Elin mərd oğlu
Region

Elin mərd oğlu

Şanlı zəfərimizlə başa çatan 44 günlük  İkinci Qarabağ  müharibəsi  xalqımızın  Vətən, torpaq sevgisini, qürurunu bütün dünyaya bir daha bildirdi. Bu müharibədə  şirin canını qurban verib doğma Azərbaycanın  bütövlüyünü qovuşduran  dağ vüqarlı, polad biləkli igidlərimizdən biri  Çingiz Sulduz oğlu Babayev 21 sentyabr 2001-ci ildə Lerik rayonunun Mistan kəndində anadan olmuşdur.

Vətəninə, xalqına xidmət etməyi  özünə şərəf bilən Çingiz  2018-ci ildə orta məktəbi  başa vurub Bakı Biznes və Kooperasiya Kollecinə qəbul olur.  Dərslərini yaxşı oxuyur, saflığı, gözəl dünya naminə qurub-yaratmaq həvəsi ona hörmət gətirir.   Kollecin ikinci kursundan çıxıb,  həqiqi hərbi xidmətə  gedir.  Azərbaycan Silahlı Qüvvələrinin tərkibində  Tərtər rayonunda  vurğun olduğu torpağını, daşını göz-bəbəyi kimi qoruyur. Vətənə sədaqəti, təlim-tərbiyəsi  əsgər yoldaşlarına bir qayda olaraq həmişə nümunə göstərilir, komandirlərində  ona qarşı böyük ehtiram yaradır, adı daim öndə çəkilir.  Həm də düşmənlə  haçansa üz-üzə  gəlib onu əzməkdən ötrü  bütün  təlimlərdə fəal olur, hərbin sirlərinə həvəslə yiyələnir. Vətənə olan öz müqəddəs övladlıq borcunu yüksək səviyyədə yerinə yetirir.

Sentyabr ayının 27-də  başlayan və 44 gün davam edən  Vətən müharibəsinə Çingiz dığaların işğalında olan torpaqları azad etmək eşqi ilə  birinci qoşulur. Ağdərə, Tərtər və Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə yüzlərlə erməni dığasını o dünyaya göndərir.  Beləcə  qəhrəmanlığı dillərdə dastan olan Çingiz 10 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən şiddətli döyüşlərdə gözünü qırpmadan  19 yaşında sinəsini Vətənə sipər edir.  Bu müqəddəs ölüm onu  Azərbaycanın qürur   yerinə çevirir.  Dövlətimiz tərəfindən  ölümündən sonra "Laçının azad olunmasına  görə" və "Vətən uğrunda" medallarına  layiq görülən igid əsgərin  adı dünya var  olduqca  ilahi bir sevgiyə dönüb millətin   yaddaşına   yazılır.

 Zəfər ORUCOĞLU.