Erməni lobbisinə xidmət edən Avropa Parlamenti
Digər xəbərlər

Erməni lobbisinə xidmət edən Avropa Parlamenti

Avropa Parlamentinin martın 16-dək davam edəcək növbəti sessiyası başlayıb. İclaslar çərçivəsində Xarici Siyasət Komitəsi qurumun Azərbaycan və Ermənistanla münasibətləri barədə hesabatlar təqdim edəcək. Həmçinin parlamentdə  növbəti dəfə Azərbaycana qarşı qətnamə qəbul edilməsi gözlənilir. Ermənistanın irəli sürdüyü əsassız ittihamlardan ibarət olan böhtan xarakterli qətnamə layihəsinin ilkin mətnində guya İrəvana hərbi təcavüz edilməsi, Laçın yolunun blokadada olması kimi iddialar yer alıb. Sənəddə “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağ” kimi aktuallığını itirmiş ifadələr də əksini tapıb. Bu isə Avropa Parlamenti ilə ölkəmiz arasında yaşanan ilk belə hal deyil. Belə ki, 2015-ci ildəki qətnamədə Avropa Parlamenti Azərbaycanı Qarabağ və ətraf ərazilərdəki erməni mədəni irsinə qarşı münasibətinə görə tənqid etmişdi. Bu sənədin məqsədi Avropa Oyunları ərəfəsində Azərbaycanın beynəlxalq imicinə kölgə salmaq idi. Budəfəki qətnamə layihəsinin ilkin mətninə də nəzər saldıqda həm motiv, həm də arqument baxımından öncəkilərdən fərqlənmədiyini görmək mümkündür. Düşünsək ki, Avropa Parlamentinin deputatlarının əksəriyyəti erməni biznesmenlərlə sıx əməkdaşlıq edir, onda bu qətnamələrdə kimin maraqlı olduğu aydınlaşar. İndiki halda Avropa Parlamenti Ermənistan parlamentinin komitəsi kimi çıxış edir, Ermənistan XİN-dən göndərilən layihələri təsdiqləməklə məşğuldur. Qərəzli qətnamələrin məqsədi ölkəmizin imicinə zərər vurmaq və Ermənistanın xeyrinə güzəştlər etməkdir. Amma Ermənistan Praqa və Soçidə keçirilmiş görüşlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığı halda, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamələrdə ölkəmizin suverenliyini şübhə altına alması regionda uzunmüddətli sülh və sabitliyin təmin olunması istiqamətindəki səylərə böyük zərbə vurur.

Digər tərəfdən, bir çox nüfuzlu mənbələrdə qətnamələrin hüquqi qüvvəsinin olmadığına, yalnız siyasi təsiretmə vasitəsi kimi istifadə olunduğuna diqqət çəkilir. Belə ki, Avropa Parlamentinin üç əsas səlahiyyəti var: Avropa İttifaqına dair qanunlar qəbul etmək, həmin qanunların yerinə yetirilməsini təmin etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etmək. O, Komissiyanın və digər Aİ orqanlarının işinə nəzarət edir və onların rəyini almaq üçün alyansa üzv ölkələrin milli parlamentləri ilə əməkdaşlıq həyata keçirir. Ümumi xarici və təhlükəsizlik siyasəti kimi sahələrdə isə Avropa Parlamenti ilə yalnız məsləhətləşmələr aparılır. Parlament qanunvericilik təklifini təsdiq, rədd və ya eyni zamanda düzəlişlər təklif edə bilər, lakin Şura qanuni olaraq Parlamentin rəyinə əməl etməyə məcbur deyil. Parlamentin qəbul etdiyi qətnamələr ittifaq daxilindəki ölkələrin demokratik institutlarının mövqeyi kimi təqdim olunur. Avropa İttifaqının mövqeyini isə daha çox Avropa Komissiyası ifadə edir.

Qətnamə layihəsinin gündəmə gəlməsi ilə birgə Azərbaycanın Avropa ilə münasibətlərinin gələcəyi də maraq doğurur. Nəzərə almaq lazımdır ki, Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlığın genişləndirilməsi strateji əhəmiyyət kəsb edir. Artıq rəsmi Bakı Avropa İttifaqı ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayan aktorlardan birinə çevrilib. Bu halda isə Parlamentin qəbul edəcəyi növbəti qətnamə bütün əlaqələri korlaya bilməz.

Həm Avropa Parlamentinin qətnamələrinin ciddi hüquqi əsasının olmaması və sadəcə tövsiyə xarakteri daşıması, həm bu sənədlərin gələcəkdə sanksiyaların tətbiqi, eləcə də qoca qitə ilə münasibətlərin pisləşməsinə zəmin yaratmaması onu deməyə əsas verir ki, qurumun bu layihəsi də adi kağız parçası olaraq qalacaq. Bütövlükdə korrupsiyaya bulaşmış, beynəlxalq prinsiplərlə deyil, şəxsi maraqlarla idarə olunan qurum heç bir halda Azərbaycan dövlətinin iradəsinə, Azərbaycan xalqının mövqeyinə, ölkəmizin öz qanuni hədəflərinə çatmasına mane ola bilməyəcək.

Jalə QASIMZADƏ,

“Respublika”.