Ərazilərin minalardan təmizlənməsi Qarabağın  yenidən qurulmasını və bərpasını sürətləndirəcəkdir
Digər xəbərlər

Ərazilərin minalardan təmizlənməsi Qarabağın  yenidən qurulmasını və bərpasını sürətləndirəcəkdir

Keçən ilin payızında 44 günlük müharibənin bitməsindən bu yana minaların və digər partlamamış silah-sursat qalıqlarının təmizlənməsi ən aktual məsələlərdən biri kimi ortaya çıxıb. Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsində işğaldan təmizlənən ərazilərdə artıq bərpa işlərinə başlanılıb. Bərpa işləri planlı şəkildə və ardıcıllıqla həyata keçirilir. İşğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi isə birinci dərəcəli vəzifə kimi müəyyənləşdirilib.

Uzun illər  işğal altında saxladığı Azərbaycan torpaqlarını xarabalığa çevirən, kəndlərimizi, şəhərlərimizi yerlə yeksan edən ermənilər Vətən müharibəsində məğlub olduqdan sonra da öz mənfur xislətlərinə uyğun davranışlarını davam etdirirlər. Belə ki, təcavüzkar ölkə vaxtilə işğal altında saxladığı torpaqlara, hətta hərbi təyinatı olmayan ərazilərə belə minalar yerləşdirib. 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan indiyə qədər həm hərbçilərimiz, həm də mülki insanlarımız mina partlayışları nəticəsində həlak olublar, ağır yaralanıblar. Ermənilər öz çirkin xislətlərinə sadiq qalaraq hərbi təyinatı olmayan əraziləri də minalayıblar. Onlar bunu məqsədli şəkildə ediblər, məqsəd də, təbii ki, daha çox insanın həlak olmasıdır. Azərbaycan 10 noyabr Bəyanatına əsasən bütün işlərin həyata keçirilməsinə şərait yaratsa da, bir çox məsələlərdə humanistlik göstərsə də, Ermənistan tərəfi bunun əksini nümayiş etdirir.

İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların Azərbaycanın qəhrəman Ordusu tərəfindən geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti dünyada bənzəri olmayan daha bir cinayətə əl ataraq ərazilərə müxtəlif növ minalar yerləşdirib. Bütün bunlarla yanaşı, minalanmış ərazilərin xəritələrini Qarabağın əsl sahibi olan Azərbaycana verməməkdə israr edən Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətinin gözü qarşısında həm müharibə cinayəti, həm də insanlıq əleyhinə cinayət törədir.

Bu gün ölkəmiz işğaldan azad olunmuş əraziləri minalardan təmizləmək üçün kifayət qədər ciddi addımlar atır.   Təbii ki, bu ərazilərin partlayıcı maddələrdən tədricən təmizlənməsində əlavə vaxt ilə yanaşı, çoxlu vəsait, kifayət qədər peşəkar mütəxəssis və texniki ehtiyatlar tələb olunur. Çünki Ermənistan ordusu hərbi təyinatı olmayan əraziləri də minalayıb.

30 il öz yurd-yuvalarından didərgin düşüb, qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum edilmiş insanların haqları bir daha kəskin şəkildə pozulur. İşğaldan azad edilmiş torpaqların minalanması bu gün orada aktiv quruculuq işlərinin həyata keçirilməsinə də mane olur.  Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Biz bütün işləri ardıcıllıqla edirik və mən bu ardıcıllıq haqqında dəfələrlə demişəm Azərbaycan xalqına hansı işləri biz görəcəyik ki, insanlar da bilsinlər. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt onlar qayıda bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə. Bu böyük bir prosesdir. Ermənilər bizə mina xəritələrini, mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. Biz indi Minatəmizləmə Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər, əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Biz əgər ziyanın qiymətləndirməsini etməsək, sabah biz təzminat davasında da uğur qazana bilmərik. Ona görə ki, ilk növbədə yerli qurumlar tərəfindən bütün dağılmış evlərin pasportlaşdırılması aparılmalıdır, video, fotoçəkilişlər, dron çəkilişləri, protokollaşma - hər bir binanın, hər kənddə yerləşən binanın, hər şəhərdə yerləşən binanın öz pasportu olmalıdır. Bunu, bu məlumatı biz verəcəyik cəlb edilmiş beynəlxalq şirkətlərə, onlar özləri tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata keçirəcəklər və onlar bizə Ermənistana qarşı açılacaq təzminat davasında kömək göstərəcəklər”.

Məlum olduğu kimi, 2021-ci il iyunun 12-də Ermənistanın Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Ermənistana təhvil verildi. İyulun 3-də də eyni proses yenidən təkrarlandı. Ermənistan işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırdığı təqribən 92 min tank və piyada əleyhinə minalara dair xəritələri Azərbaycan tərəfinə təqdim edib. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən xarici siyasətinin və diplomatiyamızın uğuru kimi dəyərləndirilməlidir. Burada ən vacib məsələlərdən biri xəritələrin əldə edilməsinin insan itkisinin qarşısının alınmasında əhəmiyyətli rol oynamasıdır. Son bir neçə ayda  onlarca Azərbaycan vətəndaşı bu minaların qurbanı olub.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində iki ən böyük yaşayış məntəqəsi Ağdam və Füzuli, eləcə də Zəngilanın mina xəritələrinin əldə edilməsi, bu bölgələrdə iqtisadi quruculuq və məskunlaşma prosesini daha da sürətləndirəcəkdir.

Ölkəmiz sözsüz ki, bütün ərazilərin minalardan təmizlənməsinə, Qarabağın sürətlə yenidən qurulmasına, bərpasına tezliklə  tam nail olacaqdır.

M.MİRZƏ,

“Respublika”.