Elçin Quliyev: DSX-yə məxsus hərbi helikopter təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb
SİYASƏT

Elçin Quliyev: DSX-yə məxsus hərbi helikopter təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Mİ-17 tipli 20136 bort nömrəli helikopteri təlim məqsədilə Səngəçal aerodromundan saat 10:16-da havaya qalxaraq "Qaraheybət" təlim meydanı istiqamətinə uçuş edib. Helikopter saat 10:36-da təlim meydanında təyin olunmuş meydançaya eniş edərkən qəzaya uğrayıb.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev helikopterin qəzaya uğraması ilə əlaqədar noyabrın 30-da təşkil olunan brifinqdə məlumat verib.

Qəza nəticəsində 14 hərbi qulluqçumuzun həlak olduğunu, 2 hərbi qulluqçumuzun yaralandığını xatırladan DSX rəisi bildirib: "Həlak olmuş şəhidlərimizin valideynlərinə, yaxınlarına, qohumlarına, əzizlərinə, övladlarına dərin hüznlə başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralıların hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi hospitalındadırlar. Hər ikisi ilə telefon əlaqəm olub. Səhhətləri normaldır. Onların sağlamlığının bərpası üçün həkimlərimiz tərəfindən zəruri tədbirlər görülməkdədir".

Hadisə haqqında məruzə edilərkən dərhal müvafiq göstərişlər verdiyini vurğulayan Xidmət rəisi deyib: "Mənimlə birlikdə Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri hadisə yerinə hərəkət etmişik. Hadisə yerini Baş Prokurorluğun, Dövlət Təhlükəsizliyi Xidmətinin, Hərbi Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəhbər vəzifəli şəxsləri ilə birlikdə ilkin müayinə etmişik. Müayinə etdikdən sonra tərəfimdən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə məruzə edilmişdir. Möhtərəm cənab Prezident tərəfindən hadisənin təfərrüatlarının daha da dəqiqləşdirilməsi, həlak olan şəhidlərimizin dəfn edilməsi, yaralanan hərbi qulluqçularımızın müalicəsi ilə əlaqədar müvafiq tapşırılar verilib".

General-polkovnik Elçin Quliyev məlumat verib ki, helikopteri idarə edən polkovnik Füzuli Cavadov ağır şəraitdə uçuşlara yüksək hazırlıqlı, uçuş imkanı və icazəsi olan pilotlarımızdan biridir. O, hələ Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib. Helikopter demək olar ki, yenidir və qısa müddət əvvəl onda təmir işləri aparılıb.

Hadisə ilə əlaqədar ilkin müayinə işlərinin aparıldığını və qara qutunun tapıldığını vurğulayan DSX rəisi qeyd edib: "Hazırda qara qutunun müvafiq hissələri Baş Prokurorluqdadır. Baş Prokurorluq tərəfindən dərin təhlil işləri aparıldıqdan sonra hadisənin başvermə səbəbi daha da dəqiqləşdiriləcək. Hazırda hadisənin başvermə səbəbi haqqında dəqiq söz demək mümkün deyil. Ancaq onu deyə bilərik ki, hansısa kənar təsirdən söhbət gedə bilməz".

E.Quliyev bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyi hərbi təlimlərdə həlak olan hərbi qulluqçulara şəhid statusunun verilməsini nəzərdə tutur.

Həlak olan hərbçilərin dəfn mərasimləri ilə bağlı məlumat verən DSX rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın müvafiq tapşırıqlar verdiklərini vurğulayaraq deyib: "Dəfn mərasimləri sabah gün ərzində valideynlərlə məsləhətləşmələr aparıldıqdan sonra həyata keçiriləcək. Bu haqda müvafiq tapşırıqlar verilib. Ancaq ilkin olaraq valideynlərlə məsləhətləşməliyik".

AZƏRTAC