Əldə silah, qəlbdə inam
Region

Əldə silah, qəlbdə inam

Qəhrəman silahlı qüvvələrimizin ilk uğurlu hərbi əməliyyatları Füzuli rayonundan başlayıb. Müharibənin ilk günündə - sentyabrın 27-də Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri və Cəbrayılın Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib. İşğalçı Ermənistan ərazinin necə böyük əhəmiyyət daşıdığını dərk edərək, burada çox güclü istehkamlar qurmuş, bir neçə müdafiə xətti yaratmışdı. Eyni zamanda, otuz ilə yaxın burada möhkəmlənmişdi. Buna baxmayaraq, bu istehkamları, müdafiə xətlərini yarıb keçmək ordumuzun qəhrəmanlığı və fədakarlığı sayəsində mümkün oldu.

Bu istehkamları canı-qanı bahasına dağıdaraq irəliləmiş qəhrəman əsgər-zabitlərimiz düşmənə Azərbaycan xalqının böyüklüyünü bir daha göstərdi. Təbii ki, döyüşçülərimizin hayqırtısını, fədakarlığını görən düşmənin gözü qorxdu və onlar vahiməyə düşdülər. Gördülər ki, bizim əsgər-zabitlərimiz doğma torpaqları azad etmək üçün ölümün gözünə dik baxırlar. Belə mərd oğullardan biri də Elçin Süleymanovdur.

Elçin Tehran oğlu Süleymanov 1991-ci il noyabrın 29-da Füzuli rayonunun Böyük Bəhmənli kəndində anadan olub. Elçinin üç yaşı olanda Füzuli rayonunun böyük hissəsi Ermənistanın işğalına məruz qalıb. Təbii ki, bu hadisələr Elçinin uşaq yaddaşına güclü təsir göstərib, həmyaşıdları kimi gələcəkdə hərbçi olmaq arzusu ilə boya-başa çatıb. Orta təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağırılıb. Hərbi vərdişlərə yiyələnən Elçin nümunəvi əsgər kimi tanınıb. Uşaqlıqdan tankçı olmaq istəyinə çatıb, tank bölüyündə xidmət edib. Əsgərliyi başa vuranda qəti qərara gəlib ki, müddətdən artıq hərbi xidmətini davam etdirsin. Tank bölüyündə hərbi texnikanın sirlərinə dərindən bələd olub, peşəkarlığını durmadan artırıb.

Vətən müharibəsi başlayanda Elçinin xidmət etdiyi tank bölüyü döyüşlərə qatılıb, ilk günlərdən tank heyəti düşmənə sarsıdıcı zərbələr vurub, işğalçıların hərbi texnikalarını və canlı qüvvəsini məhv edib. Elçinin tankı hər dəfə manevr edərək ermənilərə göz açmağa imkan verməyib. Maneələrin və sədlərin yarılmasında yoldaşları ilə böyük şücaət göstəriblər. Düşmən həmin tankı vursa da Elçin və yoldaşları dayanmayıb, yalnız irəli hərəkət ediblər. İşğalçıların növbəti atəşi onun tankını yararsız hala salıb. Ağır yaralanan döyüş yoldaşlarını yanan tankdan xilas edən Elçin əsl qəhrəmanlıq nümayiş etdirib. Tez-tez yoldaşlarına deyirmiş ki, qələbə bizim olacaq, düşməni məğlub edəcəyik. Fəqət, sentyabr ayının 30-da Elçin ağır döyüşlərdə igidlik göstərərək həlak olub.

Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhid olan Elçin Süleymanovun ad günündə xatirəsi anılıb. Füzuli rayonunun Böyük Bəhmənli kəndində şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub. Anım günündə şəhidin ailəsi ilə bərabər Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, Elçinin döyüş yoldaşları, qazilər, kənd sakinləri iştirak ediblər. Mərasimdə Elçinin qısa və şərəfli ömür yolundan danışılıb, vətənpərvər döyüşçünün igidliyi, yaralı yoldaşlarını xilas etməsi, torpaqlarımızın işğaldan azad edilməsində canını əsirgəməməsi onun xarakterinin bütövlüyündən, şücaətindən xəbər verdiyi diqqətə çatdırılıb. Şəhidin bir qız övladı yadigar qalıb və dövlət himayəsi ilə əhatə olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Elçin Süleymanov ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Gözlərini qırpmadan Vətən uğrunda canını, qanını əsirgəməyən və torpaq uğrunda şəhid olanlar ölmür, onlar əbədiyaşar ömürə malik olurlar, xatirələrdə yaşayırlar.

Salman ALIOĞLU,

"Respublika".