Ermənistan növbəti dərsini aldı
Siyasət

Ermənistan növbəti dərsini aldı

Praqada keçirilən dördtərəfli görüş Azərbaycanın diplomatik qələbəsidir

"Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq mərkəzlə müzakirə etməyəcəyik". Bu fikirləri Prezident İlham Əliyev oktyabrın 5-də Ağdamda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışı zamanı bildirib. Oktyabrın 6-da isə dövlət başçısı dediyi sözləri beynəlxalq aktorların, güclərin gözü qarşısında Ermənistana və onun himayədarlarına qəbul etdirmiş oldu. 

Belə ki, N.Paşinyan Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu təsdiqlədi. Bu isə öz növbəsində 30 ildən sonra İrəvanın "Dağlıq Qarabağın statusunu müəyyənləşdirən referendum" tələbindən imtina etməsi deməkdir. Beləliklə, hər iki ölkənin 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqları təsdiqləndi. Ortaya belə bir sual çıxır: Bəs bu dəfə Ermənistana etibar etmək olarmı?

Təbii ki, rəsmi İrəvanın əvvəllər olduğu kimi, bu dəfə də manipulyasiyalara davam etməyəcəyi istisna deyil. Çünki yaxın keçmişimiz onu göstərir  ki, məhz 31 il əvvəl  Ermənistan Azərbaycanın ərazilərini məhz Alma-Ata Bəyannaməsindən sonra işğal etmişdi.

Alma-Ata Bəyannaməsi, Alma-Ata müqaviləsi - MDB-nin məqsəd və prinsipləri, əsasları barədə bəyannamədir. Bəyannamədə MDB-nin yaranması ilə SSRİ-nin mövcudluğunu dayandırdığına işarə edən Belovej razılığı 21 dekabr 1991-ci ildə prezidentlərin Alma-Ata görüşündə imzalanmışdır. Ancaq o zaman həmin bəyannaməyə imza atan bütün respublikalar bu işğala səssiz qaldılar, Ermənistanın cinayətlərini kənardan izləməklə kifayətləndilər. 44 günlük Vətən müharibəsindən əvvələ nəzər salsaq görərik ki, bu gün Alma-Ata Bəyannaməsinə sadiqliyini bildirən Ermənistan rəhbərliyi o vaxt "Qarabağ Ermənistandır, nöqtə" deyirdi. Odur ki, Ermənistanın verdiyi bəyanatlara, imza atdığı sənədlərə "sadiqliyi" yalnız Azərbaycanın güclü olduğu təqdirdə keçərlidir. Bu baxımdan, keçmişi, qarşımızdakı dövlətin istənilən boşluqdan istifadə edərək məkrli planlarını yenidən həyata keçirmək, revanş arzusunu gerçəkləşdirmək niyyətini əlsa unutmamalıyıq.

Oktyabrın 6-da  dünyanın diqqəti bu dəfə Çex Respublikasına yönəldi. Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirak etmək üçün Praqada səfərdə olan dövlət başçısı İlham Əliyevin Sammit çərçivəsində keçirdiyi görüşlər, “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı, eyni zamanda, Azərbaycan televiziya kanallarına müsahibəsində  ölkəmizin hazırkı dövrdə  beynəlxalq münasibətlər sistemində artan mövqeyini, Ermənistana ciddi mesajlarını və sair kimi çağırışları  özündə əks etdirən  bəyanatları  ölkə və dünya mətbuatında geniş müzakirə olunur.  Onu da qeyd edək ki, “Avropa siyasi birliyi” qitənin ölkələri arasında siyasi əlaqələndirmə platformasıdır və onun məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir.

Zirvə Toplantısında ümumilikdə 44 ölkənin dövlət və hökumət başçıları iştirak edirdilər. İlk dəfə keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı Avropa ölkələrinin liderlərini bərabərhüquqlu və birlik ruhunda bir araya gətirir. Siyasi politoloqlar dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının və Çex Respublikasının  dəvəti  ilə Zirvə Toplantısında iştirakını, eyni zamanda, yeni siyasi platformanın fəaliyyətə başlamasını postmünaqişə dövrünün reallıqlarının təqdimatı kimi dəyərləndirirlər. O mənada ki, ədaləti və beynəlxalq hüququ xarici siyasətinin prioritet istiqaməti kimi qəbul edən Azərbaycanın qalib ölkə olaraq  yeni reallıqların müzakirəsində iştirakı mütləqdir. Bu, həm də dövlət başçısı  İlham Əliyevin  qətiyyətinin, Azərbaycanı daim  irəli aparmaqla yanaşı, heç bir xarici  qüvvənin ölkəmizin  siyasi iradəsinə təsir etmək gücündə olmadığını, bizimlə ultimatum dili ilə danışmaq imkanının yoxluğunu ən yüksək tribunalardan bəyan edən bir lider olmasının göstəricisidir.

Dünya dövlət başçısı İlham Əliyevin  44 günlük İkinci Qarabağ müharibəsində qətiyyətli mövqeyinin şahidi oldu. Mövqeyindən bir addım belə geri çəkilməyən Müzəffər Ali Baş Komandan  müharibənin dayandırılması ilə bağlı nə qədər təzyiqlər göstərilsə də sonadək gedəcəyini, eyni zamanda, hansı halda müharibənin dayandırılmasının mümkünlüyünü diqqətə çatdırdı. Azərbaycan bu gün dövlət başçısının qətiyyətli mövqeyinin sayəsində dünya birliyinin fəal üzvü olaraq  cərəyan edən proseslərə təsir imkanlarını ortaya qoyur,  bəzi dünya güclərinin Ermənistana dəstəkdən irəli gələn təkliflərini təmkinlə, diplomatik şəkildə  cavablandırır və bununla bir daha  Azərbaycanın siyasətində müstəqil  olduğunu nümayiş etdirir.

Prezident İlham Əliyevin Fransa  Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə 5 saatdan artıq çəkən və 2 hissədən ibarət olan dördtərəfli  görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi, Prezident İlham Əliyevin uğurlu siyasətinin, qətiyyətinin nəticəsidir. Dünya gücləri  tarixi Zəfərimizin reallıqlarını qəbul edir və fəaliyyətlərini bu istiqamətdə qurmaq istəklərini nümayiş etdirirlər.

Politoloqlar Praqada keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını da ehtimal edirdilər. Paşinyan Fransanın da iştirak etdiyi görüşdə özünü  qətiyyətli hiss edir, Fransa tərəfi də açıq şəkildə Ermənistanı dəstəklədiyini gizlətmirdi. Ermənistan və Fransa sərhəddə baş vermiş təxribatlara görə Azərbaycana təzyiq göstərəcəklərini düşünürdülər. Amma Prezident İlham Əliyevin qətiyyəti və prinsipiallığı buna imkan vermədi. Bu görüşdə Azərbaycana qarşı hər hansı bir formada təzyiq cəhdinin qarşısı qətiyyətlə alındı.

Azərbaycan Brüssel gündəliyini həmişə dəstəkləyir, Avropa İttifaqının neytral  vasitəçiliyini  təqdir edir. Dövlət başçısı İlham Əliyev Zirvə Toplantısı çərçivəsində “Avropada sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada  bir daha dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn prinsiplərinin rolunu qeyd etdi, xüsusilə ərazi bütövlüyü prinsipinə diqqət çəkdi. Bu prinsipə münasibətdə eyni yanaşmanın və dövlətlərarası münasibətlərdə onun üstünlük təşkil etməsinin vacibliyini vurğuladı, selektiv yanaşmaların kənara qoyulmasının önəmini diqqətə çatdırdı.

Dördtərəfli formatda keçirilən görüşün  yekununda  qəbul edilən Bəyanatda Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyünü və suverenliyini tanıdı,  BMT Nizamnaməsi əsas sənəd kimi götürüldü. Faktiki olaraq bu o deməkdir ki, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsdiq edildi. Sənəddə diqqətçəkən məqamlardan biri də budur ki, Avropa İttifaqı və Fransanın Azərbaycan ərazilərini də əhatə edəcək birgə sərhəd monitorinq missiyası yaratmaq istəyi də baş tutmadı. Öz suverenliyinə, müstəqil siyasətinə  dəyər verən Azərbaycan buna etiraz etdi. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, sərhəd monitorinq missiyası yalnız Ermənistan ərazisində olacaq. Azərbaycan isə öz maraqlarına uyğun şəkildə missiya ilə əməkdaşlıq edəcək, sərhəd missiyası etimad quruculuğu və sərhədlərin delimitasiyasına töhfə və dəstək verəcək.

Ermənistan sərhəd missiyasına razılıq verməklə  müstəqil dövlət olmadığını bir daha təsdiqlədi. İlk gündən müstəqilliyi formal xarakter daşıyan Ermənistan bu günədək bəzi dünya güclərinin maraqlarının ifadəsində oyuncağa çevrilib. Ermənistanın sərhəd monitorinq missiyasına razılıq verməsi  digər tərəfdən  isə Rusiyaya qarşı yeni  və ciddi bir addımdır.

Praqada dördtərəfli görüşün nəticələri, görüşlər sonrası ortaya çıxan mənzərə deməyə əsas verir ki, Azərbaycan Prezidentinin siyasi-diplomatik səyləri növbəti dəfə böyük səmərə verdi. Ermənistan rəhbərliyinin müxtəlif iddialarla prosesi ləngitmək cəhdləri iflasa uğramaqdadır.

Beləliklə, Ermənistan Praqada növbəti dərsini aldı. Hətta himayədarının danışıqlar prosesində yanında olması da heç nəyi dəyişdirə bilmədi. 30 il danışıqlar prosesinə imitasiya naminə qatılan Ermənistana bu addımı atmaqda dəstək verən bəzi güclər artıq postmünaqişə dövrünün reallıqları fonunda bunu etmək imkanında deyillər. Azərbaycan sülh müqaviləsini təklif etdiyi andan onun uzun müddət masa üzərində qalmayacağını bəyan etdi.  Brüssel və Praqa dərsləri Ermənistana düşünmək üçün daha bir çağırışdır. Artıq bu dərsdən düzgün nəticə çıxarmağın vaxtı çatıb.

Zümrüd QURBANQIZI,

“Respublika”.