Əməkhaqlarının və pensiyaların artımı əhalinin sosial həyatını daha da yaxşılaşdırır
Sosial həyat

Əməkhaqlarının və pensiyaların artımı əhalinin sosial həyatını daha da yaxşılaşdırır

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün hər il ölkəmizdə pensiya və müavinətlər artırılır. Yanvar ayının 5-də Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamı ilə Azərbaycanda minimum aylıq əməkhaqqı cari il yanvarın 1-dən 345 manat müəyyən edilib. Eyni zamanda Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair sosial müavinətlərin və təqaüdlərin məbləğinin artırılması ilə bağlı təkliflərini Azərbaycan Prezidentinə təqdim etmək tapşırılıb. Sərəncam sosial təminata daha çox ehtiyacı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Ölkəmizdə minimum əməkhaqqı və minimum pensiya məbləğinin artırılması əhalinin sosial rifahının və həyat şəraitinin yaxşılaşdırılması üçün atılan növbəti addımıdır. Qeyd edək ki, bu vaxta kimi ölkədə minimum aylıq əməkhaqqı 300 manat idi. Son verilən Sərəncama əsasən minimum aylıq əməkhaqqının təxminən 15 faiz artması cəmiyyət arasında ruh yüksəkliyinə səbəb olmuşdur. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək. Minimum əməkhaqqının artırılması üçün 440 milyon manata yaxın vəsaitin ayrılması nəzərdə tutulub.

Yeni Sərəncama əsasən eyni zamanda minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılıb. Bu artım isə 100 minədək pensiyaçını əhatə edəcək. Son illər ölkədə aparılan sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Ümumilikdə isə bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub. Həmin artımlar isə 1,9 milyon vətəndaşı əhatə edəcək. Əlbəttə ki, aparılan bütün islahatlar ölkə əhalisinin sosial müdafiəsinin, rifahının gücləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan addımlardır. Ardıcıl və davamlı xarakter alan bu islahatlar ölkə vətəndaşlarının yaşayışında mühüm irəliləyişlərə səbəb olub. Bütün bunlar ölkə rəhbəri İlham Əliyevin bu qəbildən olanlara diqqət və qayğısının təzahürüdür.

 Minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Dəyişən və qloballaşan dünyamızda hər gün yeni şərtlər, yeni dəyişikliklər meydana çıxır. Bu da ilk növbədə insanların həyat şəraitinə, yaşayışına təsir göstərir. Dünyada baş verən iqtisadi böhranların, qiymət dəyişmələrinin fonunda vətəndaşların da həyatında dəyişikliklər baş verir. Bütün bunları nəzərə alan dövlətimiz mühüm addımlar ataraq minimum aylıq əməkhaqqının artırılması ilə əhalinin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır. Minimum aylıq əməkhaqqının və minimum pensiya məbləğinin artırılması ölkə vətəndaşının hər birinin həyatına müsbət təsirini göstərir. Sərəncam neçə-neçə ailələrə, ayrılıqda vətəndaşlara sevinc bəxş etdi. Yaşından, kimliyindən asılı olmayaraq hər bir vətəndaşın, ölkə əhalisinin taleyində, həyatında müsbət dönüş, əhvali-ruhiyyə yaratdı. Əlbəttə ki, artan əməkhaqqı və pensiyalar hər biri ayrılıqda bir ailənin, bir ocağın inam və sevincinə səbəb oldu. Daha etibarlı, güvənli həyat tərzini təmin etməkdə mühüm addıma, stimula çevrildi.

Dünyanın bir çox ölkələrində əhalinin sayı azalmağa doğru getdiyi halda, Azərbaycanda əhalinin sayında artım davam edir. Baxmayaraq ki, ölkəmiz iki il əvvəl müharibə şəraitində yaşamış və möhtəşəm qələbə qazanmışdır. Sözsüz ki, qazanılan qələbədə itkilərimiz də olmuşdur. Lakin əldə etdiyimiz qələbə bizə güclü, möhkəm sosial, iqtisadi dövlətə çevrilməyimizdə əsas amillərdən biri olmuşdur. Bu gün Azərbaycan yenilənən qüdrətli, güclü bir dövlətdir. Aparılan sosial-iqtisadi inkişaf strategiyası nəticəsində bütün sahələrdə mühüm tarixi nailiyyətlərə imza atan, iqtisadi qüdrətini artıran, sabitlik, əmin-amanlıq məkanı olan ölkəmizdə sosial rifah səviyyəsinin də davamlı şəkildə yaxşılaşmasında da özünü göstərir.

Ramidə YAQUBQIZI,

"Respublika".