Eldar  Məcidov
Sosial həyat

 Eldar  Məcidov

Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etməkdən çəkinməyən minlərlə Vətən övladı silaha sarılaraq təcavüzkar orduya qarşı vuruşaraq şəhidlik zirvəsinə yüksəliblər. Respublikamızın bütün bölgələrindən fədakar və vətənpərvər eloğulları Ana Vətənimizin və işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda qorxu bilmədən özlərini odun-alovun içinə ataraq qəhrəmanlıq göstərmişlər. Qəlbimizdə kök salmış, yaddaşlarımızda iz qoymuş layiqli Vətən oğullarından biri də Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Məcidov Eldar Tofiq oğludur.

Məcidov Eldar 26 avqust 1965-ci il Bakı şəhərində dünyaya göz açıb. 1972-ci ildə Yasamal rayon 52 saylı məktəbin birinci sinfinə getmiş, 1982-ci ildə bu məktəbi bitirmişdir.  Elə həmin il Azərbaycan Rəssamlar İttifaqının Bədii Fondunda işə düzəlir. 1983-cü ildə orduya çağırılır. 1985-ci ildə hərbi xidmətini başa vurub əvvəlki iş yerinə qayıdır. 1989-cu ildə “Yaşıl teatr”a baş inzibatçı təyin edilir.  1989-cu ildə Azərbaycan İncəsənət İnstitutuna imtahan verir və mədəni-maarif fakültəsinə daxil olur. Ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklərə dözə bilməyən Eldar könüllü olaraq cəbhəyə getməyi qərara alır.

Doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Eldar da özünün bir Azərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Odur ki, yurd yerlərimiz uğrunda yüzlərlə igid oğullarımız canlarını fəda edib, ən yüksək zirvəyə, şəhidlik zirvəsinə yüksəlib. Torpaqlarımızın müdafiəsi, işğaldan azad olunması uğrunda cəsarətlə, inamla vuruşan vətən oğullarımız tez-tez xatırlanır və gələcək nəsillər üçün ibrət və nümunəyə çevrilirlər.

Eldar  1992-ci ilin martında  “N” saylı hərbi hissədə PDM-ə (piyadaların döyüş maşını) komandir təyin edilir. May ayında Bakıdan cəbhəyə yola düşür. Şərəfli döyüş yolu da elə buradan başlayır. O, cəbhədə tezliklə öz şücaətini göstərir. Yaralıların və mülki əhalinin təhlükəsizliyinin təmin edilməsində müstəsna xidmətləri olur. Şuşanın Zarıslı kəndi uğrunda  döyüşlərdə Eldar rəşadətlə vuruşur. Yoldaşlarını xilas edərkən sağ ayağından yaralanır. Onu Qubadlı xəstəxanasına çatdırsalar da, çoxlu qan itirdiyindən Eldarın həyatını xilas etmək mümkün olmur.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə Eldar Tofiq oğlu Məcidova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulub.

Bu gün Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində azad edilən torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. İllərlə həsrətində  yaşadığımız, Eldarın həlak olduğu torpaq öz sahibinə qovuşub. Azərbaycan xalqı və dövləti düşmən üzərində parlaq, inamlı Qələbə qazanmaqla öz gücünü dünyaya nümayiş etdirdi. Bu möhtəşəm Qələbə xalqımız tərəfindən böyük qürur, sevinc və ruh yüksəkliyi ilə qarşılanır.

Xalqımız öz Liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməklə mətinliyini, mübarizliyini göstərdi. Vətən torpaqlarının azad olunması uğrunda aparılan bu döyüşlərdə Azərbaycan ordusunun nümayiş etdirdiyi döyüş əzmi və yüksək peşəkarlığı xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Düşmənin işğal etdiyi torpaqları azad edən qəhrəman əsgərlərimiz Şanlı Bayrağımızı Suqovuşana, Cəbrayıla, Füzuliyə, Hadruta, Zəngilana, Qubadlıya, Ağdama, Laçına, Kəlbəcərə, Şuşaya  və yüzlərlə kənd və digər yaşayış məntəqələrimizə sancdı. Bu gün artıq şəhidlərimizin ruhu şaddır.     

                                                                                 M.MİRZƏ, 

                                                                                  “Respublika”.