Ermənistan sərhədlərin delimitasiyasında manipulyasiya edir
Siyasət

Ermənistan sərhədlərin delimitasiyasında manipulyasiya edir

"Ermənistan ilə Azərbaycan arasında sərhəd delimitasiya edilməyib. Buna görə biz dəfələrlə açıq bildirmişik ki, delimitasiya prosesinə təxirə salınmadan başlamağa hazırıq". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev 2021-ci il noyabr ayının 26-da Soçidə keçirilən üçtərəfli görüş zamanı səsləndirmişdir. Görüşdə Rusiya Prezidenti Vladimir Putin regionda vəziyyətin normallaşması və yaxın zamanlarda nəqliyyat kommunikasiyalarının işə salınması üçün zəruri tədbirlərin görüləcəyini bildirmiş, sərhədlərin tanınmasında nəinki Azərbaycan və Ermənistanın, Rusiya və eləcə də böyük əmtəə dövriyyəsinə malik olan digər qonşu ölkələrin də maraqlı olduğunu qeyd etmişdir. Rusiya Federasiyasının Prezidenti sərhədlərin delimitasiyası və demarkasiyası işlərinin yaxın vaxtlarda nizama salınması barədə razılığa gəlindiyini və sovet ittifaqı dönəmində sərhədlərin dəqiq müəyyənləşdirilməməsinin məsələnin həllini çətinləşdirməsinə baxmayaraq bunu həyata keçirmək üçün imkanların olduğunu demişdir.

Azərbaycan Prezidenti İlham Əliyev İkinci Qarabağ müharibəsindən sonra istər Soçidə, istər Brüsseldə, o cümlədən iştirak etdiyi bütün beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarında verdiyi müsahibələrində regionda təhlükəsizliyin təmin olunması üçün iki ölkə arasında münasibətlərin normallaşmasının, ölkəmizin 5 baza prinsipi əsasında sülh təklifinin dəstəklənməsinin və sərhədlərin delimitasiya və demarkasiyasının vacibliyini vurğulamışdır. Bu baxımdan, Qarabağ bölgəsində azərbaycanlı və erməni xalqının dinc yanaşı yaşamasını mümkün hesab edən Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində öz ərazi bütövlüyünü bərpa etmək niyyətindədir.

Fevralın 18-də keçirilən, dünyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ən aparıcı forum olan Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşdən sonra televiziya kanallarına müsahibə verərkən dövlət başçımız görüşün konstruktiv keçdiyini və Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müəyyən şərtlərin müzakirə olunduğunu bildirmişdir. Sülh müqaviləsinin beynəlxalq hüquq normaları çərçivəsində tərtib olunması, Azərbaycanın daxili işi olan Qarabağ məsələsi ilə bağlı hər hansı bir müddəanın sülh gündəliyinə salınmaması barədə mövqeyini bildirən Prezident İlham Əliyev həmçinin Ermənistan-Azərbaycan sərhədində ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrinin yaradılmasının labüd olduğunu vurğulamışdır. Ölkə başçımız Azərbaycan tərəfin bu barədə rəsmi təklif verdiyini də bildirmişdir: "Amma ilkin təəssüratımız belədir ki, həm Avropada, həm Amerikada bizim bu təklifimiz məntiqli hesab olunur. Bu, hər iki ölkə arasındakı əlaqələrin normallaşmasında da, əlbəttə ki, önəmli amildir. Çünki biz sərhədlərin delimitasiyası haqqında danışırıqsa, nəzarət-buraxılış məntəqələri olmadan bu, mümkün deyil. Biz kommunikasiyaların açılması haqqında danışırıqsa, əlbəttə ki, həm Zəngəzur dəhlizinin hər iki başında, eyni zamanda, Laçın rayonu ilə Ermənistan arasındakı sərhəddə nəzarət-buraxılış məntəqələri yaradılmalıdır. Bu gün dövlət katibi Blinkenin iştirakı ilə keçirilən görüşdə mən bunu rəsmən təklif kimi irəli sürdüm. Ermənistan tərəfindən cavab gözləyəcəyik".

Azərbaycan Prezidentinin bu təklifi konfrans iştirakçıları tərəfindən sağlam və konstruktiv qərar kimi qəbul edilsə də, Ermənistan Brüsseldə bu təklifə heç bir reaksiya vermədi. Konfransdan iki gün sonra isə xarici işlər naziri Ararat Mirzoyan sərhəd-buraxılış məntəqələrinin yaradılması təklifinin onlar üçün məqbul olmadığı barədə fikir səsləndirdi. Görünür, Azərbaycanla sərhədlərinin müəyyən edilməsi Ermənistanın ürəyincə deyil. Birincisi ona görə ki, düşmən ölkə Laçın yolundan sui-istifadəyə davam etməkdə hələ də maraqlıdır. Digər tərəfdən isə Ermənistan konstruktiv dialoqdan həmişə olduğu kimi yayınır. Çünki sərhədlərin delimitasiyası düşmənin işğalçılıq siyasətini bir daha ortaya qoyacaq ən önəmli faktdır. Belə ki, 44 günlük müharibədən tutmuş son 3 il ərzində Ermənistanla sərhəddə törədilən təxribatların hansı ölkənin ərazisində aparıldığı bir daha təsdiq olunacaq. Elə 44 günlük İkinci Qarabağ müharibəsində də Azərbaycan bütün dünyaya bəyan etmişdir ki, Azərbaycan ordusu öz tarixi torpaqlarında işğalçılarla döyüşür. Bu baxımdan, sərhədlərin delimitasiyası ermənilərin işinə yaramasa da, ərazi bütövlüyümüz və sərhədlərimizin toxunulmazlığı dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətin əsasında dayanır. O ki qaldı Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasına, Azərbaycanın suveren ərazisində nəyi, necə etməsi onun daxili işidir.

Mehparə ƏLİYEVA,

"Respublika".