Əməkdaşlıq, tərəfdaşlıq və dayanıqlı inkişaf layihəsi
Siyasət

Əməkdaşlıq, tərəfdaşlıq və dayanıqlı inkişaf layihəsi

30 noyabr 2019-cu ildə qardaş Türkiyənin Ədirnə vilayətinin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.

TANAP mahiyyətcə Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik nəhəng Cənub Qaz Dəhlizinin ən önəmli hissəsi hesab olunur. Yunanıstan sərhədində TANAP-la birləşən Transadriatik qaz boru kəməri (TAP) vasitəsilə Azərbaycanın təbii qazı Xəzər hövzəsindən Avropa bazarlarına nəql olunur. TANAP layihəsi maliyyə tutumu 38 milyard dollar həcmində qiymətləndirilən, 7 ölkəni birləşdirən Cənub Qaz Dəhlizinin, yəni Avropanın enerji təhlükəsizliyi üçün Azərbaycan və Türkiyə dövlətlərinin fədakarcasına reallaşdırdığı strateji xəttin məntiqi davamı oldu. Cənub Qaz Dəhlizinin əhatə etdiyi 7 ölkədən 3-ü Avropa İttifaqını təmsil edir. Bu dəhlizin əsas seqmenti sayılan TANAP isə Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz 2" qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdırır. TANAP Azərbaycan, Gürcüstan, Türkiyə marşrutundan Avropaya - TAP xəttinə birləşir və oradan davam edərək Bolqarıstan, Yunanıstan, Makedoniya, Albaniya, Serbiya, Bosniya və Herseqovina xətti üzərindəki ölkələri də əhatə edir. Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. Beləliklə, Azərbaycan və Türkiyənin liderliyi ilə təməli qoyulan TANAP Avropa sərhədinə çatdırıldı.

"Dörd il əvvəl Qars şəhərində əziz qardaşım Prezident Ərdoğanla birlikdə TANAP-ın təməlini qoyduq. Ancaq TANAP-a aparan yol 2012-ci ildə başlamışdır. Tarixi İstanbul sazişi nəticəsində TANAP-ın yaşıl işığı yandırıldı. Tarixi İstanbul anlaşması Türkiyə və Azərbaycanın birgə siyasi iradəsi nəticəsində mümkün olmuşdur". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev TANAP-ın açılış mərasimində çıxışı zamanı bildirib. Dövlət başçısı qeyd edib ki, TANAP haqqında bu qərarın qəbul edilməsinə qədər Azərbaycan qazının Türkiyə və ondan sonra Avropaya nəql edilməsi ətrafında bir neçə il çox böyük mübahisələr və müzakirələr aparılmış, ancaq heç bir nəticə əldə edilməmişdir. "Belə olan halda əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla birlikdə qərara gəldik ki, bizə lazım olan bu nəhəng layihəni özümüz həyata keçirək və belə də oldu. Bu gün bu layihəyə qoşulan BP şirkəti bizim tərəfdaşımızdır. Ancaq əsas texniki və maliyyə yükünü Azərbaycan və Türkiyə öz üzərinə götürmüşdür", - deyə ölkə başçısı vurğulamışdır.

Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "TANAP ölkəmizin sülhməramlı baxışının konkret işarəsidir". Cənab Ərdoğan bu layihənin Türkiyə və Azərbaycan arasında "dərin dostluğun simvolu", TANAP-ın Azərbaycandan Avropaya uzanan 3500 kilometrlik enerji koridorunun ən əhəmiyyətli hissəsi olduğunu, TANAP vasitəsilə 16 milyard kubmetr Azərbaycan qazının Türkiyə və Avropanın istifadəsinə verilməsinin "xəyaldan həqiqətə çevrildiyini" bildirib. Türkiyə Prezidenti TANAP-ın TAP (Transadriatik qaz kəməri) ilə birləşdirilməsinin və beləliklə, Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizinin tam şəkildə reallaşmasının vacibliyini qeyd edib və Asiya ilə Avropanı birləşdirən bu qlobal layihənin reallaşmasına görə Azərbaycanın dövlət başçısına öz təşəkkürünü bildirib.

1810 kilometrdən artıq uzanan boru kəməri layihəsinin həyata keçirilməsində Türkiyə, Gürcüstan, Böyük Britaniya, Rusiya, Fransa və digər ölkələri təmsil edən 12-yə qədər məşhur şirkət iştirak edib. Bu layihə, geniş beynəlxalq əməkdaşlığı rellaşdıran TANAP-ın istifadəyə verilməsi göstərir ki, Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatır və bu, ölkəmizin daha da inkişaf etməsi üçün əlavə imkanlar yaradır. TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulub. Azərbaycan belə genişmiqyaslı iqtisadi və siyasi əməkdaşlığı tələb edən layihəni həyata keçirməklə beynəlxalq aləmdə nüfuzunun daha da artmasını təmin edir. TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.

Qeyd edək ki, 2011-ci ildə Avropa İttifaqı ilə Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Birgə Bəyanat TANAP və TAP-la bağlı Hökumətlərarası Sazişlərlə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. 2012-ci il iyunun 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan TANAP-la bağlı müqavilə imzalayıblar. 2014-cü il sentyabrın 20-də Cənub Qaz Dəhlizinin təməli qoyulub. 17 mart 2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP-ın, 2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimləri keçirilib və boru kəmərlərinin inşasına start verilib. 30 iyun 2018-ci ildə ilk kommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə göndərilməsinə start verilib. 30 noyabr 2019-cu ildə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirilib. Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə TAP vasitəsilə Avropa bazarına tədarükünə başlanılıb. Cənub Qaz Dəhlizinin ümumi dəyəri təxminən 40 mlrd. ABŞ dollarıdır. Cənub Qaz Dəhlizinin məqsədi "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir. "Şahdəniz Mərhələ 2" layihəsi Azərbaycan qazını Avropaya və Türkiyəyə çatdıracaq nəhəng bir layihə kimi, Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarını qazla təchiz etməklə, enerji təhlükəsizliyini artıracaq.

 TANAP və Cənub Qaz Dəhlizi, eyni zamanda enerji təhlükəsizliyi layihəsidir. Hazırda dünya miqyasında enerji təhlükəsizliyi aktuallığını saxlayır. Bu baxımdan, gözəl əməkdaşlıq formatı yaradılıb. İstehsalçı ölkə Azərbaycan tranzit və istehlakçı ölkələrlə birlikdə çalışır. Ölkələrin mənafeyi də birdir, gəlirləri də ədalətli şəkildə bölünür. Belə layihələr bölgədəki sabitliyi daha da möhkəmləndirir.

M.MUSTAFAYEV,

"Respublika".