Ərəb mediası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında məqalələrin dərcini davam etdirir
Digər xəbərlər

Ərəb mediası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva haqqında məqalələrin dərcini davam etdirir

Ərəb mediasında, o cümlədən Birləşmiş Ərəb Əmirlikləri, Oman və Misir mətbuatında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında avqustun 27-də də məqalələr dərc olunub. Beləliklə, ümumilikdə 60-a yaxın ərəbdilli mətbu orqanda Azərbaycanın birinci xanımının çoxşaxəli fəaliyyəti haqqında geniş məlumat verilib.

AZƏRTAC xəbər verir ki, Misirin "Əl Cümhuriyyə Əl Yom", "Misr Əl Yom", "Kalemtərab", Birləşmiş Ərəb Əmirliklərinin "Əl Vatan", "Dubai Hospitality", "Dubai Global News", "Dubai New Style", "Mebusiness", "Middle East News", "Ecarain", "MENAFN", Omanın "Hörmüz" və sair qəzet və portallarında ərəb və ingilis dillərində dərc olunmuş məqalələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqına, dövlətinə sədaqətlə xidmət etmək vəzifəsini öz üzərinə götürdüyü, Azərbaycan qadınını dünyada layiqincə təmsil etdiyi, ölkəsinin rifahı naminə yorulmadan fəaliyyət göstərdiyi qeyd olunub.

Ərəb ölkələrinin ictimaiyyətinin diqqətinə çatdırılıb ki, Mehriban xanım Əliyevanın Azərbaycanın maddi və mədəni irsinin dünyada təbliğində misilsiz xidmətləri var. Belə ki, onun təşəbbüsü ilə 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondu təsis olunub, rəhbərlik etdiyi Heydər Əliyev Fondu müxtəlif ölkələrdə mötəbər tədbirlər təşkil edib. O, həmçinin Heydər Əliyev Fondunun rəhbəri kimi təhsilin, səhiyyənin inkişafına, uşaqların sağlamlığı məsələlərinə və mədəniyyət sahəsində layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Azərbaycanda yeni məktəb binalarının tikilməsi, məktəbəqədər təhsil müəssisələrinin yenidən qurulması, uşaq evlərinin və internat məktəblərinin inkişafı proqramının icrasına başlanması məhz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilib.

Ərəb mediasının dərc etdiyi məqalələrdə qeyd olunub ki, Mehriban xanım Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların müdafiəsini də daim diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Heydər Əliyev Fondu təkcə Azərbaycanda deyil, bütün dünyada rəğbət və mərhəmət rəmzinə çevrilib.

Yazılarda vurğulanıb ki, Azərbaycanın zəngin mədəniyyətini, musiqisini və adət-ənənələrini bütün dünyada təbliğ edən Mehriban xanım Əliyevanın diqqət və qayğısı sayəsində mədəni irs nümunələri UNESCO-nun dünya irsi siyahılarına daxil edilib.

Mehriban xanım Əliyevanın mədəniyyətlərarası və dinlərarası dialoqun təşkili, müxtəlif dinlərə və etnik qruplara mənsub olan insanlar arasında tolerantlığın və xoş münasibətlərin təmin edilməsi sahəsində gördüyü işlərin də diqqətə çatdırıldığı məqalələrdə qeyd edilib ki, Birinci vitse-prezident Azərbaycanda ziyarətgahların, məscidlərin, ibadət yerlərinin, dini abidələrin bərpasına və tikintisinə də qayğı göstərməklə yanaşı, tolerantlığın və mədəniyyətlərarası dialoqun təşviqinə mühüm töhfələr verir, kilsə və sinaqoqların bərpasını da diqqət mərkəzində saxlayır. Azərbaycanın Birinci vitse-prezidenti dünyanın müxtəlif ölkələrində humanitar və sosial layihələrin dəstəklənməsinə, eləcə də dünya irsinin qorunmasına və tarixi abidələrin bərpasına da mühüm töhfələr verir. O, öz ölkəsində bir çox mötəbər beynəlxalq tədbirlərin keçirilməsində yüksək təşkilatçılıq bacarığı nümayiş etdirib, Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik edib, həmçinin İslam Həmrəyliyi Oyunlarının təşkilində yüksək fəallıq göstərib.

Məqalələrdə diqqətə çatdırılıb ki, məhz bu çoxşaxəli humanitar fəaliyyəti Mehriban xanım Əliyevaya beynəlxalq aləmdə böyük nüfuz qazandırıb, o, UNESCO-nun və ICESCO-nun xoşməramlı səfiri titullarına layiq görülüb.

AZƏRTAC