44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun qazandığı qələbədə lerikli oğlanların da payı var. Dağlar diyarında böyüklü-kiçikli indi hamı şəhidlərin hər birinin anım mərasimlərində, ildönümlərində, xatirə gecələrində və adlarının əbədiyaşarlığına həsr olunan tədbirlərdə iştirakı özünə mənəvi borc bilir.
Bu günlərdə Lerik Rayon İcra Hakimiyyəti başçısı Əkbər Abbasov və rayon sakinləri Cənginəvud və Piran kəndlərində İkinci Qarabağ savaşında sinələrini Vətənə tuşlanan düşmən gülləsinə sipər edən Ceyhun Akif oğlu Səfərovun və Vidadi Cəbrayıl oğlu Cabbarovun şəhadətə qovuşmasının ikinci ildönümü ilə əlaqədar uyuduğu müqəddəs məzarlara baş çəkib üzərlərinə gül dəstələri düzərək xatirələrini ehtiramla yad ediblər. Həmçinin, şəhidlərin əziz xatirəsinə ucaldılmış Peştətük kəndində “Zəfər Parkı” abidəsi, Piran kəndində bulaq-abidə kompleksləri və Cənginəvud kəndində bulaq kompleksi ziyarət olunubdur. Rayon icra hakimiyyəti başçısı Ə.Abbasov mərasimlərdə iştirak edən şəhid ailə üzvləri ilə görüşüb, başsağlığı verərək onlarla səmimi söhbət zamanı problemlərini öyrənib.
Ceyhun Səfərov 2020-ci ildə könüllü olaraq əlinə silah alıb İkinci Qarabağ müharibəsinə yollanır. Füzuli, Cəbrayıl, Zəngilan uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və igidlik nümunəsi göstərib. Düşmənə sarsıdıcı zərbələr endirən və xeyli sayda canlı qüvvəsini məhv edən Vətən sevdalısı 20 oktyabr 2020-ci il tarixində Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub. Layiq görüldüyü “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ondan sonra yadigar qalıb.
Azərbaycan Ordusunun giziri olan Vidadi Cabbarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni faşistlərinin işğalı altında olan Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, oktyabrın 20-də Qubadlıda gedən döyüşlərdə 24 yaşında şəhidlik zirvəsinə ucalıb. Vətən qarşısında övladlıq borcunu şərəflə yerinə yetirdiyi üçün dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda” və Cəbrayılın, Qubadlının azad olmasına görə medalları ilə təltif edilir.
Bəli, döyüş meydanından bir addım belə geri atmayan qəhrəman Vətən övladlarının xatirəsinin əziz tutulması Azərbaycan dövləti və xalqı var olduqca daim davam edəcək.
Zəfər ORUCOĞLU.