Erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni qəbul edir
Digər xəbərlər

Erməni xalqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi mənzərəni qəbul edir

Növbədənkənar parlament seçkilərinin nəticələri bunu təsdiq etdi

Ermənistanda 20 iyun - bazar günü keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələrinə əsasən, 53,92 faiz səslə baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası qalib gəlib. Ermənistan seçicilərinin böyük üstünlüklə “Vətəndaş müqaviləsi” partiyasına səs verməsi, seçkilərdə Partiyalar blokunun (bu partiyalardan biri - Daşnaksütyun Erməni İnqilabı Federasiyasıdır) rəhbəri, revanşistlərin ən qatı lideri Köçəryanın xeyli geridə qalması və beləliklə, erməni cəmiyyətinin Paşinyana səs verməsi həm də o deməkdir ki, xalq 44 günlük müharibənin nəticəsini qəbul edir.

Belə ki, artıq Ermənistanda da Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan və Türkiyənin mövqeyi qəbul edilir. Seçkiöncəsi günlərdə artıq yeni yanaşmalar fonunda regionda həqiqətən də fərqli vəziyyət yarandığını anlayan və dərk edən Nikol Paşinyan Ermənsitanda nəqliyyat kommunikasiyalarının açılmasının vacibliyini bildirmişdi. Onun fikrincə, kommunikasiyaların açılması yalnız Azərbaycanın deyil, həm də Ermənistanın iqtisadi və siyasi maraqlarına cavab verir: “Ümumiyyətlə, regionda kommunikasiyaların açılmasının tərəfdarıyıq, çünki həm Azərbaycanın, həm də bizim buna ehtiyacımız var”.

Qeyd edək ki, Şuşa Bəyannaməsi tamamilə fərqli bir siyasi reallığın formalaşmasına şərait yaratdı. Ermənistanda Regional Araşdırmalar Mərkəzinin rəhbəri Riçard Kirokosyan bildirib ki, bu Bəyannamə Ermənistana təhlükə yaratmır: “Səmimi desək, bu sənədin əsas sınağı onun icrası zamanı olacaq. Başqa sözlə, bu Bəyannamə Ermənistan üçün təhdid kimi görünməməlidir. Ticarət və nəqliyyat əlaqələrinin bərpası regionda bütün ölkələrin birgə qələbəsidir. Bu Bəyannamədə sürpriz bir şey yoxdur, onun bir çox detalları gözlənilən idi, normaldır və təbiidir”.

Təhlillərə görə, Ermənistanda sağlam düşüncə qalib gəldi. Çünki Nikol Paşinyanın partiyasına səs verən erməni cəmiyyəti öz ölkəsini regionda yaranmış yeni şəraitdə sülh və sabitliyə aparmaq istəyir. Bu baxımdan mühüm göstəricilərdən biri də təhlilçilərin diqqətini çəkən Zəngəzurun ermənilər yaşayan hissəsində səsvermənin nəticələridir. Zəngəzur əhalisi Paşinyana səs verməklə Robert Köçəryan və Serj Sarkisyan kimi revanşistləri oyundankənar vəziyyətdə qoydu. Bu gün ermənilər sərhəd məsələlərində Azərbaycanla yeni problemin yaranmasında maraqlı deyil və seçkilərin nəticələri də bunu sübut edir.

Yayılan məlumatlara görə, Nikol Paşinyan tərəfdarlarının Yerevanın mərkəzində keçirilən mitinqində çıxış edib. Paşinyan 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı üçtərəfli razılaşmanın imzalanmasından sonra ölkədə başlayan daxili siyasi böhranın başa çatdığını bildirib: “Ümid edirəm, 9 noyabrda başlayan daxili siyasi böhranın aradan qaldırıldığını burada elan edəcəyik və sabahdan etibarən normal işə qayıdacağıq. Bütün siyasi qüvvələrə sadə bir nöqtədən başlamalarını təklif edirəm - təhqir ritorikasına son qoyun”.

Paşinyan bu öhdəliyi ilk olaraq götürdüyünü söyləyib və bütün tərəfdarlarını təhqirlərə, aqressivliyə və düşmənçiliyə son qoymağa çağırıb.

Ermənistanda parlament seçkilərindən sonra yenidən hakimiyyətdə qalmağı bacaran Nikol Paşinyan əvvəlki səhvlərindən nəticə çıxararaq bölgədə sabitliyə və sülhə yeganə yolun qonşularla yaxşı münasibətdən, qonşu dövlətlərin torpaqlarına göz dikməkdənsə, onlarla yaxşı və xoş münasibət qurmağın vacib olduğunu anlayıb. Nikol Paşinyan və onun seçiciləri əmindirlər ki, Ermənistanda keçirilən seçkilərin nəticəsi ölkənin sabahkı günü üçün uğur gətirəcək bir şansdır. Bu fürsəti əldən vermək böyük ağılsızlıq olardı. Çünki müharibədən sonra həm Azərbaycan, həm də Türkiyə bölgədə sülhə və sabitliyə nail olmaq üçün böyük iradə nümayiş etdirir. Ona görə də regiondakı yeni münasibətlərdə Ermənistanın faydalarını nəzərə alan Paşinyana erməni xalqı səs verdi və birmənalı mövqe sərgilədi.

Şükür ƏLİZADƏ,

“Respublika”.