Erməni “mif
Digər xəbərlər

Erməni “mif"i və xəstə ideyaları məhv edildi

30 il ərzində işğalda saxladıqları Qarabağa və Şərqi Zəngəzura divan tutan, qatı nifrət ruhunda azərbaycanlıların evlərini, tarixi, mədəni və dini abidələrini dağıdaraq məhv edən, minlərlə dinc azərbaycanlını, qadınları, qocaları, uşaqları qətlə yetirən, Xocalıda soyqırımı törədən, əsir və girovlara dözülməz işgəncələr verən faşist Ermənistanın xunta rejiminin cinayətkar və qaniçən siması budur. Yalançı və sabun köpüyünə bənzəyən miflər yaradan, yenilməz ordusu olduğunu hər fürsətdə qışqıran, ağalarının kölgəsində dayanaraq hədə-qorxu gələn, 30 ilə yaxın Qarabağın və Şərqi Zəngəzurun münbit torpaqlarından istifadə edən, yerüstü və yeraltı sərvətlərimizi talayan Ermənistanın bu azğınlığı münaqişəni dinc yolla həll etməyi öhdəsinə götürən ATƏT-in Minsk qrupunun heç tükünü belə tərpətmirdi. Cəzasızlıqdan hiyləgərliklə istifadə edən Ermənistan silahlı qüvvələri atəşkəsi tez-tez pozur, keçmiş təmas xəttinin yaxınlığında yaşayan azərbaycanlıları atəşə tutur, dinc insanları qətlə yetirir, həyətdə öz oyuncağı ilə oynayan 9 yaşlı Farizi öldürən düşmənin bu vəhşi və insanlığa sığmayan cinayətlərini ATƏT görməməzlikdən gəlirdi. Tərəfkeşlik, ikili standartlar, mövqesizlik, gözləri qarşısında baş verən cinayətlərə göz yuman ATƏT-in fəaliyyətsizliyi Azərbaycan xalqını ciddi narahat edir, onların səbrini daşırırdı.

Bu barədə narahatlığını beynəlxalq tribunalardan dilə gətirən dövlətimizin başçısı İlham Əliyev Vətən müharibəsindən sonra ATƏT-in Minsk qrupunun Fransadan və ABŞ-dan olan həmsədrlərini qəbul edərkən bildirdi ki, təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişdim. Lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyəti olsa da, bunlar heç bir nəticə verməmişdir. Reallıq bundan ibarətdir. Bununla yanaşı, tərəfsiz vasitəçilik missiyasını öz üzərinə götürmüş, lakin 28 il ərzində işğal rejiminin qorunub saxlanılmasına yönəlmiş fəaliyyətsizlik göz qabağındadır. Azərbaycan Ermənistan ordusunu demək olar ki, məhv etdi və ərazimizdə cinayət rejiminə son qoyduq, erməni millətçilərinin üzdəniraq "artsax" xülyalarını dağıtdıq, nəticədə xalqımız, ölkəmiz qələbə qazandı, çünki həqiqət və beynəlxalq hüquq bizim tərəfimizdə idi.

Ermənistanın həyasızlığına, davamlı surətdə atəşkəsi pozmasına qarşı Vətən müharibəsinin başlanması qaçılmaz və labüd idi. Çünki hərbi təxribatlarla yanaşı, Ermənistan tərəfindən beynəlxalq hüquqi prinsiplərə zidd olaraq işğal altında saxladıqları ərazilərə çox sayda terrorçuların, o cümlədən Beyrut limanında baş tutan partlayışlardan sonra minlərlə Livan ermənilərinin Qarabağa köçürülməsi açıq-aşkar saymamazlıq və təhdid idi. Bundan başqa, 2020-ci ilin avqust ayının sonlarında Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Hakopyanın Azərbaycanın işğal altındakı ərazilərində qeyri-leqal olaraq təşkil olunmuş hərbi təlimdə iştirakını ictimailəşdirməsi xalqımızın şərəfini və qürurunu alçaltmaq məqsədi daşıyırdı. İşğal altında saxladıqları Azərbaycanın ən qədim şəhəri olan Şuşada, Cıdır düzündə rəqs edən Ermənistanın baş naziri Paşinyan erməni həyasızlığı, Ermənistan tərəfinin bu qəbildən olan səmərəsiz, alçaldıcı və təhrikedici hərəkətləri heç bir əndazəyə sığmırdı. Müharibədən əvvəl İraq və Suriyadan bir çox YPG və PKK üzvünün Azərbaycana qarşı erməni yaraqlıları yetişdirmək üçün keçmiş Dağlıq Qarabağa köçürüldüyü haqqında xəbərlər yayıldı. Bundan başqa, 30 sentyabrda qardaş Türkiyə mənbələri 300-ə yaxın PKK döyüşçüsünün İran vasitəsilə keçmiş Dağlıq Qarabağa gətirildiyini bildirdi. Müharibənin ikinci günü, 28 sentyabrda Azərbaycan Silahlı Qüvvələrindən verilən məlumata görə, erməni itkiləri arasında Suriyadan və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni mənşəli muzdlular olub. PKK, YRG-nin bir sıra mənsubları da sonralar müxtəlif mətbuat orqanlarına verdikləri müsahibələrdə Qarabağda ermənilər tərəfdə döyüşdüyünü etiraf etdilər. Bir sözlə, əcnəbilərin, muzdluların və terror qruplaşmalarının müharibədə iştirakı danılmaz faktlarla sübut edildi.

İki il bundan əvvəl baş verən hadisələrə qısa bir nəzər salaq. 2020-ci il sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışında Ermənistanın təxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunub. Prezident iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirərək Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozmasını diqqətə çatdırdı. 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə qarşı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi başlandı.

Döyüş xronologiyasına nəzər salanda aydın olur ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın işğalı altında olan torpaqlarımızı azad etmək üçün rəşadətli Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı genişmiqyaslı və uğurlu əks-hücum əməliyyatları nəticəsində noyabrın 9-dək, cəmi 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Silahlı qüvvələrimizin peşəkarlığı, qəhrəmanlığı sayəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu.

Bütün dövrlərdə ermənilər azərbaycanlılara qarşı həmişə pusquda durublar, Azərbaycanın zəif vaxtlarında hücuma keçərək torpaqlarımızı işğal ediblər. Tarixi faktlar göstərir ki, ermənilər heç zaman üz-üzə döyüşə bilməyiblər, sadəcə buna cəsarətləri çatmayıb, havadarlarının arxasından azərbaycanlı dinc əhaliyə, qocalara, uşaqlara, qadınlara atəş açıblar. 1905-1907-ci, 1918-1920-ci, 1988-1993-cü illərdə məhz erməni xislətlərini belə göstəriblər. Ermənistanın hərbi təcavüzü nəticəsində 2020-ci il sentyabrın 27-dən keçən bir ay ərzində dinc əhaliyə qarşı törədilmiş beynəlxalq cinayətlər onu təsdiq edir ki, Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə, soyqırımı və dövlət terrorizmi siyasəti 30 ildən artıq bütün dünyanın gözü qarşısında davam edib və ermənipərəstlik onların gözlərini bağlayıb.

Döyüş meydanında uduzan və ordusu məhv

 edilən Ermənistan Azərbaycanın cəbhə xəttindən xeyli uzaqda yerləşən yaşayış məntəqələrini atəşə tutdu. Ermənistan ərazisindən Mingəçevir istiqamətində atılan 9K72 "Elbrus" əməliyyat-taktiki raket kompleksinin ballistik hədəfinin Azərbaycan Hava Hücumundan Müdafiə sistemləri tərəfindən aşkar edilərək məhv edildi. Oktyabrın 11-də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çoxmənzilli yaşayış binasını gecə saatlarında raket atəşinə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olub, 16 qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb (onlardan 10 nəfəri məktəblidir). Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn bütün prinsiplərini, o cümlədən 1949-cu il tarixli Cenevrə konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc azərbaycanlı mülki əhaliyə qarşı cinayət əməlləri törətdi. Ermənistan ordusunun Gəncəyə 2020-ci il oktyabrın 4-də, 11-də və 17-də raket və ağır artilleriya hücumları nəticəsində 10-u qadın, 6-sı uşaq olmaqla 26 nəfər həlak olub, 138 nəfər yaralanıb.

Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna "Smerç" yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 5 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həlak olub, uşaqlar və qadınlar da olmaqla 13 nəfər ciddi yaralanıb. Bunun ardınca, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx olduğu əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələr endirilməsi nəticəsində 21 nəfər həlak olub, 70-dən çox insan isə yaralanıb. Ümumilikdə, Ermənistan ordusunun Bərdəyə 2 gün ərzində "Smerç" yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 26 nəfər həlak olub, 80 nəfərdən çoxu yaralanıb.

Bütün bu itkilərə və ağrılara baxmayaraq, müzəffər Azərbaycan Ordusunun bölmələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistan ordusunu və onların tərəfində vuruşan əcnəbi muzdluları döyüş meydanında məğlub edərək torpaqlarımızı işğalçılardan azad etdi. Ermənistan təkcə müharibədə məğlub olmadı, "Dəmir yumruq" dünyadakı erməni "mif"inə, ermənilərin əsrlər boyu "dənizdən-dənizə" xəstə ideyalarına, keçmiş Dağlıq Qarabağa arzuladıqları status xəyallarına birdəfəlik son qoydu.

Salman ALIOĞLU,

"Respublika".