Ermənipərəst mövqeyi ilə Fransa işğalçı ölkəyə dəstək verir
Siyasət

Ermənipərəst mövqeyi ilə Fransa işğalçı ölkəyə dəstək verir

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazda yeni reallıqlar yaratdı. Qazanılan möhtəşəm Zəfər  ilə ölkəmiz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını təmin etdi. Tarixi ədalət bərpa olundu. Artıq Azərbaycan öz xarici siyasətində bəzi məsələlərdə yeni yanaşma tətbiq edir. Prezident İlham Əliyev Azərbaycan dövlətinin və xalqının milli maraqlarının təmin olunması üçün bütün ikitərəfli və çoxtərəfli görüşlərdə sülh, əmin-amanlıq, firavan gələcək barədə qətiyyətli mövqeyini ortaya qoyur.

Noyabrın 25-də ADA Universitetində "Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Fransanın anti-Azərbaycan və sülh prosesinə zərbə vuran davranışları barədə danışan Prezident İlham Əliyev bildirib ki, Fransa Milli Assambleyasında qəbul olunan anti-Azərbaycan qətnamələrdən daha çox Frankofoniya Təşkilatının Bakıya qarşı aqressiv mövqe sərgiləməsi diqqət çəkir. Fransa hakimiyyəti ermənipərəst olduğu üçün ölkənin təsisatları da prezident Emmanuel Makronun diktəsi ilə Azərbaycana qarşı qərarlar qəbul edirlər. Bu məqam bir daha göstərir ki, Fransanın nəzarəti altında olan təşkilat müstəqil və obyektiv qərar verə bilmir. Bir sözlə, təşkilatın fransız dili və mədəniyyəti ilə bağlı hədəfləri yaddan çıxıb. Çünki Fransa və Ermənistan BFT-ni Azərbaycana qarşı platformaya çevirib. Əgər belə olmasaydı, böyük və kiçik bacı Cənubi Qafqaz regionunda sülhü təhdid edən hər cür təxribata əl atmazdılar.

Fransa Senatının qəbul etdiyi qətnamə sülh prosesinə mane olmaqla yanaşı, həm də işğalçı ölkəyə dəstəkdir. Fransa  Senatının və Milli Assambleyasının, eləcə də bu ölkənin bir sıra siyasi dairələrinin uzun illər davam edən və son dövrdə daha da kəskinləşən açıq irqçi, azərbaycanofob, türkofob və islamofob fəaliyyətinə, ümumiyyətlə, ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı qərəzli və ədalətsiz addımlarının intensivləşməsinə etiraz olaraq Azərbaycan Respublikasının Milli Məclisi bəyanat  qəbul edib. Milli Məclisin Fransanın davamlı anti-Azərbaycan fəaliyyətini nəzərə alaraq qəbul etdiyi bəyanat Azərbaycanın milli maraqlarını əks etdirir, habelə  ölkəmizə qənim kəsilən qüvvələrə açıq xəbərdarlıqdır.

Bəyanatda qeyd olunur ki, Fransa Parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə indiyədək qəbul edilmiş qətnamələr, o cümlədən Fransa Senatının 2022-ci il noyabrın 15-də qəbul etdiyi qətnamə və Fransa Milli Assambleyasının bu yaxınlarda səsverməyə çıxarmağa hazırlaşdığı qətnamə Fransa ilə Azərbaycan arasında ikitərəfli öhdəlikləri, xüsusilə də Azərbaycan Respublikası ilə Fransa Respublikası arasında 1993-cü il dekabrın 20-də imzalanmış "Dostluq, qarşılıqlı anlaşma və əməkdaşlıq haqqında" Müqaviləni pozur. Sözügedən müqavilənin 2-ci maddəsinə uyğun olaraq tərəflər öz üzərinə beynəlxalq təhlükəsizliyin təmin edilməsi, münaqişələrin qarşısının alınması və dövlətlərarası münasibətlərdə beynəlxalq hüququn aliliyinin təmin olunması üçün sərhədlərin pozulmazlığı prinsipləri əsasında səylərini birləşdirəcəklərinə dair öhdəlik götürmüşlər.

Fransada fəaliyyət göstərən radikal erməni qruplarının dəfələrlə Azərbaycanın Parisdəki Səfirliyi qarşısında cinayət əməlləri törətməsi və Fransa tərəfinin bunun qarşısını almaq üçün heç bir tədbir görməməsi onun erməni vandalizmini himayə etdiyini, Azərbaycana qarşı açıq diskriminasiyaya yol verdiyini bir daha sübut edir. Cənubi Qafqaz regionunun və bütövlükdə Avropanın təhlükəsizliyi üçün təhdid törətmiş, Azərbaycanın qətiyyətli səyləri ilə artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin 30 ilə yaxın bir müddətdə həll edilməməsinin əsas səbəblərindən biri də danışıqlar prosesində beynəlxalq vasitəçi rolunu oynamış bəzi dövlətlərin, xüsusən Fransanın Ermənistanın işğalına əsaslanan status-kvonu qoruyub saxlamağa çalışması olmuşdur.    

BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvü kimi beynəlxalq səviyyədə tanınmış ərazilərimizin 20 faizinin 30 ilə yaxın davam edən işğalına göz yuman, səs verdiyi qətnamələrin icrasını Ermənistandan tələb etməyən Fransanın delimitasiya olunmamış Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı toqquşmada Ermənistanın suverenliyinin pozulmasını iddia etməsi riyakarlıqdır. Fransanın həm danışıqlarda yer alaraq tamamilə başqa bir gündəliyi müzakirə etməsi, eyni zamanda sonradan müxtəlif vasitəçilərlə yalandan Azərbaycanı işğalda ittiham etməsi, bu məsələlərdə artıq başqa maraqların ortaya çıxması siyasi riyakarlıq, habelə bir siyasətçi kimi Prezident Emmanuel Makronun Azərbaycan-Fransa münasibətlərinə qarşı etdiyi xəyanət, hörmətsizlikdir. Bütün bunlar Fransanın həmsədr olmasını şübhə altına alır. Azərbaycanın səyləri nəticəsində bu gün yeni reallıq yaranıb. Fransa yaranmış vəziyyətlə barışmalı, ikili yanaşmaya son qoymalı, haqqın tərəfində dayanmalıdır. Azərbaycana qarşı bu ittihamları səsləndirən Fransanın özünün keçmişi insanlığa qarşı çoxsaylı cinayətlərlə zəngindir. Fransanın 50-dən çox ölkəni işğal edərək öz müstəmləkəsinə çevirməsi, ölkələrin sərvətlərini talaması, xalqlara qarşı soyqırımı, insanlığa yaraşmayan ciyanətlər törətməsi tarixi faktdır.

Azərbaycan Prezidenti Parisin Bakıya qarşı həyata keçirdiyi digər pozucu əməllərdən də danışıb. Ölkə başçısının söylədiyi  fikirlər belə deməyə əsas verir ki, rəsmi Paris İrəvan və Bakı arasında davam edən sülh prosesinin pozulması üçün sistemli iş aparır. Belə ki,  Prezident Fransa lideri Emmanuel Makronun dekabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi planlaşdırılan görüşdə iştirak edəcəyi təqdirdə, Brüssel danışıqlarının baş tutmayacağını deyib: "Dekabrın 7-də Brüsseldə görüşün keçirilməsi nəzərdə tutulurdu. Lakin dünən Hikmət Hacıyev mənə məlumat verdi ki, onunla Şarl Mişelin ofisindən əlaqə yaradılıb. Bildirilib ki, Ermənistanın baş naziri həmin görüşə yalnız orada Fransa Prezidenti Emmanuel Makronun iştirak edəcəyi təqdirdə razılıq verə bilər. Bu isə o deməkdir ki, həmin görüş baş tutmayacaq".

Onu da qeyd etmək lazımdır ki, Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan və Ermənistan arasında sülhün əldə olunmasında uğursuz vasitəçi olduğu  Avropada çoxdan etiraf edilib. Fransanın sülh prosesini pozmağa cəhd göstərdiyini açıq şəkildə dilə gətirən Prezident İlham Əliyev Brüssel formatının ləğv oluna, başqa alternativlərin nəzərdən keçirilə biləcəyinə işarə edib. "Bütün bunlar nəzərə alınsa, aydındır ki, Fransa sülh danışıqlarında iştirak edə bilməz. Bu, bizim deyil, onların günahıdır. Çünki heç vaxt nə ABŞ, nə də Rusiya rəsmi səviyyədə tərəfkeşlik etməyib. Bu, o deməkdir ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik. Görək, vasitəçi rolunu kim həyata keçirəcək və bu, hansı platformada baş tutacaq?".

M.MUSTAFAYEV,

"Respublika".