Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Sərəncam

Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 3135 nömrəli Sərəncamının icrasını təmin etmək və əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsini gücləndirmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına 2022-ci ildə aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə əlavələr nəzərə alınmaqla) 10 faizi məbləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şamil edildiyi əmək pensiyaçılarının pensiyalarının tərkibinə daxil edilməsinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 4 mart 2022-ci il