Erməni sevgisi ilə yaranan riyakarlıqlar
Siyasət

Erməni sevgisi ilə yaranan riyakarlıqlar

"Banlayan" havadarların cavabları verilir, veriləcək də

"Ermənistan öz beynəlxalq öhdəliklərini yerinə yetirmir. Ermənistan İkinci Qarabağ müharibəsində məğlub olub, ordusu darmadağın edilib. Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik və Azərbaycanın haqlı olması böyük beynəlxalq aktorlar tərəfindən sual altına qoyulmur". Bunu Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev noyabrın 8-də Şuşada hərbçilər qarşısında çıxışı zamanı deyib. Prezident İlham Əliyevin bu fikirləri Ermənistana, onun havadarlarına, bu ölkənin cinayət əməllərini, təxribatçı mövqeyini dəstəkləyən bütün dövlətlərə ciddi mesaj və xəbərdarlıq kimi dəyərləndirilir.

Vətən müharibəsində əldə etdiyimiz Qələbə Azərbaycanın tarixinə yazılan ən şanlı hadisə oldu. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə yanaşı, beynəlxalq hüququ və ədaləti bərpa etdi. Ölkəmiz qalib ölkə, müzəffər xalq kimi əbədi yaşayacaq. Zəfərimiz Ermənistan və onun havadarlarının bölgədəki siyasətini iflasa uğratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu və Azərbaycan xalqı bölgədə yeni reallıqlar yaratmağı bacardı. Bu reallıq regionda sülhün və əmin-amanlığın bərqərar olmasına xidmət edir. Ermənistan 10 noyabr üçtərəfli Bəyanatı çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası İrəvan tərəfindən bilərəkdən ləngidilir.

İkinci Qarabağ müharibəsi və onun yaratdığı yeni geosiyasi reallıq özlüyündə həm də bölgədə kimin həqiqətən davamlı sülh tərəfdarı olduğunu aydın şəkildə bəlli etdi. Bu illər ərzində status-kvonu qorumaqda israrlı olan, amma bu siyasəti adətən yumşaq ritorika ilə həyata keçirən Fransanın, eyni zamanda İslam həmrəyliyindən dəm vurub ermənipərəst mövqe nümayiş etdirən İranın əsl siması da məhz bu dövrdə üzə çıxdı. Azərbaycan 30 illik işğalın ağır nəticələrinə baxmayaraq, sülh gündəliyinin irəli aparılması üçün mühüm addımlar atır. Lakin Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi, davamlı təxribatlar törətməsi prosesə xələl gətirir. Bu işdə ermənilərə Fransa, İran, eləcə də digər havadarlarının dəstəyi mühüm rol oynayır. Konkret olaraq İrəvan hakimiyyəti ölkəni havadarlarından aldığı göstərişlərlə idarə edir. Bu birlik əslində Ermənistan üzərindən özünün maraqlarını təmin etməyə çalışır. Əlbəttə ki, Rusiya və İranın Cənubi Qafqazla bağlı siyasəti məlumdur. Yəni bu siyasət ortadadır və onların marağı Cənubi Qafqazın nəzarətdə saxlanılmasıdır.

Fransaya gəlincə, noyabrın 15-də bu ölkənin Senatında "Ermənistana qarşı cinayətlər və əsassız təcavüz"ə görə Azərbaycan əleyhinə sanksiyaların tətbiqinə dair səsvermə keçirilib. Belə sanksiyalara Azərbaycana neft və qaz embarqosu da daxildir. Erməni lobbisinin təsirinə məruz qalan Fransa Senatının üzvləri Avropa Birliyinin qalan hissəsini də Azərbaycandan neft və qaz ixracını dayandırmağa sövq edəcəklərinə ümid bəsləyir, onlar Ermənistanın ağır silahlarla təchiz edilməsini istəyirlər. Fransa hər zaman erməni sevgisi ilə məşhur olub. Sadəcə neytral görünməyə çalışıb. Sirr deyil ki, Ermənistan da hər zaman Fransaya güvənib. Fransa, xüsusilə bu ölkənin prezidenti Makron məsələni yenidən alovlandırmağa mənasız cəhdlər göstərir. İşğalçı Ermənistanla işğala məruz qalan Azərbaycana fərqli münasibət göstərməyən Fransanın qərəzli və siyasi etik qaydalarına uyğun gəlməyən, beynəlxalq hüququn norma və prinsiplərinə zidd mövqeyi birmənalı olaraq təsdiq edir ki, bu ölkə bölgənin və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir. Əksinə, işğalçının müdafiəsinə qalxıb. Fransanın bu dəstəyi onun qatı ermənipərəst, islamofob, anti-Azərbaycan və anti-Türkiyə siyasətinin təzahürüdür.

İran isə öz növbəsində Ermənistanı Avropaya gedən başlıca ticarət yolu kimi görür və Azərbaycanın İsraillə əməkdaşlığını real təhlükə sayır. Bunu İİKK-nın (İslam İnqilabı Keşikçiləri Korpusu - SEPAH - ABŞ-da xarici terror təşkilatları siyahısındadır) İranın şimal-qərb bölgəsində Araz çayından keçidi imitasiya edən son hərbi təlimləri də təsdiqləyib. Bu təlimlər anti-Azərbaycan xarakterlidir və İranın Şahed 136 döyüş silahlarının (hədəfləri izləmək və məhv etmək üçün nəzərdə tutulmuş pilotsuz sistemlər) imkanlarına əsaslanır. İran və Fransa kimi ermənipərəst dövlətlər birləşib Azərbaycana qarşı təxribat yaratmağa çalışırlar. Soçi görüşündən sonra İrana səfər, İranın müxtəlif şəhərlərində konsulluq şöbəsi açması xəbis niyyətlərdən xəbər verir. Əslində Azərbaycanın onlara təklif etdiyi ədalətli 5 şərti qəbul etsələr münaqişə bitir. Ermənistan o şərtləri qəbul etməmək üçün gah İrana, gah Moskvaya qaçır, gah da Fransadan kömək istəyir. Deyəsən, qızın üç adaxlısı var. Mövcud reallıqlar bu məsəli xatırlamağa əsas verir.

Azərbaycan artıq ciddi güc mərkəzidir. Fransa, İran və digər region dövlətləri bu reallığı başa düşür, sadəcə, məkrli niyyətlərini sınaqdan keçirirlər. Bu sınaqda isə birdəfəlik istifadə vasitəsi kimi Ermənistan seçilib. Onsuz da özünün zəif, qeyri-müəyyən siyasəti ilə uğursuzluğa məhkum olan zavallı Ermənistan yolayrıcında, seçim qarşısında qalıb. Necə deyərlər, bilmir it hürən tərəfəmi, xoruz banlayan səmtəmi, yoxsa işıq gələn yerəmi getsin. Ermənistanı elə bu qeyri-müəyyənlik məhvə doğru sürükləyir.

Mustafa KAMAL,

"Respublika".