Ənvər Fərəcov
Sosial həyat

Ənvər Fərəcov

Birinci Qarabağ savaşında Goranboy rayonu ərazisində erməni təcavüzkarlarına qarşı uğurlu döyüş əməliyyatları aparılmış, qəhrəman Azərbaycan oğulları düşmənə sarsıdıcı zərbələr endirmişlər.

Goranboyda erməni faşistlərinə qarşı ağır döyüşlərdə Ənvər Səyyad oğlu Fərəcov igidlik göstərmiş, hər qarış Vətən torpağı uğrunda mərdliklə vuruşmuş, polis əməkdaşı kimi üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmiş və şəhidlik zirvəsinə ucalmışdır.

Ənvər Fərəcov 28 iyun 1952-ci ildə Goranboy rayonunun Sarov kəndində dünyaya göz açmışdır. Ənvər lap uşaqlıqdan idmana böyük maraq göstərir, idman yarışlarında fəal iştirak edirdi.

O, 1968-ci ildə Sarov kənd orta məktəbini müvəffəq qiymətlərlə bitirmiş, sonra isə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olmuşdur. Ənvər 1974-cü ildə akademiyanın mexanizasiya fakültəsini bitirmiş və Goranboy rayonunun "Azərbaycan" kolxozunda baş mühəndis kimi əmək fəaliyyətinə başlamışdır. O, 1981-ci ildən daxili işlər orqanlarında çalışmağa başlayır.

Sonralar Ənvər Fərəcov Türkmənistanın Bezmin şəhərində xüsusi komendaturanın müəssisədənkənar mühafizə şöbəsində növbətçi kimi çalışır. Sonra sahə müvəkkili vəzifəsinə təyin olunur. 1990-cı ildə Özbəkistan Milis Akademiyasını bitirərək Azərbaycan DİN-in Sərəncamına göndərilir. Gəncə şəhər DİŞ-də rəis köməkçisi işləyir. 1991-ci ildə doğma rayonlarına qayıdır və bir müddət sonra Todan Polis bölməsinin rəisi təyin edilir.

18 avqust 1991-ci il... Ənvər yoldaşlarını mühasirədən çıxarmaq üçün qeyri-bərabər döyüşə girir və yoldaşlarını azad edirlər. Bu uğurlu əməliyyata görə bölmə rəisi Ənvər Fərəcov DİN tərəfindən mükafatlandırılır. Ənvər Goranboya gəldiyi gündən erməni yaraqlılarına qarşı döyüşlərdə qüvvə və bacarığını əsirgəmir, Vətən torpağının hər qarışının müdafiəsində cəsarətlə dayanır. Belə ki, onun sayıqlığı sayəsində düşmənin 5 nəfər canlı qüvvəsi əsir götürülür, xeyli hərbi sursat ələ keçirilir.

11 sentyabr 1991-ci ildə Goranboyda qızğın döyüşlər gedirdi. Erməni quldurları böyük qüvvə ilə Erkəç, Mənəşli, Buzluq kəndlərinə hücum etmişdilər. Döyüşdə Azərbaycan polisi sayca az olsa da, kəndlərin müdafiəsində sayıqlığı əldən vermirdi. Qeyri-bərabər döyüşdə ermənilər xeyli itki verdilər, geri çəkilməyə məcbur oldular. Bu, Ənvərin sonuncu döyüşü oldu.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 214 saylı fərmanı ilə Fərəcov Ənvər Səyyad oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Qəhrəman döyüşçünün Goranboy rayonunda büstü qoyulmuşdur.

Q.ASLAN,

"Respublika".