Elin igid oğlu
Sosial həyat

Elin igid oğlu

Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü və azadlığı uğrunda tarix yazıb şəhidlik zirvəsinə ucalan  Vətən oğulları  həmişə xalqımızın ürəyində yaşayacaq.  1997-ci ildə Lerik rayonunun Orand kəndində dünyaya göz açan Natiq Balamirzə oğlu Mirhüseynov da məhz “Vətən yaşasın” deyə canından keçən belə igid oğullardan biridir.   

Natiq orta təhsilini başa vurub, 2015-ci ildə  Bakı şəhəri Hərbi Hava  Qüvvələrində xidmət edir. Fəallığına, nümunəvi davranışına, vətənpərvərliyinə  görə  daima adı öndə çəkilir.   Hərbi xidmətdə olduğu zaman dəfələrlə komandirləri tərəfindən valideynlərinə təşəkkür məktubları yazılır.

Natiq  2017-ci ildə Vətən qarşısında  borcunu alnıaçıq yerinə yetirib doğma kəndinə qayıdır. 2018-ci ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlığı” kursunda hərbin sirlərini mükəmməl öyrənir. Bir müddət Lənkəran şəhərində Hərbi Polis kimi Post Patrul komandiri vəzifəsində çalışır. Əsl vətəndaş, layiqli vətənpərvər olaraq xeyirxah əməllər görməklə bütün işgüzar  fəaliyyətini xalqın, dövlətinin mənafeyinə yönəldir.  Əhatə olunduğu cəmiyyətdə yurdunu, millətini məhəbbətlə sevən bir Vətən sevdalısı kimi hörmət qazanır.

Müharibənin başladığı ilk gündən gizir Natiq Mirhüseynov  özünün 25 nəfərdən ibarət tağımı ilə döyüş bölgəsinə birinci  yola düşənlərin sırasında  olur. Müharibənin ilk günündən Hadrut, Cəbrayıl,  Daşaltı istiqamətində gedən  döyüşlərdə böyük şücaət göstərir, ölümdən qorxmadan Qarabağın hər qarışında ağır döyüşlərlə düşmənə qan uddurur.   

Təəssüf ki, Vətənin igid oğlu Cəbrayıldan Daş-altıya gedən zaman yolda minaya düşür və başından ağır zərbə alır.   Onu dərhal Füzuli Hospitalına gətirirlər və orada əməliyyat olunur. Səhəri gün Silahlı Qüvvələrin Baş Klinik Hospitalına çatdırılır.  37 gün komada yatır. 30 yanvar 2021-ci ildə həkimlərin səyinə baxmayaraq  qəhrəman gizir Natiq Mirhüseynovun ürəyi dayanır. Müqəddəs ruhu yurdun  nur saçan Günəşinə dönüb göylərə ucalır.

 Zəfər ORUCOĞLU.