Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası
Siyasət

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası

Prezident İlham Əliyevin 2017-ci il martın 17-də imzaladığı Sərəncamla yaradılmış Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, iclasda dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" çərçivəsində 2021-ci il ərzində görülən işlər, əldə edilən nəticələr, qarşıda duran vəzifələr müzakirə edilib.

Baş nazirin müavini, Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının sədri Əli Əhmədov qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində 2021-ci il ərzində görülmüş işlər, əldə edilən uğurlar barədə məlumat verib. Komissiyanın sədri hesabat dövründə "Azərbaycan Respublikasında qeyri-formal məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı" üzrə tapşırıqların icrası ilə bağlı fəaliyyətin davam etdirildiyini bildirib, bu sahədə qəbul edilmiş qanunvericiliyin icrasına nəzarət, formal məşğulluğun təşviqi, maarifləndirmə, elektron nəzarət sistemlərinin qurulması və digər istiqamətlərdə tədbirlərin həyata keçirildiyini vurğulayıb. O, Prezidentin 2021-ci il dekabrın 17-də imzaladığı Sərəncama əsasən bu il yanvarın 1-dən minimum əməkhaqqının məbləğinin 300 manata çatdırılmasının əhalinin sosial rifahının qorunması, muzdla işləyən şəxslərin layiqli əmək şəraitinin təmin edilməsi, eləcə də işçilərin formal məşğulluğa təşviqinə xüsusi töhfə verdiyini, işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını stimullaşdırdığını diqqətə çatdırıb.

İclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Qanunvericilik və idarəetmə üzrə İşçi qrupun rəhbəri Anar Əliyev tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin təşkili ilə bağlı məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov avtomobil nəqliyyatı sahəsində qeyri-formal məşğulluq halları barədə, bununla mübarizə sahəsində görülən işlər haqqında çıxış edib.

Müzakirələrdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək müzakirə olunan məsələlərə münasibət bildiriblər.

Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının 2021-ci il üzrə fəaliyyətinə dair dövlətimizin başçısına təqdim ediləcək hesabatın layihəsi müzakirə edilərək qəbul olunub.

Komissiyanın sədri qarşıda duran vəzifələrin icrası, o cümlədən formal məşğulluğun təşviqi istiqamətində maarifləndirmə tədbirlərinin gücləndirilməsinə dair tapşırıqlar verib.

AZƏRTAC