Ermənistan sülhə məcbur edilməlidir
Digər xəbərlər

Ermənistan sülhə məcbur edilməlidir

Sentyabrın 12-dən 13-nə keçən gecə Azərbaycan-Ermənistan sərhədində ermənilər tərəfindən törədilən genişmiqyaslı hərbi təxribat bir daha Ermənistan rəhbərliyinin ikiüzlü, riyakar, revanşist siyasət yeritdiyini sübuta yetirdi.

Azərbaycan 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın bütün bəndlərinə uyğun olaraq öz üzərinə düşən öhdəlikləri yerinə yetirir. Ermənistan isə iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər dəfə müxtəlif bəhanələrlə üzərinə düşən öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır.

Bu səbəbdən 13 sentyabr təxribatı qətiyyən təsadüfi epizod hesab oluna bilməz. Əksinə, son vaxtlar erməni təxribatları davamlı olaraq təkrarlanır və onların əhatə dairəsi də genişlənir. Azərbaycanın bütün bu təhdidlərə dərhal cavab verməyə hər zaman hazır olması, ən əvvəl iki məsələdə - ölkənin hərbi qüdrətinin artırılmasında və milli həmrəyliyinin gücləndirilməsində özünü göstərməlidir. Bu gün Azərbaycana qarşı edilən həmlələr sadəcə silahlı dəstələr, hərbi təxribatlarla həyata keçirilmir. Düşmən xalqımızın mənəvi-siyasi birliyini sarsıtmaq üçün də ciddi səylət göstərir, ideoloji diversiyalar hazırlayır. Çox təəssüflər olsun ki, bu ideoloji müharibədə özünü azərbaycanlı adlandırıb faktiki olaraq düşmən sırasında dayananlar da var. Bu isə onların xəyanətkar xislətinin ifadəsindən başqa bir şey deyildir. Belə insanlar Vətən hissindən, mənəviyyat duyğusundan uzaqdırlar. Bu cür xəyanətkarların Azərbaycan adına heç bir aidiyyəti yoxdur.

Azərbaycan azad edilmiş torpaqlarda yenidən şəhərlər, kəndlər salır ki, 30 il yurd həsrətilə yaşamış insanlarımız öz dədə-baba torpaqlarına qayıtsınlar. Belə olan halda isə həmin insanların təhlükəsizliyini təmin etmək dövlətin bir nömrəli vəzifəsidir. Bu məqsədlə biz ilk növbədə Ermənistanla sərhəd boyunca mövqelərimizi möhkəmləndirməliyik. Azərbaycan ordusu ərazilərimizi gələcək təcavüzlərdən qorumaq üçün möhkəm istehkamlar qurmalıdır. Elə sonuncu - sentyabrın 13-də keçirilən antiterror əməliyyatlarının gedişində qəhrəman Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklər də ilk növbədə bu məqsədlərə xidmət edir.

Tural QASIMLI,

YAP Şamaxı Rayon Təşkilatının sədri.