Əqidəli, peşəsinə sədaqətli, cəsarətli jurnalist
Sosial həyat

Əqidəli, peşəsinə sədaqətli, cəsarətli jurnalist

Məşhur "91-lər"in ümummilli lider Heydər Əliyevə müraciətindən 30 il keçir. 1992-ci il oktyabr ayının 16-da respublikamızın tanınmış, nüfuzlu ziyalılarından 91 nəfər Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə müraciət edərək Azərbaycanın son dərəcə çətin, ağır durumunda ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında gördüklərini bildirdilər.

O zaman dövri mətbuatda dərc olunmuş həmin yazıda ölkənin ictimai-siyasi vəziyyəti, bütün sahələri bürümüş ağır böhran təhlil edilərək ulu öndərə müraciətlə deyilirdi: "Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir".

Xalqımızın müdrik rəhbəri Heydər Əliyev Yeni Azərbaycan Partiyasının onillik yubiley mərasimindəki çıxışında "91-lər" barəsində belə demişdir: "91-lər", onlar artıq dillərdə əzbər olublar. Mən "91-lər"in hamısına həmişə böyük hörmət və ehtiram bəsləmişəm. Bu gün də onların hamısına-dünyadan gedənlərə Allahdan rəhmət diləyirəm, indi bizimlə bərabər olanlara səmimi-qəlbdən təşəkkür edirəm. Ona görə yox ki, "91-lər"in müraciəti, - sizinlə açıq danışıram, - mənim həyatımda böyük bir dönüş rolu oynadı. Yox. Siz bilirsiniz ki, biz partiyanı yaradandan 7 ay sonra xalq, o cümlədən o vaxt iqtidarda olanlar, artıq qaçıb dağılmaqda olan insanlar məni Azərbaycana dəvət etməyə məcbur oldular".

Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş "91-lər"dən biri haqqında söhbət açmaq istəyirəm. Müraciətdə 86-cı imzanın sahibi, istedadlı jurnalist, vətənpərvər ziyalı Mirzə Əsgərovdur. Bir-birimizi tələbəlik illərindən tanıyırdıq. 1970-ci illərin qaynar tələbəlik həyatı, mətbuata sonsuz həvəs bizi birləşdirmişdi. İkimiz də Bakı Dövlət Universitetinin çoxtirajlı "Lenin tərbiyəsi uğrunda" (indiki "Bakı universiteti") qəzetinin redaksiyasında tələbə müxbir kimi fəaliyyət göstərirdik. Demək olar ki, hər gün görüşür, yazdıqlarımızı müzakirə edir, qayğılarımızı bir-birimizlə bölüşürdük.

Mirzə Əsgərov 1956-cı il iyulun 7-də Naxçıvanın Ordubad rayonunun Aşağı Aza kəndində zəhmətkeş bir ailədə dünyaya göz açmışdır. Zəhmətə qatlaşmağı, halallığı hələ uşaq yaşlarından atası Qəhrəman kişidən öyrənmişdi. Orta məktəbi bitirib təsərrüfatda işləmiş, ordu sıralarında xidmət etdikdən sonra Bakı Dövlət Universitetinə daxil olmuşdu.

Tələbəlik illərində universitet qəzeti ilə yanaşı, "Azərbaycan gəncləri", "Sovet kəndi" və digər respublika qəzetləri ilə sıx əməkdaşlıq edir, yazıları qəzet və jurnallarda müntəzəm çap olunurdu. Dövrünün problemlərini işıqlandıran maraqlı, məzmunlu, məqalələri geniş oxucu kütləsinin rəğbətini qazanmışdı. Mirzə artıq III kursda oxuyarkən universitetin çoxtirajlı qəzetində ədəbi işçi vəzifəsinə qəbul olunmuşdu.

Mirzə Əsgərov ali təhsilini başa vurandan sonra Bakı Ali Partiya Məktəbini (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası), Azərbaycan Jurnalistlər Birliyi nəzdində Jurnalist Sənətkarlığı İnstitutunu, Moskvada Mətbuat İşçiləri üçün Ümumittifaq İxtisasartırma Kursunu da bitirmişdi.

İstedadlı qələm sahibi 1983-cü ildə Bakı Dərin Dəniz Özülləri Zavodunun "Xəzər-Kaspi" qəzetinə baş redaktor təyin olundu. O dövrdə Bakının rayonlarında qəzet çıxmırdı. Mirzənin işgüzarlığı, yüksək peşəkarlığı sayəsində "Xəzər-Kaspi" həm də Qaradağ rayonunun qəzeti kimi tanınır, böyük oxucu kütləsinin diqqətini cəlb edirdi. Qəzet dəfələrlə respublika müsabiqələrində qaliblər sırasında olmuş və bir sıra mükafatlara layiq görülmüşdü.

Mirzə Əsgərov 1987-ci ildən taleyini Azərinforma (AZƏRTAC - red.) bağlayıb. Bu nüfuzlu agentliyin əvvəl Muğan bölgəsi, sonra Naxçıvan Muxtar Respublikası üzrə xüsusi müxbiri işləyib.

1990-1993-cü illərdə Mirzə Naxçıvand

a işləyərkən vəziyyət son dərəcə ağır idi. Bütün sahələrdə böhran hökm sürürdü. Azərbaycanın başıpozuq, səriştəsiz rəhbərləri bu ulu, qədim diyarı Azərbaycandan təcrid edərək iqtisadi, siyasi, informasiya blokadasına salmışdı.

Naxçıvanda baş verən inqilabi dəyişikliklər, yeniliklər Azərbaycan rəhbərliyi tərəfindən qısqanclıqla qarşılanırdı. Heydər Əliyev haqqında qərəzli və sifarişli məqalələr yazılır, Muxtar Respublika ilə bağlı həqiqətlər ölkə daxilində və xaricdə məqsədli şəkildə gizlədilirdi. Azərbaycanın rəsmi qəzetləri, televiziya, radio, AZƏRTAC bu barədə susur, heç bir məlumat verilmirdi. Naxçıvan sözün əsl mənasında informasiya blokadasında yaşayırdı.

Zəhmətkeş, təcrübəli jurnalist Mirzə Əsgərov o dövrdə ümummilli lider Heydər Əliyevlə tez-tez görüşür, üzləşdiyi problemlər barədə məlumat verir, məsləhətlər alırdı. 1992-ci ildə ulu öndərin təşəbbüsü və xeyir-duası ilə Muxtar Respublikanı informasiya blokadasından çıxartmaq məqsədilə Mirzə Əsgərov "Real" informasiya agentliyini və "Naxçıvan" qəzetini təsis etdi. "Naxçıvan yaşayır, döyüşür" adlı jurnalın isə əsas müəllifi oldu.

"Real" müstəqil informasiya agentliyi qısa müddət ərzində İran İslam Respublikasının "İrna", Türkiyənin "Anadolu Ajans", Rusiyanın "İTAR TASS" kimi nüfuzlu agentlikləri ilə sıx əməkdaşlıq edərək Naxçıvan həqiqətlərini dünya ictimaiyyətinə çatdırdı. "BBC CNN" və beynəlxalq aləmdə yaxşı tanınan digər informasiya agentliklərinin əməkdaşlarını Naxçıvana dəvət edib informasiya blokadasını yarmağa müvəffəq oldu.

Naxçıvan Ali Məclisinin sədri, milli mətbuatımızın himayədarı Heydər Əliyevin yüksək diqqəti və qayğısı sayəsində "Naxçıvan" qəzeti 150 min tirajla çap olunur, geniş oxucu auditoriyasının məhəbbətini qazanırdı. Lakin bəzi siyasi nankorlar, xainlər, bədxahlar qəzetin Bakıda və Naxçıvanda fəaliyyət göstərən redaksiyalarına hücumlar təşkil edib əməkdaşların işinə mane olurdular. Yaradıcı kollektiv haqsızlıqlara, yersiz təzyiqlərə, təqiblərə, təhqirlərə baxmayaraq, cəsarətlə, qətiyyətlə, yüksək peşəkarlıqla öz işini görürdü. Mirzə Əsgərovun və onun ətrafındakı insanların ulu öndərə sədaqətindən narahat olanlar istəklərinə çata bilmirdilər.

Mirzə Əsgərov jurnalist fəaliyyəti ilə yanaşı, Naxçıvanın ictimai-siyasi, mədəni həyatında da fəallıq nümayiş etdirirdi. Qətiyyətli, işgüzar "91-lər"dən, Yeni Azərbaycan Partiyasının fəal qurucularından idi. Muxtar Respublikanın rayonlarını, kəndlərini gəzir, partiyanın təsis yığıncaqlarının keçirilməsində, ilk təşkilatların yaradılmasında yaxından iştirak edirdi. Təzyiqlərə, təqiblərə baxmayaraq, yolundan, əqidəsindən dönmür, partiya rəhbərinin tapşırıqlarını sədaqətlə, yüksək məsuliyyətlə icra edirdi.

Oğlu, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli o çətin günləri belə xatırlayır:

- Tanımadığımız adamlardan evimizə çoxlu zənglər gəlirdi. Cəbhəçilər atama təzyiqlər göstərir, qorxu gəlir, hətta ölümlə hədələyirdilər. Dəfələrlə iş yerinə basqın edərək onu aradan götürəcəklərini demişdilər. Naxçıvanda YAP-ın ərazi təşkilatının birinin təsis yığıncağında atama və onunla bir yerdə gələn nümayəndəyə sui-qəsd hazırlanmış, yaxın qohumların köməyilə onlar təcili yardım maşınında gizli şəkildə təhlükədən uzaqlaşmışdılar.

Atam bütün çətinliklərə, maneələrə mərdliklə, qətiyyətlə sinə gərərək ümummilli liderin siyasi kursuna sədaqətlə xidmət edirdi. Dünyanın nüfuzlu informasiya agentliklərini Naxçıvana dəvət etmək, "Naxçıvan" qəzetinin böyük tirajla çapına nail olmaq, Yeni Azərbaycan Partiyasının təşkilatlanmasına yaxından əməli köməklik göstərmək, jurnalist fəaliyyətini yüksək peşəkarlıqla aparmaq o dövrdə heç də asan deyirdi. Mirzə Əsgərov ulu öndərin yüksək diqqət və gündəlik qayğısı sayəsində bütün bu işlərin öhdəsindən bacarıqla gəlirdi. Var gücünü, enerjisini sevimli işinə sərf edərək Naxçıvanın, müstəqil Azərbaycanın mətbuat salnaməsinə parlaq səhifələr yazırdı. Keçdiyi şanlı, şərəfli ömür yolu ilə bu gün övladları, nəvələri qürur duyur, - deyə Araz Əsgərli bildirir.

Mirzə Əsgərov 37 yaşında - ömrünün ən parlaq, yaradıcılığının məhsuldar dövründə dünyasını dəyişdi. Onu böyük perspektiv gözləyirdi. Lakin qəfil ölüm bütün arzularını yarımçıq qoydu.

Dünyasını dəyişəndən sonra ümummilli lider Heydər Əliyevin onun haqqında dediyi qiymətli fikirlər ailəsi, doğmaları üçün ən böyük təsəllidir: "Bir gün mənim yanıma bir cavan oğlan gəldi. Mən ona görmək istədiyi işlərin çox çətin olduğunu dedim, amma o, öz işinin öhdəsindən layiqincə gəldi. Digər jurnalistlərə də Mirzə Əsgərov kimi əqidəli, peşəsinə sədaqətli, qələmini uca tutmağı tövsiyə edirəm. Allah rəhmət eləsin!"

Bu gün Mirzənin arzularını övladları yaşadır. Qızı Aygün BDU-nun jurnalistika fakültəsini bitirib. Ata yolunu layiqincə davam etdirir.

Mirzə Əsgərov milli mətbuatımızda istedadlı, zəhmətkeş, cəsarətli jurnalist kimi iz qoyub. Mətbuat sahəsində səmərəli xidmətlərinə görə "Həsən bəy Zərdabi", "Dan ulduzu", "Qızıl qələm" mükafatlarına, H.Z.Tağıyev adına "Fəxriyyə" diplomuna layiq görülüb.

Yaşasaydı daha böyük mükafatlar alacaq, sanballı yazıları, yeni kitabları ilə oxucuları sevindirəcəkdi. Təəssüf ki, mənalı, yaradıcı bir ömür yarımçıq qaldı. Mərd, sədaqətli, səmimi, gülərüz, qayğıkeş insan, mübariz jurnalist, parlaq şəxsiyyəti kimi yaddaşlara əbədi köçdü.

Əlisəfa HƏSƏNOV,

"Respublika".