Ən ali məqama ucalan gənc zabit
Sosial həyat

Ən ali məqama ucalan gənc zabit

Şəhidlik vətənpərvərliyin ən ali, ən yüksək məqamıdır. Belə ucalığa yüksələn, qismətində bu şərəfli ad olan, torpaqlarımızın azadlığı uğrunda canından keçən Vətənin igid oğullarından biri də Azərbaycan Ordusunun gənc zabiti, baş leytenant Murad Yusif oğlu İbadovdur.

Qobustan rayon Cəyirli kəndində 1993-cü il dekabrın 29-da anadan olan Murad İbadov orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb. 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. 2016-cı ildən Bərdə rayonunda yerləşən 1-ci Ordu Korpusunda "N" saylı hərbi hissədə hərbi qulluqçu kimi fəaliyyətə başlayıb. Xidmətə başladığı həmin il dördgünlük Aprel döyüşlərinin iştirakçısı olub. 2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı. Bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin qorunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən təxirəsalınmaz cavab tədbirləri həyata keçirilmişdir. Sürətli əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunmuşdur. Gənc zabit Murad İbadovun da iştirak etdiyi döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnmişdir. Aprel döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri 2000 hektardan çox ərazini azad etmiş, həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi.

27 sentyabr tarixində başlanmış İkinci Qarabağ Vətən müharibəsinin ilk günlərindən Murad İbadov döyüşə baş leytenant kimi qatılır. Ermənistan Silahlı Qüvvələri tərəfindən 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri intensiv atəşə tutulmuşdu. M.İbadovun xidmət etdiyi hərbi hissə əks-hücum əməliyyatı ilə Qarabağın şimal, şimal-şərq və cənub-şərq cəbhəsi boyunca hücuma keçir. Ordumuzun ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır və cəbhəboyu istiqamətində irəliləməyə başlayır. Əməliyyat nəticəsində düşmən ordusu xeyli canlı qüvvə və texnika itirir.

Döyüşçülərimiz bu hücumda Madagizi ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurur və burada Azərbaycan bayrağını qaldırır. Bu xoş xəbərin ardınca Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev bir məlumat paylaşır: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır".

Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə mühasirəyə düşərək ağır yaralanan Murad son nəfəsinə qədər düşmənlə mübarizə aparır. Oktyabırın 15-də qəhrəmancasına şəhid olur. Gənc zabitin nəşi 36 gün neytral bölgədə qaldıqdan sonra ailəsinə təhvil verilib.

Şəhid Murad İbadov noyabrın 22-də doğulduğu Cəyirli kənd qəbiristanlığında torpağa tapşırılıb.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş əməliyyatlarına qatılan, hərbi hissə qarşısında qoyulmuş döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Murad Yusif oğlu İbadov ölümündən sonra "Vətən uğrunda", "Hərbi xidmətlərə görə", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.

44 günlük müharibədə döyüşərək böyük şücaət göstərən, Zəfər tariximizə adı yazılan, şəhadətə ucalan qəhrəman oğullarımız daim ehtiramla yad olunur. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi Murad Yusif oğlu İbadov kimi… Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bəybala BƏYBALAYEV,

"Respublika".