Ələtli kəndində xatirə bulaq kompleksi
Region

Ələtli kəndində xatirə bulaq kompleksi

Ələtli kəndi Kür sahilində yerləşir. Uşaqlığı bu yerlərdə keçmişdi. Elə bu yerlərdə də Vətənə sevgi, məhəbbət hissi ürəyinə hakim kəsilmişdi. Doğma torpaqlarımızı erməni işğalından azad etmək uğrunda gedən mücadiləyə də bu hisslərlə yollanmışdı. Şəhidlik zirvəsinə yüksələn Turabın xatirəsinə Ələtli kəndində bulaq inşa edilmişdir. Bu günlərdə Hacıqabul rayonunun Ələtli kəndində 44 günlük Vətən müharibəsində şəhidlik  zirvəsinə ucalmış Turab Əlisafa oğlu Quliyevin adına ucaldılmış xatirə bulağı kompleksinin açılışı oldu. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri, məktəblilər, şəhidin dostları və ailə üzvləri iştirak etdilər.

Şəhidin xatirəsi anılaraq bulağın önünə tər qərənfillər düzüldü. Vətən müharibəsi şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açıldı. Rayon icra hakimiyyətinin başçısı Rüstəm Xəlilov şəhidin valideynlərinə başsağlığı verdi, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsində ordumuzun qələbəsindən danışdı. Bu gün şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara ölkə rəhbərliyinin göstərdiyi hərtərəfli diqqət və qayğıdan bəhs elədi.

Şəhidin anası Quliyeva Sevər Fazil qızı Turab və Turab kimi vətən oğullarının analarının Müzəffər Ali Baş Komandanla fəxr etdiklərini söyləyib, göstərdikləri qayğıya görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi.
Turab Əlisafa oğlu Quliyevin göstərdiyi qəhrəmanlıqlara layiqli qiymət verilib. “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” və  “Vətən uğrunda” medalları ilə təltif olunubdur.

Tofiq HÜSEYN,

“Respublika”.