Əlillərə dövlət qayğısı
Sosial həyat

Əlillərə dövlət qayğısı

Azərbaycanda əhalinin rifahının yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq fərman və sərəncamlara əsasən, əlillərə ödənilən pensiya və müavinətlərin məbləği hər il artırılır. Dövlət əlil vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət, texniki bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir.

Ötən illərdə yüz minlərlə əlil vətəndaşın sosial müdafiəsinin gücləndirilməsi və onların maddi təminatının yaxşılaşdırılması istiqamətində mühüm irəlləyişlərə nail olunmuşdur. Bu dövrdə Vətən müharibəsində sağlamlığını itirənlərin və şəhid ailələrinin problemlərinin həlli həmişə diqqət mərkəzində saxlanılmışdır.

25 fevral 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Xəzər rayonunda Şağan Reabilitasiya Pansionatının açılışında iştirak edib. Bu pansionat ümummilli lider Heydər Əliyevin tapşırığı ilə 2003-cü ildə istifadəyə verilib. Ötən il isə burada əsaslı təmir işləri görülüb. Yenidən qurulan 250 çarpayılıq pansionat ildə 5 min nəfərədək xəstə qəbul edə biləcək. Bu tibb müəssisəsində ürək, qan-damar, oynaq-hərəkət, əsəb sistemi, endokrin xəstəliklərdən əziyyət çəkənlərə xidmət göstərilir. Əsas xidmətlər isə funksional diaqnostika, fizioterapiya, müalicə tibbi vannalar, müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji reabilitasiyadır. Burada müalicə alanların reabilitasiyasında müasir metodika ən qabaqcıl texnologiyanın tətbiqi ilə paralel təşkil olunur.

Pansionatda Abşeronun iqliminə xas olan kemoterapiya bu müalicə ocağının əsas özəlliklərindən biridir. Burada mövsümə uyğun iqlimlə müalicə imkanları ilə yanaşı, fizioterapiyanın da demək olar bütün sahələri əhatə edilib.

Müharibə dövründə bu tip müalicə mərkəzlərinin əhəmiyyəti nəzərə çarpır. Müalicə xidməti ilə bərabər, əilliyi olan şəxslərin sosial statusunun bərpası, cəmiyyətə inteqrasiyası əsas məsələlərdəndir.

Müharibədən sonrakı dövrdə reabilitasiya müəssisələrində 800-ə yaxın qaziyə reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. 510 qazi 2370 reabilitasiya vasitəsi ilə təmin edilib, müharibədə yaralanmış hərbçilərin mühərrikli təkərli oturacaqla təminatına başlanıb. 16 hərbçi yüksək texnologiyalı protezlə, 12 hərbçi isə müasir protezlə təmin olunmuşdur. Amputasiyası olan 301 nəfərdən 109-nun protez ehtiyacları müəyyən edilib. 2021-ci ildə onların protezlə təmin olunması planlaşdırılır.

Bu ilin sonunadək istifadəyə verilməsi planlaşdırılan Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Qəbələ və Şəmkir Uşaq Reabilitasiya mərkəzləri də daxil olmaqla, açılacaq yeni reabilitasiya və sosial xidmət müəssisələri reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artaraq 30 minə çatmasına imkan verəcək.

2019-cu ilin noyabrında Mərdəkan Müalicə Pansionatı istifadəyə verilib. Burada laboratoriya, ultrasəs, eletrokardioqrafiya müayinələri aparmaqla, effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları üçün şərait yaradılıb. Müasir tələblərə uyğun bərpa müalicəsi şəraitinin yaradıldığı bu müəssisə ildə 4500-dən çox əlilliyi olan şəxsə effektiv təsirə malik fizioterapevtik müalicə prosedurları tətbiq edilməklə, qabaqcıl metodika və texnologiyalardan istifadə olunmaqla reabilitasiya xidmətləri göstərməyə imkan verir.

Son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa müalicə xidmətləri ilə təminatı baxımından mühüm baza olaraq xüsusi önəm kəsb edir. Protez Ortopedik Reabilitasiya Mərkəzində hərbçilərin yüksək texnologiyalı müasir protezlə, yaralanmış qazilərimizin reabilitasiya vasitələri ilə təminatı işləri yüksək səviyyədə aparılır.

Sumqayıt Reabilitasiya Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. 22 çarpayılıq müəssisədə bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində əlilliyi olan 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni prosedurlar tətbiq olunur. Reabilitasiya tədbirlərinin gücləndirilməsi məqsədilə sosial-psixoloji xidmətlər də göstərilir.

Şəki Regional Bərpa Mərkəzində rayonda və ətraf rayonlarda yaşayan əlillərə kompleks tibbi-sosial reabilitasiya xidməti göstərilir. Onların sosial statusunun bərpa edilməsi və cəmiyyətə inteqrasiyası, sosial, peşə diaqnostikası və reabilitasiyası, xəstəlikləri nəzərə almaqla dietik və rasional qidalanmasının təşkili, sağlam həyat tərzinin təbliği istiqamətində işlər görülür.

Müəssisədə bərpa müalicəsi alanlarla bağlı məlumat bankı yaradılır, onların reabilitasiyasında müasir metodika və texnologiyalardan istifadə edilir, qabaqcıl təcrübələrin öyrənilməsi əsasında reabilitasiya metodları hazırlanaraq təcrübədə tətbiq olunur. Mərkəzə qəbul Tibbi-sosial ekspert komissiyalarının, müalicə-profilaktika müəssisələrinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişinə əsasən həyata keçirilir. Mərkəzdə 16 yaşdan yuxarı bütün kateqoriyalardan olan əlillərə xidmət göstərilir.

 

Lənkəran Regional Bərpa Mərkəzi Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı, Cəlilabad və Biləsuvar rayonları üzrə 350 əlilliyi olan şəxsə effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri göstərir. Mərkəz limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni müasir tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib.

Xaçmaz Regional Bərpa Mərkəzində kompleks reabilitasiya xidməti göstərilir. Burada il ərzində 219 əlilin kompleks tibbi-sosial reabilitasiyası həyata keçirilib. Sağlamlıq imkanları məhdud şəxslərin fizioterapevtik vasitələrlə reabilitasiyasını həyata keçirən 14 çarpayılıq regional müalicə müəssisəsində xəstələr stasionar və ambulator müalicə alırlar. Burada əlillər elektrik və işıqla müalicə kabinetləri, o cümlədən ultrasəslə masaj, qısa dalğa diotermiya, mikrodalğa, infraqırmızı, elektrostimulyasiya, habelə hidroterapiya, parafin applikasiyası və fərdi masaj otaqlarından və idman zalından yararlanırlar. Mərkəzdə stasionar müalicə alanlar pulsuz isti yeməklə təmin olunurlar.

Şirvan Reabilitasiya Mərkəzində müasir şərait yaradılıb və burada limfodrenaj, ozonoterapiya, maqnitoterapiya, hidroterapiya və digər yeni tibbi-reabilitasiya aparatları və avadanlıqlarla da təchiz edilib. Mərkəz Şirvan və ətraf rayonları üzrə il ərzində 500-ə yaxın əlilliyi olan şəxsə tibbi-sosial reabilitasiya xidmətləri göstərir.

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsinə göstərdiyi diqqət insan amilinə verilən yüksək dəyərin nümunəsinə çevrilmişdir. Bu çərçivədə son illər əlilliyi olan şəxslərlə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilmiş, bir çox hüquqi yeni normativ akt qəbul edilmişdir.

Kamil İSMAYILOV,

“Respublika”.