Erməni terror təşkilatları dünyaya təhlükədir
Siyasət

Erməni terror təşkilatları dünyaya təhlükədir

Xarici ölkələrdəki səfirliklərimizə hücumlar 1961-ci il Vyana Konvensiyasının pozulması deməkdir

Ekstremizm, separatizm, terrorizm, vandalizm, faşizm, qəsbkarlıq, istilaçılıq... Erməni məkrinin mayasında bax, bunlar dayanır. Ayrı-ayrı ölkələrin tanınmış tarixçiləri, tədqiqatçıları, politoloqları öz elmi əsərlərində bütün bunları sübut etməyə ciddi səy göstəriblər. Əsrlər ötsə də, erməni barbarlığı hələ də yaşayır və yaşadıqca da təkcə türk dünyasına deyil, bütün bəşəriyyətə, insanlığa ciddi təhlükə törədir.

Tarix göstərir ki, Yer kürəsinin ən mütəşəkkil, qorxunc terror təşkilatları məhz ermənilərə məxsusdur.

Əvvəllər "böyük Ermənistan uğrunda" şüarı ilə pərdələnərək qan tökənlər sonradan da bu şüardan imtina etmədilər və irimiqyaslı terror hərəkatını daha da genişləndirib Yer kürəsinin xalqlarına meydan oxumağa başladılar. Hələ də məkrli niyyətlərini davam etdirirlər.

1973-cü ildə özünün növbəti hərbiləşdirilmiş bölməsini yaradan "Daşnaksütyun" terror təşkilatı həmin vaxtdan bir sıra ölkələrdə müxtəlif adlar altında hələ də vəhşiliklər törətməkdədir. Onlar türk diplomatlarının qətlə yetirilməsində daha aktiv idilər. Erməni terrorçusu Qurgen Yanikyan 1973-cü ildə ABŞ-da Santa-Barbara şəhərində "Baltimor" otelində görüşən Türkiyənin Los-Ancelesdəki baş konsulu Mehmet Baydarı və Türkiyənin Los-Ancelesdəki konsulu Bahadır Dəmiri güllələmişdir. Elə həmin ilin aprelində erməni terrorçuları Parisdə türk konsulluğunun və türk avianəqliyyat kampaniyasının binaları qarşısında partlayış törətmişdilər. 1975-ci ildə erməni terrorçularının yerləşdiyi əsas ölkələrdən biri olan Livanın paytaxtı Beyrutda ASOA adlı növbəti erməni terror təşkilatı yaradıldı və ASALA-nın yardımı ilə qızğın fəaliyyətə başladı.

1975-ci ildə erməni terror qrupu Vyanadakı Türkiyə səfirliyinin binasına soxularaq səfir Danis Tunalicini, bundan iki gün sonra isə Parisdə Türkiyə səfiri İsmayıl Eneri eyni tərzdə öldürdü. Türk diplomatlarını qətlə yetirmək baxımından 1976-1977-ci illər erməni terrorçuları üçün daha "məhsuldar" oldu. Beyrutda Türkiyə səfirliyinin birinci katibi Oqtay Sirit, 1977-ci il iyulun 9-da Türkiyənin Vatikandakı səfiri Taha Kərim, 1978-ci il iyunun 2-də Türkiyənin İspaniyadakı səfiri Zəki Güneral, həmin ilin avqustunda Cenevrədəki türk konsulu Niyazi Ədal qətlə yetirildi.

Erməni terrorçuları dünyanın hər yerində türk vətəndaşlarını qətlə yetirir və buna görə heç vaxt cəzalandırılmırdılar. Ümumiyyətlə, onların törətdikləri terror hadisələrində digər millətlərin nümayəndələri də qurbana çevrilirdilər. Özü də bu, minlərlə insanın gözləri qarşısında baş verir, həmin hadisələri törətdiklərini erməni terrorçuları özləri də məmnuniyyətlə boyunlarına alır, amma bu vəhşi vandalların qarşısına sipər çəkəcək bir tədbir həyata keçirilmirdi. Əksinə, bəzi ölkələr erməni ekstremistlərinə qucaq açırdılar. Bu münasibət hələ də davam edir, ermənilər nə törətdikləri terrorlara, nə işğalçılıqlarına, qanunları kobud şəkildə pozduqlarına görə cəza alırlar.

Ermənilər azərbaycanlı diplomatlara qarşı da eyni mövqedən yanaşır, ölkəmizin xarici ölkələrdəki səfirlikləri qarşısında təxribatlar törədir, pozuculuq hərəkətləri edirlər.

2020-ci il iyulun 31-də Azərbaycan Respublikasının Almaniya Federativ Respublikasındakı səfirliyinin press-relizində bildirilirdi ki, 2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın şimal-şərqində yerləşən Tovuz rayonundakı mövqelərinə hücumu ilə başlayan qarşıdurmada məğlub olan düşmən əvvəllər olduğu kimi, danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyaları təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Almaniya və digər ölkələrdəki diaspor təşkilatları da hücumlara məruz qalıb.

Tovuz hadisələrindən sonra ermənilər xaricdəki səfirliklərimizə və soydaşlarımıza qəfil hücumlara başladılar, Rusiya, Belçika, Moldova və s. ölkələrdə böyük qarşıdurmalar oldu. Bu ilin sentyabr ayında təxribatlar daha geniş vüsət aldı. ABŞ, Fransa, Livan, Gürcüstan və s. ölkələrdə səfirliklərə hücumlar oldu. Livanın paytaxtı Beyrutda sentyabrın 16-da və 18-də Azərbaycan səfirliyinə hücum cəhdinin qarşısı yerli polis tərəfindən alınsa da, sentyabrın 18-də Azərbaycanın Fransadakı səfirliyinə edilən basqının qarşısını almaq üçün heç bir tədbir görülməyib. Hadisəyə etiraz əlaməti olaraq Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə çağırılıb və Fransadakı radikal erməni qruplarının törətdiyi cinayət səbəbilə XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Sentyabrın 18-də Gürcüstandakı diplomatik nümayəndəliyimiz qarşısında da ermənilərin təxribat cəhdi olub. Bir qrup erməni qadın səfirliyimizə  yürüş etmək istəyib, lakin gürcü polisi bunun qarşısını alıb. Belə ki, Gürcüstanda yaşayan ermənilər paytaxtın Avlabari metro stansiyası yaxınlığından Azərbaycanın Gürcüstandakı səfirliyinə doğru yürüş edib. Polis əllərində Ermənistan bayraqları tutan yürüş iştirakçılarının qarşısını Metexi körpüsü üzərində kəsib. Bu zaman polislə insident yaşanıb. Əraziyə çox sayda hüquq-mühafizə orqanı əməkdaşları cəlb edilib. Azərbaycanın Gürcüstandakı səfirliyinin və Tbilisidə Heydər Əliyev parkının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Ekspertlər qeyd edirlər ki, ümumiyyətlə xarici səfirliklər Azərbaycanın öz ərazisi sayılır və oraya hər hansı bir təcavüz, dövlətin ərazisinə müdaxilə deməkdir. Ona görə də həmin ölkənin hüquq-mühafizə orqanları səfirlikləri qorumalıdır. Bütün proseslər Vyana Konvensiyasına uyğun olaraq tənzimlənməlidir.

Xatırladaq ki, Diplomatik əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyasına uyğun olaraq, diplomatik nümayəndəliyi hər cür hücumlardan və zərər vurulmasından qorumaq və nümayəndəliyin sakitliyinin pozulmasının və ya şərəfinin təhqir olunmasının qarşısını almaq üçün lazımi tədbirlər görmək yerləşmə dövlətinin xüsusi vəzifəsidir. Ancaq baş verənlər onu göstərir ki, Ermənistanla münasibətlərdə Vyana Konvensiyası keçərli deyil. Məsələn, 1960-cı illərdən etibarən "Daşnaksütyun" partiyası, həmçinin ASALA tərəfindən onlarla türk diplomatı şəhid edilib. 2020-ci ildə də bənzər hücumlar olub. Bu gün də eyni təcrübəni tətbiq etməyə davam edirlər. Bu, beynəlxalq cinayətdir, beynəlxalq diplomatiya hüququnun pozulmasıdır. Həm də digər dövlətlərin Azərbaycana qarşı yol verdiyi kobud səhvdir ki, bu da diplomatik notalarla nəticələnə biləcək bir durum yaradır. Son hadisələr göstərir ki, Azərbaycan diplomatlarının təhlükəsizliyi qorunmur.

Oktyabrın 1-də Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları növbəti dəfə vandalizm aktı törədib.

Özlərini "demokratiyanın beşiyi" adlandıran Fransa, Böyük Britaniya kimi dövlətlərdə belə hadisələrin baş verməsi təəccüb və təəssüf hissi doğurur. Ölkələrin xüsusi xidmət orqanları istənilən vaxt belə təxribatların qarşısını almağa hazır olmalıdır. Əlbəttə, burada cəzasızlıq mühiti də əsasdır. Təəssüf ki, erməni radikalların hücumlarına hüquqi qiymət verilmir, elə bu səbəbdən də güclü erməni lobbilərin olduğu ölkələrdə konsulluq və səfirliklərimizə hücumların olacağı gözləniləndir. Bu istiqamətdə zəruri tədbirlər görməyin vaxtıdır, əks təqdirdə, daha böyük faciələr yaşana bilər.

Zümrüd QURBANQIZI,

"Respublika".