ERMƏNİ İDEOLOQLARI YENİ BÜTLƏR AXTARIŞINDA
Siyasət

ERMƏNİ İDEOLOQLARI YENİ BÜTLƏR AXTARIŞINDA

Azərbaycanofobiya və nifrət saçan ermənilər üçün yeganə dəyər yalan və böhtandır

"Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətində aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən keçmiş işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə "milli qəhrəman"a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir." Bu fikir BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində Azərbaycan Prezidenti cənab İlham Əliyevin videoformatda çıxışında ifadə olunub.

Ermənistanda azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində təbliğ olunur. Ermənistan heç vaxt dərk etməyib, bu gün də dərk etmir ki, düşdükləri acınacaqlı siyasi, iqtisadi və sosial problemlərin kökündə duran əsas məsələ onların Azərbaycana qarşı davam etdirdiyi iyrənc siyasətidir. Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük soyqırımını törədən, yüzlərlə dinc sakini, qadın, uşaq və qocaları qətlə yetirən Ermənistan tərəfi bu dəhşətləri unudaraq, hansısa naməlum reflekslər səbəbindən bu və ya digər mövzular ətrafında "ucuz şou" düzəltməklə təkcə siyasi təlxəkliklə deyil, həm də bəşər dəyərlərinə zidd olan ksenofobiya, konkret desək, Azərbaycanofobiya ideologiyasını inkişaf etdirir.

Mütərəqqi dövlətlər və xalqlar tolerantlıq, multikulturalizm, birgəyaşayış, multilateralizm kimi dəyərləri təbliğ etdiyi bir dövrdə, yüksək insani keyfiyyətlərə söykənən postsənaye cəmiyyətləri qurmaqla, bəşər övladının minilliklər ərzində topladığı uğurları, nailiyyətləri inkişaf etdirməklə məşğul olduqları XXI yüzillikdə, erməniliyin başıpozuqları hətta ibtidai icma quruluşunda belə rast gəlinməsi çox da ağlabatan olmayan tayfa düşüncəsi və davranışı nümayiş etdirirlər. Orta əsrlərdə yaşamış qəddar insanlara belə xas olmayan vəhşikliklər, konkret desək, azərbaycanlı dinc əhaliyə qarşı Xocalı soyqırımını törədən Ermənistan hansı əsasla özünü dünya birliyinin bir parçası hesab edir? Ermənistanın həyata keçirdiyi hərbi işğalçılıq siyasəti nəticəsində bilavasitə irqi ayrı-seçkilik, etnik təmizləmə və diskriminasiya qurbanı olan azərbaycanlılar bunu hamıdan yaxşı bilir.

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan vaxtilə demişdir: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi." Diqqət edin, normal insan yanaşması zorakılıq stereotiplərinin dağıdılmasına çalışır, dünyanın daha humanist, sülhsevər və təhlükəsiz olması üçün əlindən gələni edir, ermənilərin bu başbiləni isə vəhşi stereotiplərin bərqərar olması ilə fəxr edir. Bununla da S.Sarkisyan Qarabağda məhz etnik təmizləmənin baş verdiyini etiraf edir. Ancaq bu da hələ hamısı deyil, öz tayfasının törətdiyi bəşəri cinayətə bəraət qazandırmağa çalışan bu ünsür deyib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir...". Xatırladaq ki, köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı".

Göründüyü kimi, Ermənistanın keçmiş dövlət başçısı da daxil olmaqla onlar bu vəhşilik və faşist siyasətini bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha işğalçılığı təşviq edir və buna yönəlik bütün meyilləri dəstəkləyir.

Hazırda monoetnik Ermənistanda vəziyyət çox ağırdır. Söhbət təkcə onların ağır sosial-iqtisadi və siyasi durumundan getmir. Məsələ burasındadır ki, bir əsrdən artıq müddət ərzində Qərbi Azərbaycandan yerli əhalini, soydaşlarımızı qovan ermənilər, azsaylı digər xalqlardan da sözün əsl mənasında qurtulub. Bəs erməni ideoloqları onilliklər ərzində öz insanlarını kütləvi psixoz altında saxlamaqla nəyə nail olublar? Real mənzərə göz qabağındadır - Ermənistan əhalisi ölkəni tərk edir. Təkcə 2020-ci ildə bu bədnam ərazi vahidini yüz mindən artıq erməni tərk edib, fəqət ermənilərdən başqa orada heç bir millət yaşamır. Təbliğat naminə dünya birliyinin gözündən pərdə asaraq irəli çəkdikləri "icma nümayəndələri" isə 5-10 nəfərdən ibarət olmaqla hansısa azsaylı xalqların deyil, elə özlərinin nümayəndələridir.

İndi gəlin Ermənistanı müxtəlif etnik azlıqların, o cümlədən on minlərlə erməninin azad və firavan şəkildə yaşadığı ölkəmizlə müqayisə edək. "Müqayisəolunmaz" termini məhz burada yerinə düşür. Bunu görmək üçün "silahlanmış gözə" malik olmağa ehtiyac yoxdur, sadə statistik rəqəmləri və digər göstəriciləri müqayisə etmək kifayət edər.

Artıq qeyd etdiyimiz kimi, azərbaycanlılara qarşı ksenofobiya və etnik nifrət dövlət səviyyəsində məhz Ermənistanda təbliğ olunur və bunun nəticəsidir ki, azərbaycanlılar 30 ilə yaxın idi ki, etnik təmizləməyə məruz qaldıqları torpaqlarına qayıda bilmirdi. Erməni millətçiləri anlamalıdır ki, bölgənin, ilk növbədə Ermənistanın gələcək inkişafı Azərbaycandan asılıdır və onlar yürütdükləri Azərbaycanofobiya siyasətinə nə qədər tez son qoysalar, beynəlxalq hüququn fundamental prinsiplərindən birinə - dövlətlərin ərazi bütövlüyünə hörmət, mehriban qonşuluq və birgəyaşayış kimi çağdaş dünyamızın ali dəyərlərinə hörmətlə yanaşsalar, özləri udmuş olarlar.

Ermənistanda siyasi ideologiyanı formalaşdıran esktremist qüvvələr tərəfindən uzun illərdən bəri azərbaycanlılara qarşı davam etdirilən nifrət siyasəti nəticəsində etnik təmizləmə yolu ilə minlərlə dinc sakin öldürülüb, bir milyondan çox insan öz doğma yerlərindən qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik mənsubiyyətinə görə soyqırıma məruz qalıb. Bundan əlavə, ətraf mühitə ciddi zərər vurulub və həmin ərazilərdə tarixi və mədəni abidələr məhv edilib.

30 il boyunca Azərbaycanın və beynəlxalq ictimaiyyətin işğalın dayandırılması və birgə yaşayış üçün sülh çağırışlarına etinasız yanaşan Ermənistanın siyasi hakimiyyəti bu müddət ərzində işğalçılıq və etnik zəmində nifrət siyasətini davam etdirib, regionda sülhün və əmin-amanlığın bərqərar olmasına ciddi maneə törədib. Ermənistanda hakimiyyətdə olan siyasi rəhbərlər etnik zəmində nifrət siyasətini nəsildən-nəslə ötürərək nifrət ideologiyasını təbliğ etməyə və əsas məqsəd kimi qonşu ölkələrə qarşı ərazi iddialarını hər zaman gündəmdə saxlamağa çalışıb. Dünya ictimaiyyətinə yalan, saxtalaşdırılmış məlumatlar ötürülməklə insanları öz yalanlarına inandırmağa çalışıb.

Xüsusilə qeyd etmək lazımdır ki, qatı anti-Azərbaycan siyasətinin aparılması, cinayətlərə və düşmənçiliyə zəmin yaradan addımların atılması İkinci Qarabağ müharibəsindən sonra da səngiməyib. Biabırcasına məğlub olan ermənilər tərəfindən informasiya texnologiyalarının imkanlarından istifadə edilərək sosial şəbəkə və müxtəlif platformalarda azərbaycanlıların əleyhinə fikirlər səsləndirilir. Erməni millətçilər azərbaycanlıların tarixinin məhvi və saxtalaşdırılması ilə kifayətlənməyərək, müxtəlif dövrlərdə öz imkanlarından və siyasi rəhbərlikləri ilə əlaqələrindən istifadə edərək azərbaycanlılara qarşı soyqırımı və müharibə cinayətləri törədiblər.

Beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığı onu göstərir ki, dünyada hələ gerçək reallığın nədən ibarət olduğunu bilməyən xeyli sayda beynəlxalq təşkilatlar, institutlar var.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, həyat və sağlamlığı üçün təhlükə yaradılması, soydaşlarımızla amansız rəftar və özünü öldürmə həddinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi insanlarımıza qarşı davam etdirilən nifrət siyasətini, onların əsl simasını, faşist xislətini bir daha təsdiq edir.

Ermənistanın indiki siyasi hakimiyyəti də regionda düşmənçilik toxumları səpən və nifrətə söykənən siyasəti davam etdirir.

Belə ki, nasist general, faşist canilərinin əlaltısı olmuş Qaregin Njde simasında nasizmin vəsf edilməsi, onun "milli qəhrəman" statusuna gətirilməsi Ermənistanda bütün hakimiyyətlər dövründə müşahidə olunmuşdur. Bununla bağlı cənab Prezident demişdir: "Mütərəqqi dünya artan neofaşizm ilə mübarizə apardığı bir vaxtda, 2016-cı ildə Ermənistanın o vaxtkı prezidenti İrəvanda Qaregin Njdenin heykəlinin açılışını edib. Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik".

Sual olunur, nə zaman qatil qəhrəmana çevrilib? Bunun nə məqsədlə həyata keçirilməsi aydındır - faşistlərin çətiri altında "qəhrəmanlıqlar" göstərmiş Njde bu gün heç zaman olmadığı qədər erməni təbliğat maşını üçün çox böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın ləyaqətlə apardığı 44 günlük Vətən müharibəsində darmadağın edilmiş, diz çökmüş, 10 mindən artıq fərarisi olmuş erməni ordusu üçün yeni bütlər lazımdır. Əgər sabah dünyada faşizm meyilləri baş qaldırsa, erməni təbliğatçıları öz merkantil maraqları üçün, lazım gələrsə, Adolf Hitlerin, yaxud onun arvadının da erməni olduğunu "sübut edəcəklər". Təəccüblənməyə dəyməz…

Emin QASIMOV,

"Respublika".