Enerji təhlükəsizliyi strateji tərəfdaşlıqda mühüm amildir
Siyasət

Enerji təhlükəsizliyi strateji tərəfdaşlıqda mühüm amildir

Məqsədyönlü, düşünülmüş daxili və xarici siyasət yürüdən Azərbaycan bu gün dünya ölkələri ilə əməkdaşlıq əlaqələrini genişləndirməklə ölkə iqtisadiyyatının inkişafının davamlılığını təmin edir, respublikanın bütün sahələr üzrə dinamik tərəqqisinə möhkəm zəmin yaradır. Beynəlxalq aləmdə etibarlı tərəfdaş statusu qazanmış Azərbaycan həm də zəngin enerji resurslarına malik ölkə kimi də tanınır. Respublikamızın enerji potensialından səmərəli və milli maraqlara uyğun olaraq istifadə olunması bu gün müstəqil dövlətimizə sayılıb-seçilən ölkələr arasında böyük hörmət və nüfuz qazandırıb.

Enerji sahəsində həyata keçirdiyi geniş islahatlar nəticəsində bu gün Azərbaycan Avropanın enerji xəritəsini demək olar ki, tamamilə dəyişib. Cənub Qaz Dəhlizi boru kəməri vasitəsilə Avropaya təbii qaz ixrac edən, nəhəng enerji resurslarına sahib olan ölkəmiz uzunmüddətli və etibarlı əməkdaşlıq əlaqələri quraraq enerji dialoqu həyata keçirir və növbəti illərdə yeni qaz yataqlarından istifadə etməklə bu dialoqu daha da genişləndirmək niyyətindədir. Eyni zamanda, bütün regionda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərməklə ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atır. Təbii ki, strateji tərəfdaşlığın əsasında isə enerji amili əsas yer tutur. Bütün dövrlərdə əsas məsələ olan enerji təhlükəsizliyi bu gün daha böyük əhəmiyyət daşıyır. Bu il oktyabr ayının 1-də Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə açılış mərasimi keçirilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru ümumilikdə Şərqi Avropa üçün mühüm əhəmiyyətli layihədir. Bu layihə Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verməklə həm də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfə olacaq. Bu baxımdan, Bolqarıstanla Azərbaycanın 2015-ci ildə imzaladığı strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əsasında həyata keçirilən əməkdaşlıq çərçivəsində digər sahələrlə bərabər hər iki ölkə üçün mühüm məsələ olan enerji təhlükəsizliyi sahəsində, həmçinin Bolqarıstana çatan Azərbaycan qazının ixracının həcminin artırılması istiqamətində vacib işlər həyata keçirilir.

Noyabr ayının 15-də Albaniyada səfərdə olan dövlət başçımız İlham Əliyev Azərbaycanın beynəlxalq təşkilatlarda uğurlu əməkdaşlığından, ölkəmizin bütün sahələrdə, o cümlədən enerji sahəsində əlaqələrinin gündən-günə genişləndiyindən, təbii qaz, elektrik enerjisi sahələrində əməkdaşlıq üçün yeni imkanlar yarandığından, təbii qaz sahəsində Albaniya ilə əməkdaşlıq əlaqələri çərçivəsində əldə edilmiş nailiyyətlər, qarşıda duran görüləcək işlərdən bəhs edərək demişdir: "... O ki qaldı, qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və Cənub Qaz Dəhlizinin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar... Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Həmin Memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir".

Bu il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen mətbuata bəyanatla çıxışı zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığı gücləndirəcək "Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nda bir neçə məqamı xüsusi vurğulayaraq qeyd etmişdir ki, Avropa İttifaqı Azərbaycandan idxal etdiyi qazın həcmini ikiqat artırmaqla Cənub Qaz Dəhlizini genişləndirəcək ki, bu da enerji təhlükəsizliyi sahəsində ikitərəfli münasibətlərin daha da dərinləşməsində güc amilinə çevriləcək. Onu da qeyd etmək lazımdır ki, bu gün Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı özünə strateji tərəfdaş hesab edir ki, bu da ölkəmizin Avropaya inteqrasiyası yolunda, həm siyasi, həm də iqtisadi, o cümlədən enerji, ticarət, investisiyalar və digər sahələrdə, həmçinin diplomatik fəaliyyətində böyük əhəmiyyət kəsb edir. Qaz təchizatı zənciri boyu metan qazının tullantılarının azaldılması ilə bağlı Avropa İttifaqının üzərinə öhdəliklər götürməsi və Azərbaycanı qlobal metan öhdəliyinə qoşulmağa dəvət etməsi, həmçinin Azərbaycanla yalnız yanacaq növlərinin deyil, tədricən bərpaolunan enerji növlərinin təchizatçısı kimi də əməkdaşlıq əlaqələrinin təməlini qoyması da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində artan rolunun göstəricisidir.

 Neft və qaz hasilatçısı olan, uzun illərdir xam neftini dünya bazarlarına çıxaran, bu gün isə həm də Avropa İttifaqı ölkələrini qazla təmin edərək qitənin enerji təhlükəsizliyində əvəzsiz rol oynayan ölkəmiz, həmçinin bərpaolunan enerji mənbələrinə görə də Avropa ölkələrinin diqqətini cəlb edir. Belə ki, işğaldan azad olunmuş ərazilərimizdə bərpaolunan günəş və külək enerjisinin potensialı 9200 meqavat, Xəzər dənizində külək enerjisinin potensialı isə 157 geqavat təşkil edir ki, artıq dövlətimiz tərəfindən bu sahəyə sərmayə qoyuluşuna başlanılıb.

Müstəqil siyasət yürüdən, ölkə iqtisadiyyatını möhkəmləndirməklə dövlətimizin müstəqilliyinin sarsılmazlığını təmin edən, onu qüdrətli, heç bir ölkədən asılılığı olmayan, beynəlxalq aləmdə verdiyi qərarlara hörmətlə yanaşılan bir ölkəyə çevirən Azərbaycan Prezidenti İlham Əliyev həyata keçirdiyi düzgün, gələcəyə hədəflənmiş siyasəti ilə Azərbaycana dost, etibarlı tərəfdaş olan ölkələrin sayını artırır. Belə ki, bu gün Azərbaycan zəngin təbii ehtiyatları, neft və qaz resursları, bərpaolunan enerji mənbələri ilə bir çox ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynamaqla dünya ölkələri səviyyəsində qurduğu əlaqələri daha da dərinləşdirir. Bu ölkələrlə əməkdaşlığın möhkəmləndirilməsi və genişlənməsi isə ölkəmizin qüdrətini günbəgün artırır.

Mehparə ƏLİYEVA,

"Respublika".