Ermənilərin yalançı manevrlərinə artıq yer yoxdur
Siyasət

Ermənilərin yalançı manevrlərinə artıq yer yoxdur

BMT Təhlükəsizlik Şurasının müzakirələrində Ermənistan gözlədiyi nəticəni əldə edə bilmədi

Azərbaycanın dinamik inkişafı, beynəlxalq arenada ardıcıl uğurları, diplomatiyamızın yüksək fəallığı, dünya ölkələri ilə təmasların, əməkdaşlıq əlaqələrinin daha da genişlənməsi, Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinə dünyada olan böyük hörmət və etimad Ermənistan rəhbərliyini, erməni lobbisini qıcıqlandırır və bərk narahat edir. Buna görə də, onlar həm siyasi, həm də hərbi sahədə davamlı təxribatlara əl ataraq Azərbaycan hakimiyyətini nüfuzdan salmaq, ölkəmizdə daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmək istəyirlər. Amma göründüyü kimi, bütün bu cəhdlər əks-effekt yaradır. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açır. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücum diplomatiyası sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşür, onun işğalçı, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə edən ölkə olmasından dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olur. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar dünyanı aldatmağa xidmət edən yalançı manevrlərinə artıq yer qalmamışdır.

Prezident İlham Əliyevin qətiyyətli və prinsipial mövqeyi hərb meydanında olduğu kimi, diplomatiya sahəsində də uğurlarımızı şərtləndirir. Vətən müharibəsinin 44 günü ərzində dövlətimiz beynəlxalq hüquq prinsiplərini, xüsusilə BMT Nizamnaməsinin 51-ci maddəsini rəhbər tutub öz ərazilərini azad etmək hüququndan istifadə edərək uğurlu və genişmiqyaslı əks-hücum əməliyyatları keçirdi. Torpaqlarını azad etməklə yanaşı, həm də BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilməmiş qalan 874 və 884 saylı qətnamələrini özü icra etdi.

Azərbaycanın hərbi-diplomatik qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsinin nəticəsində noyabrın 20-də Ağdamın və 25-də Kəlbəcərin işğaldan azad edilməsi noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müvafiq maddəsinin yerinə yetirilməsini, eləcə də münaqişənin hərbi-siyasi həllini müəyyənləşdirdi. Bununla yanaşı, Prezident, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il yerinə yetirilmənmiş qalan, eləcə də işğalçı qüvvələrin Azərbaycan Respublikasının Kəlbəcər və Ağdam rayonlarından çıxmasını nəzərdə tutan 822 və 853 saylı qətnamələr də məhz Azərbaycanın şərtləri ilə icra edildi. Bunun davamı olaraq üçtərəfli Bəyanatın müvafiq maddəsinə əsasən Ermənistan silahlı qüvvələrinin 2020-ci il dekabrın 1-dən Laçın rayonundan çıxması Azərbaycanın hərbi-diplomatik uğurlarının nəticəsi kimi qiymətləndirildi.

BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirməkdən imtina edən Ermənistan beləliklə, zəbt etdiyi torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxladı, işğal dövründə nəzarətində olan ərazilərdə hər şeyi dağıdıb viran qoydu. Vətənimizin o dilbər guşələrini cəhənnəmə döndərdi. Bunu indi bütün dünya görür. Bütün bunların fonunda ermənilər Azərbaycana qarşı iftira, böhtan, yalanlarını davam etdirir, döyüş meydanında quzuya döndükləri halda, diplomatik müharibədə özlərini daha aqressiv aparırlar.

Bu il sentyabrın 12-si və 13-də Azərbaycanla dövlət sərhədi boyunca genişmiqyaslı hərbi təxribat törədən Ermənistan silahlı qüvvələri müxtəlif istiqamətlərdə ordumuzun bölmələrinin mövqeləri və təlimat yolları arasında minalar düzmüş, Daşkəsən, Kəlbəcər və Laçın istiqamətində yerləşən obyektləri intensiv atəşə tutmuşdu. Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun bu təxribatına müvafiq cavab vermişdir. Bu hadisələrlə əlaqədar sentyabrın 15-də BMT Təhlükəsizlik Şurasında Azərbaycan-Ermənistan sərhədində yaranmış vəziyyətlə bağlı iclas keçirilib və iclasda Ermənistanın BMT-dəki daimi nümayəndəliyi guya Azərbaycanın Naxçıvan tərəfdən Ermənistana "yeni zərbə hazırlamaq" istədiyi barədə yalan məlumat yayıb.

Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasının iclasındakı çıxışında toplantı iştirakçılarına son eskalasiya barədə ətraflı və faktlara əsaslanan məlumat verib, erməni tərəfinin uydurma təhrikçi bəyanatlarına aydınlıq gətirib. O qeyd edib ki, iki ölkə arasında şərti dövlət sərhədi boyunca hərbi eskalasiya Ermənistanın təhrikilə, münaqişədən sonrakı dövrdə müvafiq beynəlxalq subyektlərin fəal iştirakı ilə həyata keçirilən normallaşdırma prosesini pozmaq məqsədilə Ermənistan tərəfindən törədilib. Azərbaycanın daimi nümayəndəsi vurğulayıb: "Biz Ermənistan nümayəndəsinin dediklərini qətiyyətlə təkzib edirik. Standart uydurmalar, təhriklər və yalanlarla dolu bu sözlər Ermənistanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməkdən və bizim regionda sülhə, sabitliyə və əməkdaşlığa kömək etməkdən nə qədər uzaq olduğunu göstərir". O deyib ki, paradoksal faktdır: Belə ki, Ermənistan Azərbaycanın suveren ərazilərini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Azərbaycana qarşı təcavüz edən, kütləvi etnik təmizləmələr aparan, müharibə dövründə digər çirkin cinayətlər törədən Ermənistan indi özünün daim pozduğu norma və prinsiplərdən ağızdolusu danışır, sonsuzadək cəzasız qalacağına ümid bəsləyərək qətnamələrini yerinə yetirməkdən imtina etdiyi Təhlükəsizlik Şurasına müraciət edir.

Azərbaycanın daimi nümayəndəsi öz çıxışında beynəlxalq birliyi bu prosesə öz töhfəsini verməyə çağırış edərək bildirib ki, onsuz da delikat olan vəziyyəti daha mürəkkəbləşdirən birtərəfli hərəkətlərdən və bəyanatlardan çəkinmək lazımdır. Həmçinin, vurğulayıb ki, dövlət sərhədində eskalasiya yeganə insident deyil, son aylarda Ermənistanın sabitliyi pozan hərəkətləri zəncirin növbəti halqası idi. Avqustun 3-də Ermənistan Azərbaycanın Laçın rayonu istiqamətində hərbi təxribatlara əl atıb, Azərbaycanın BMT yanında diplomatik missiyası bu barədə Təhlükəsizlik Şurasına öz məktubunda məlumat verib.

Avqustun 31-də Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyilə Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşündən sonra, sentyabrın 2-dən başlayaraq Ermənistan silahlı qüvvələri Kəlbəcər və Laçın rayonları istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə atəşi getdikcə gücləndirib, nəhayət sentyabrın 12-də geniş hərbi təxribatlara başlayıb. Azərbaycan tərəfi adekvat əməliyyat keçirməyə məcbur olub.

Ermənistan siyasi və hərbi təxribatlara əl atmaqla iki ölkə arasında əldə edilmiş razılaşmaların yerinə yetirilməsindən yayınmağa, dövlətlərarası münasibətlərin normallaşması prosesini pozmağa, ikitərəfli məsələlərin həllinə üçüncü tərəfləri cəlb etməyə, öz ərazi iddialarını və revanşist məqsədlərini dəstəkləmək üçün gərginliyin coğrafiyasını genişləndirməyə çalışır.

Ermənistanın növbəti genişmiqyaslı təxribatı ilə bağlı məsələnin BMT-nin Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarılması zamanı Ermənistan BMT-yə təqdim etdiyi illik hesabatına qondarma "DQR"in hesabatını da əlavə edib. Bununla da, BMT-nin İnsan Hüquqları Şurası öz nizamnaməsindən kənara çıxıb. Eyni zamanda, BMT-nin bu təxribata imkan yaratması BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə də ziddir.

Doğrudur, ermənilərin havadarlarının dəstəyilə BMT-nin Təhlükəsizlik Şurasında müzakirələr aparıldı, lakin Ermənistan gözlədiyi nəticəni əldə edə bilmədi. BMT-nin iclasında hər hansı qətnamə qəbul olunmadı, sadəcə, təklif və tövsiyə xarakterli mesajlar səsləndirildi. Ermənistan bu dəfə də istədiyinə nail olmadı, onun böhtanları, yalanları ayaq tutsa da yeriyə bilmədi...

Zümrüd QURBANQIZI,

"Respublika".