Ermənistan düşmənçilik xislətindən əl çəkməlidir
Digər xəbərlər

Ermənistan düşmənçilik xislətindən əl çəkməlidir

Ermənistanın növbəti təxribatı bir daha bütün dünyaya göstərdi ki, bu ölkənin hərbi-siyasi rəhbərliyi hələ də mövcud vəziyyəti dərk etmir və düşmənçilik xislətini davam etdirir. Əlbəttə, bizim kifayət qədər gücümüz var ki, onlara həmişə artıqlaması ilə cavab verək. Ancaq bu cür yanaşma ilk növbədə sülh prosesinə təsir edir. Sentyabrın 12-də və 13-də Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribat nəticəsində bu ölkə növbəti dəfə ağır itkilərə məruz qaldı.

Azərbaycan həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri nəzarətə götürdü. Artıq nə indi, nə də gələcəkdə Ermənistan Azərbaycana heç bir real təhlükə yarada bilməyəcək. Ermənistanın xeyli sayda hərbi texnikası, milyarddan artıq dəyəri olan iki S-300 raketi, 200 nəfərə yaxın canlı qüvvəsi, çoxlu sayda hərbi obyekti və onlarla postu məhv edildi. Ermənistanda yüzlərlə yaralı var. Düşmənin ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağı bir daha aydın göründü. Azərbaycan Ordusu cəmi 7 saat davam edən unikal cavab əməliyyatı gerçəkləşdirməklə qonşu ölkənin uzun müddətdir qurduğu planları alt-üst etdi. Ermənistan başa düşməlidir ki, kiməsə, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz.

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinin, mövcud vəziyyəti öz xeyrinə dəyişdirmək cəhdinin nəticəsidir. Bəlli olduğu kimi, son bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı. Məhz bu cür halların fonunda sentyabrın 12-də gecə saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində törətdiyi genişmiqyaslı hərbi təxribat, həmçinin bu təxribatdan sonra erməni informasiya maşınının yenidən yalan məlumatlar, dezinformasiyalar yayması düşmən ölkənin hansı məqsəd güddüyünü ortaya qoydu.

Baş verənlər Ermənistanın sülh istəmədiyini təsdiqləyir. Xarici ölkələrdəki danışıqlar zamanı sülhpərvər dona girən Ermənistan rəhbərliyi reallıqda tamamilə başqa addımlar atır. Əslində, bu, sırf Ermənistan dövlətinə və hakimiyyətinə xas olan ikiüzlü siyasətdir. Bunun başqa adı yoxdur. Çünki Nikol Paşinyan Moskvada, Brüsseldə keçirilən görüşlərdə sülhdən danışır, guya sülhün imzalanması üçün çalışdığı görüntüsünü yaradır. Amma realda təxribatçı addımları davam etdirir. Bu adam xarici ölkələrə səfər edərək orada həm öz dağılmış siyasi imicini bərpa etmək üçün ayrı-ayrı dövlətlərin rəhbərlərindən dəstək istəyir, həm də müharibədə darmadağın olmuş Ermənistan ordusunun yenidən dirçəldilməsi üçün yardımlar xahiş edir. Əslində, hər iki halda məqsəd aydındır. Qərbin bəzi imperialist, regionda əbədi sülhün əldə edilməsinə qarşı olan mərkəzlərinin və dövlətlərinin yanaşmasından ürəklənən Ermənistan yenidən müharibəyə səbəb olacaq təxribatlara baş vurur.

Faktiki olaraq sentyabrın 12-də və 13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə analogiya təşkil edir. Azərbaycan növbəti dəfə Ermənistanın hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı. Sadəcə olaraq 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə respublikamızın əraziləri işğal altındaydı. Bu gün isə ordumuz Azərbaycanın dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verir.

Bu cəhdlər əbəsdir. Ermənistan bölgədə sülh və sabitliyə hədə törətməklə özünü daha da çıxılmaz dalana salır. Nə qədər gec deyil, bu yoldan qayıtmalıdırlar. Əks halda, Ermənistan dövlətinin taleyi sual altında qalacaq.

Vüqar İSKƏNDƏROV,

Milli Məclisin deputatı.