Ənənəvi təhsil formasında dərslərə start verildi
Region

Ənənəvi təhsil formasında dərslərə start verildi

Pandemiyanın yaratdığı çətinliklər Şabran rayonunun təhsil sahəsindən də yan keçməyib. Müəyyən məhdudiyyətlərə baxmayaraq müəllim və şagirdlər ruhdan düşmədən daha çox öyrətməyə və daha çox  öyrənməyə səy göstəriblər. Ötən dərs ilində həm respublika fənn olimpiadalarında, həm də  ali məktəblərə qəbul imtahanlarında qazanılan uğurlar sevindiricidir. Bu barədə rayon Təhsil şöbəsinin müdiri Emin Mövsümov deyir:

- 2021-ci ildə Şabran rayon ümumtəhsil məktəblərinin IX siniflərindən 832, XI siniflərindən 500 nəfər məzun olmuşdur. Respublika fənn  olimpiadalarının final mərhələsində iştirak edən  rayonun 7 şagirdindən 4-ü  qalib adını qazanıb.Şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Namiq Hətəmov coğrafiya fənni üzrə qızıl, şəhər 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Fərman Əliyev riyaziyyat fənni üzrə gümüş, şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Hikmət Cəbrayılov biologiya fənni üzrə gümüş,  XI sinif şagirdi Fərid Mahmudov tarix fənni üzrə bürünc medala layiq görülüblər. V sinif şagirdləri arasında keçirilən Lütvi Zadə adına məntiq olimpiadasında isə Şabran şəhər 3 nömrəli tam orta məktəbin şagirdi Rəsul Fərhadov Respublika üçüncüsü olub.

Rayonun ümumtəhsil məktəblərinin on birinci siniflərini bitirən 500 nəfər məzundan 160 nəfəri ali məktəblərə qəbul olunub. Bu da ötən illə müqayisədə 22 faiz çoxdur. Onlardan 14 nəfəri 500 baldan yuxarı,  2 nəfəri isə 600 baldan yuxarı nəticə  göstərmişdir. M.Nəzirov adına şəhər  4 nömrəli tam orta məktəbin məzunu Fərid Mahmudov Respublika fənn olimpiadasının qalibi olduğu üçün ali məktəbə müsabiqədənkənar qəbul olunub. R.Yusifov adına 2 nömrəli məktəb-liseyin məzunu Fərman Əliyev 666 bal toplayaraq rayon üzrə ali məktəblərə qəbul olunanlar arasında ən yüksək nəticə əldə etmişdir. Qeyd edək ki, Fərman həm də Respublika fənn olimpiadasının riyaziyyat üzrə gümüş medal mükafatçısıdır. O, orta məktəbi də qızıl medalla bitirmişdir.

Artıq dərs ilinə start verilmişdir. İbtidai siniflər ənənəvi təhsil formasında dərslərə başlamışlar. 2021-2022-ci tədris ilində rayonun ümumtəhsil məktəblərinin 1-ci siniflərində oxuyacaq 875 nəfər, məktəbəhazırlıq qruplarına isə 670 nəfər uşaq qeydiyyatdan keçmişdir.

Yeni dərs ili yeni vəzifələr deməkdir. Bu tədris ilində də pedaqoji kollektivlərimizi böyük işlər gözləyir. Məktəblərdə əyani tədrisə başlamaq üçün ciddi hazırlıq işləri görülmüşdür. Distant və hibrid təhsil formalarından  sonra məktəblilərin ənənəvi təhsilə adaptasiyası ilk və əsas işlərimizdən  biridir. Bu istiqamətdə maksimum səmərəliliyi təmin etmək üçün məktəb  direktorları, müəllim və məktəb psixoloqları ilə müvafiq söhbətlər aparılmış, lazımi tapşırıqlar verilmişdir. İnanıram ki, bu tədris ilində də uğurlarımız davam edəcək, yeni-yeni nəaliyyətlər əldə olunacaq.

Ziyafəddin BAYRAMOV,

    “Respublika”.