Ən uca məqam
Region

Ən uca məqam

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şəhidlik zirvəsinə yüksələn  Şirvan şəhərinin qəhrəman oğlu Ramil Vüqarəddin oğlu Əliyevin doğum günü Şirvan Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan Şəhər Şəhidlər Xiyabanında Ramilin məzarı önünə gül-çiçək dəstələri düzüb xatirəsini ehtiramla yad etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin anasına Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib və Allahdan ona səbir dilədi. İcra başçısı  qeyd etdi ki, bu gün hər kəs Vətən uğrunda öz canını fəda etməklə ən uca zirvəyə yüksələn Ramilin o ucalıqdan şölələnən işığına yığışıb. Ramil və onun kimi yüzlərlə mərd və cəsarətli oğulların gənc yaşda əbədiyyətə qovuşması sayəsində xalqımızın qürur hissi  özünə qaytarıldı. Ona görə də qəlbi Vətən sevgisi ilə döyünən hər bir azərbaycanlı şəhidlərin müqəddəs ruhu qarşısında baş əyir, onları böyük ehtiramla yad edirlər. İlqar Abbasov ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhidlərimizdən bizə əmanət qalan ailələrinə və yaralılara göstərdikləri diqqət və qayğının Şirvan şəhərində də davam etdirildiyini, hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söylədi.

Millət vəkili İltizam Yusifov,    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğuladılar.

Şəhidin döyüş yoldaşı Vüsal Ramilin göstərdiyi şücaətdən bəhs etdi.    Şəhər məscidinin imamı Əvəz Mehrəliyev ulu öndərin və vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxudu.

Tədbirə toplaşanlar şəhid Ramil Əliyevin yaşadığı binanın həyətində yaradılan xatirə guşəsinin qarşısında onun keçdiyi ömür yolundan, mərdliyindən, şücaətindən söz açdılar.

Şəhidin vaxtilə oxuduğu 9 nömrəli tam orta məktəbin şagirdləri bədii kompozisiya ilə çıxış etdilər. Şəhidin ailəsinə xatirə hədiyyəsi təqdim olundu.

Şəhid Ramil Əliyevin anası Xuraman xanım övladı ilə qürur duyduğunu bildirdi,  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi.

Tofiq HÜSEYN,

"Respublika".