Ermənistan rəhbərliyinin timsah göz yaşları
Digər xəbərlər

Ermənistan rəhbərliyinin timsah göz yaşları

Ermənistanın Laçın və Kəlbəcər rayonlarını atəşə tutmasının əsas səbəbi müharibədən sonra üzərinə götürdüyü öhdəlikləri icra etmək istəməməsidir. Hər bir hadisəyə obyektiv qiymət vermək üçün həmin hadisənin motivlərinə diqqət çəkmək lazımdır. Son Brüssel görüşündə  hər iki ölkənin xarici işlər nazirlərinin bir ay müddətində sülh müqaviləsinin mətni üzərində iş aparılması, sərhədlərin delimitasiya, demarkasiya məsələlərinə, kommunikasiyaların bərpasına başlanılması barədə razılığa gəlinmişdir. Təbii, bu razılaşmalar Azərbaycanın təklif etdiyi sülh sazişinin 5 prinsipinə uyğundur və bizi qane edir. Əlavə olaraq Prezident İlham Əliyevin  5 erməni əsirini Ermənistana qaytarması da Azərbaycanın daha bir humanist addımıdır.

Lakin Paşinyan Azərbaycanın xeyirxah addımını qiymətləndirmək əvəzinə Vladivostokda keçirilən iqtisadi forumda 180 dərəcə mövqeyini dəyişdi.

Şarl Mişelin vasitəçiliyi ilə növbəti, beşinci görüş noyabr ayında keçirilməli idi. Əvvəlki görüşlərin nəticələrinə görə, Paşinyan başa düşür ki, nizamlanma proseslərində Avropa İttifaqı ilə Azərbaycanın baxışları üst-üstə düşür. Azərbaycan tərəfinin mövqeyi beynəlxalq hüquqa, ədalətə söykənir. Hətta ən qərəzli, ermənipərəst təşkilatlar belə bunu inkar edə bilməz.  Belə olan halda, Ermənistanın manevr imkanları qalmır və ölkəsi faktlar qarşısında aciz duruma düşüb.

Ona görə də diqqəti əsas məsələdən yayındırmaq üçün çıxış yolunu genişmiqyaslı təxribatlarda gördülər. Əfsuslar olsun ki, şəhidlərimiz oldu. Ancaq Müzəffər Ordumuz onların intiqamını artıqlaması ilə aldı. Düşmənin yüzlərlə canlı qüvvəsi, hərbi bazaları məhv edildi, əsir götürüldü. Ermənistanın havadan müdafiə sistemləri, ağır texnikası, müxtəlif çaplı silahları sıradan çıxarıldı və müdafiə infrastrukturu darmadağın edildi.

Düşmən növbəti dəfə Azərbaycan Ordusunun, Azərbaycan dövlətinin  gücünü gördü. Məhz, bunun nəticəsidir ki, Ermənistan gah KTMT-yə, gah BMT-yə, bütün beynəlxalq təşkilatlara, böyük dövlətlərə yalvarmağa başladı ki, Azərbaycan hücuma keçib, bizi xilas edin. Görünən odur ki, dünya artıq Ermənistan rəhbərliyinin timsah göz yaşlarından bezib.

Baş verənlər onu göstərir ki, müharibədən iki il keçməsinə baxmayaraq, Ermənistan tərəfi ağıllanmır və təxribatlardan əl çəkmir. Hər vasitə ilə vaxt qazanmaqla yenidən toparlanmağı planlaşdırır. Ona görə də, biz onların vəhşiliklərini unutmamalı, törətdikləri  təxribatlara  on qat artıq cavab verməli, düşmənçilik hərəkətlərinin qarşısını almalıyıq.

Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı.