Qarabağın bəzi ərazilərinin Azərbaycanın nəzarəti altına keçməsinə hər vəchlə mane olan qüvvələr Ermənistan və Qarabağda zaman-zaman fiqur dəyişiklikləri etmək məcburiyyətində qalırlar.
Separatçı rejimin rəhbəri Araik Arutyunyanın "istefası" bir daha deyilənləri təsdiqləyir. Onu "istefa"ya məcbur edənlər arasında qondarma rejimin keçmiş rəhbərləri Bako Saakyan və Arkadi Qukasyanın da olduğu istisna deyil. Hələ bir müddət əvvəl Ermənistanın "Hraparak" nəşri qondarma qurumun "keçmiş rəhbəri" Arkadi Qukasyan və "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayan arasında qarşıdurma baş verdiyinə dair xəbər paylaşmışdı. Nəşr qeyd edirdi ki, bu iki şəxsin ziddiyyətlərinin tarixi uzundur. Yazıda bildirilib ki, 2000-ci ildə Qukasyana qarşı sui-qəsd həyata keçirilib, sui-qəsdin təşkilatçısı Samvel Babayan olub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib, lakin 4 ildən sonra Ermənistanın ikinci prezidenti Robert Köçəryanın vasitəçiliyi ilə Arkadi Qukasyan Babayanı "əfv edib". Buna baxmayaraq, bu hadisədən sonra onlar əbədi düşmən olublar. Ötən ayın sonlarında Qarabağda yaranan vəziyyət müzakirə ediləndə və iştirakçılar öz fikirlərini bildirəndə Qukasyan anı əldən verməyib və "bəziləri"ni düzgünlüyə, bu vəziyyətdə siyasi dividendlər əldə etmək üçün çirkin cəhdlər etməməyə çağırıb. O, Samvel Babayanın fikirlərinə istinad edərək Araikin, xüsusən də "padval razılaşmaları" ilə bağlı açıqlama verməsini tələb edib. Arutyunyan Babayanın dediklərini tamamilə təkzib etməyə məcbur olub, sonuncu isə bir kəlmə belə danışmayıb. Xatırladaq ki, Babayan Arutyunyanla bənzər razılaşmalar əldə etmək və yeni "prezidenti, hökumətin tərkibini" müəyyənləşdirmək məsələsində "səkkizliy"i ittiham edirdi. Səkkizlikdə təxminən iki həftə əvvəl Araik Arutyunyanla görüşən və onun "istefa vermək" istəyini müzakirə edənlər sırasında Bako Sahakyan və Arkadi Qukasyanın da olduğunu nəşr qeyd edib.
Qarabağda baş verən "vəzifə" dəyişiklikləri, Bako Saakyan və Arkadi Qukasyanın yenidən separatçılara rəhbər təyin ediləcəyi təqdirdə danışıqlar prosesinə yenidən kölgə düşə bilər. Düzdür, Araik də Azərbaycanın təklifləri ilə razılaşmasa da, erməni əsilli vətəndaşlar son hadisələrdə onu günahlandırıb reinteqrasiyanı çıxış yolu kimi görə bilərdilər. Lakin sonuncunun istefası və yeni "hakimiyyət" Qarabağ ermənilərində "ümid" yarada bilər.
Ermənilər Qarabağ münaqişəsi məsələsində vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini müşahidə etdikdə dərhal bunun qarşısını almaq üçün hətta hökumət üzvlərinə qarşı terror hadisələri törətməkdən belə çəkinməyiblər. 27 oktyabr 1999-cu ildə paytaxt İrəvanda Ermənistan Milli Məclisinə qarşı törədilmiş, nəticədə ölkənin siyasi rəhbərliyindəki de-fakto qərar qəbul edən baş nazir Vazgen Sarkisyan və parlament spikeri Karen Dəmirçyan da daxil olmaqla 8 nəfərin öldürüldüyü terror aktının izlərində Qarabağ münaqişəsini həll edəcək sülh prosesini təxirə salmaq üçün törədildiyi də əsas versiyalar arasında yer alır. Belə ki, 1999-cu ildə baş vermiş terror hadisəsinin həmin ilin may ayında keçirilən parlament seçkilərinin nəticələrinə əsasən praktiki olaraq prezident Robert Köçəryanın siyasi səhnədən kənarlaşdırılması ilə eyni ildə baş verməsi sadəcə təsadüf ola bilməzdi. Özünü "vətənpərvər" adlandıran Nairi Hunanyanın başçılıq etdiyi 5 silahlı şəxs tərəfindən işğal edilmiş torpaqların Azərbaycana geri qaytarılmasının müzakirə edildiyi bir vaxtda parlament binasına daxil olaraq bu cinayəti törətməsinin mahiyyəti tam olaraq izah olunmasa da Levon Ter-Petrosyan dəfələrlə sui-qəsdlərin pərdəarxasında Köçəryan-Sarkisyan cütlüyünün olmasını açıq şəkildə dilə gətirib. Hətta Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dəfələrlə "Köçəryanı və Serj Sarkisyanı və onların cinayətkar-oliqarxik sistemini parlament hücumunun həqiqi günahkarları kimi" ittiham edib. 2008-ci il prezident seçkiləri ərəfəsində o, açıq şəkildə bildirdi ki, "Əgər fevralın 19-da Serj Sarkisyana səs versəniz, Nairi Hunanyana səs verəcəksiniz. Serj Sarkisyanı seçənlər Karen Dəmirçyan və Vazgen Sarkisyanın müqəddəs məzarlarını alçaldacaq" - deyə Petrosyan qeyd etmişdi. Bu cinayət aktına görə Köçəryan-Sarkisyan cütlüyünü ittiham edən təkcə Petrosyan deyil, bəzi erməni siyasətçi və təhlilçi də olub.
Sonda isə onu qeyd etmək olar ki, Ermənistanın dövlətimizlə danışıqlar prosesinə də maraqlı olan şəxslərə tətbiq etdiyi terror siyasəti uzun illər onlara fayda gətirsə də, lakin 2020-ci ildən etibarən bütün bunlar dalana dirənmək üzrədir. Çünki İkinci Qarabağ müharibəsində qazanılan Şanlı Zəfər regionun yeni reallıqlarını bəlli edib. Bu reallıqlar isə Qarabağda yerləşən separatçı qurumun gec-tez süquta uğramasını təmin edəcək. 30 il "cəngəllik qanunları" ilə idarə olunan Qarabağ isə yenidən Azərbaycanın nəzarəti altına keçəcək.
Musa BAĞIRLI,
"Respublika".