuzu bir daha görəcəklər.

Azərbaycan bölgədə yeni reallıqlar formalaşdırır. Bu reallıqlar sülhə, əmin-amanlığa söykənir.

Zümrüd QURBANQIZI,

"Respublika".