Əməkdaşlığın yeni inkişaf mərhələsi
Siyasət

Əməkdaşlığın yeni inkişaf mərhələsi

Azərbaycanla Bosniya və Herseqovina arasında diplomatik əlaqələr 1995-ci il fevral ayının 9-da qurulmuşdur. Hələ 51 il əvvəl, 1972-ci ildə Sovet İttifaqı və Yuqoslaviyanın mövcudluğu dövründə Bakı və Sarayevo arasında qardaşlaşma sazişi imzalanmışdır. Ölkələr arasındakı əlaqələrə nəzər salsaq, görərik ki, hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə bir-birini dəstəkləmiş və bu münasibət bu gün də davam edir.

Ölkə başçısı İlham Əliyevin bildirdiyi kimi, "Xüsusilə işğal dövründə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Bosniya və Herseqovinanın mövqeyi bizim üçün çox önəmli idi. Bir məsələni də xüsusilə qeyd etmək istəyirəm, iki il yarım bundan əvvəl Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı öz ərazi bütövlüyünü bərpa edəndə Bosniya və Herseqovina qətiyyətli şəkildə Azərbaycanı dəstəkləmişdir, bizim haqq işimizi dəstəkləmişdir. Bu, dostluq və qardaşlıq mövqeyidir, buna görə biz Sizə minnətdarıq". Əlbəttə ki, Azərbaycan da  öz növbəsində bütün məsələlərdə, o cümlədən, ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı məsələsində birmənalı şəkildə Bosniya və Herseqovinanın maraqlarını dəstəkləmişdir.

İki ölkə arasında strateji tərəfdaşlıq Azərbaycan Prezidenti İlham Əliyev və Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri xanım Jelka Tsviyanoviç tərəfindən imzalanmış "Azərbaycan Respublikası ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ilə yeni inkişaf yoluna qədəm qoydu. Bu bəyannamə iki ölkə arasında xüsusilə enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı və informasiya texnologiyaları sahələrində əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Sarayevoda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç, rəyasət heyətinin üzvləri Jelko Komşiç və Denis Beçiroviç ilə geniş tərkibdə görüşü zamanı ölkəmizlə Bosniya və Herseqovina arasında siyasi münasibətlərin mükəmməl səviyyədə olduğu, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyi xüsusi olaraq vurğulandı. Azərbaycanın Bosniya və Herseqovinada səfirliyinin açılmasının əlaqələrimizin inkişafında mühüm rol oynadığı, Bosniya və Herseqovinanın da tezliklə Azərbaycanda səfirlik açmaq niyyətində olması xəbəri isə ikili əlaqələrin gələcək inkişafının göstəricisidir. Bununla yanaşı, görüşdə Bosniya və Herseqovinanın Azərbaycan vətəndaşları üçün viza rejimini aradan qaldırdığı və bu istiqamətdə Azərbaycan tərəfindən də müvafiq addımların atılacağı vurğulandı. Eləcə də, Azərbaycanın 2014-cü ildə Bosniya və Herseqovinada baş vermiş daşqınların fəsadlarının aradan qaldırılmasında və COVID-19-a qarşı mübarizədə göstərdiyi maddi və humanitar dəstəyi qeyd edilərək, dövlətimizin bu ölkədə humanitar infrastruktur xarakterli bir sıra layihələrin həyata keçirməsini, o cümlədən gözdən əlil və ahıl insanlar üçün mərkəzlərin təmiri məsələsi diqqətə çatdırıldı.

Ölkələrimiz arasında enerji əməkdaşlığı neft və təbii qazın nəqli və saxlanması, neft emalı zavodları, neft və təbii qazın hasilatı və emalı kimi müxtəlif sahələri əhatə edir. Bundan əlavə, bərpaolunan enerji mənbələri, xüsusən də hidroelektrik enerji potensialı iki ölkə arasında əməkdaşlığın digər mühüm sahəsidir.

Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizinin uzunluğu 3 min 500 kilometrdir. İki ildən bir qədər çox müddət ərzində bu kəmər Avropaya Azərbaycanın təbii qazını nəql edir. Kəmər Bosniya və Herseqovinanın sərhədlərinin yanından keçir. Və artıq bu istiqamətdə də əməkdaşlıq perspektivləri öyrənilir. Göründüyü kimi, Cənub Qaz Dəhlizinin şaxələndirilməsi sahəsində müəyyən planlar var. Məlumdur ki, Azərbaycan Orta Dəhliz layihəsi üzrə öz ərazisində bütün lazımi infrastruktur layihələrini başa çatdırıb, eyni zamanda digər ölkələrdə də nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı böyük sərmayə qoyur. Ona görə Cənubi Qafqaz və Balkan regionları arasında nəqliyyat bağlantısı bu bölgələrdə yaşayan xalqlar üçün faydalı olacaqdır.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyətinin Bosniya və Herseqovinaya səfəri zamanı isə iki ölkə arasında iqtisadi əməkdaşlığın, xüsusilə enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, sənaye və ticarət sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə olunub. Bosniya və Herseqovinanın xarici ticarət və iqtisadi əlaqələr naziri Staşa Koşaraç Nazirlər Şurasının sədri Boryana Krişto Azərbaycanın nümayəndə heyəti ilə görüş zamanı dövlətimizin bu ölkə ilə əlaqələrə önəm verdiyi, iqtisadi-ticari əməkdaşlığın gücləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Həmçinin ölkəmizdə investisiya fəaliyyətinin təşviq edilməsi ilə bağlı görülən işlər, xarici investisiyalar üçün yaradılmış əlverişli mühit diqqətə çatdırılaraq Bosniya və Herseqovina şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Qeyd edək ki, Azərbaycanın Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi iqtisadiyyat naziri Mikayıl Cabbarov ilə Bosniya və Herseqovina Xarici Ticarət Palatasının Prezidenti Zdravko Marinkoviç imzalayıblar. Memorandum iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradacaq. Görüş zamanı xüsusilə Azərbaycandan Bosniya və Herseqovinaya neft və təbii qaz ixracının artırılması məsələləri müzakirə edilib. Bundan əlavə, iki ölkə arasında ticarətin şaxələndirilməsi, kənd təsərrüfatı və turizm sahələrində əməkdaşlıq, investisiya imkanlarının genişləndirilməsi və iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri də müzakirə olunub.

Nurlan ABDALOV,

"Respublika".