Əlcəzairin ölkəmizdəki yeni səfiri postmünaqişə dövründə bölgədəki vəziyyət barədə məlumatlandırılıb
Siyasət

Əlcəzairin ölkəmizdəki yeni səfiri postmünaqişə dövründə bölgədəki vəziyyət barədə məlumatlandırılıb

Dekabrın 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdeluahab Osman ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, səfir Abdeluahab Osmanın etimadnaməsinin surətini qəbul edən nazir Ceyhun Bayramov diplomatı təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Nazir Azərbaycanın Əlcəzairlə münasibətlərin inkişafına yüksək əhəmiyyət verdiyini bildirib və bu xüsusda iki ölkə arasındakı yüksək səviyyəli təmasların vacibliyinə istinad edib. Ölkələrimizin siyasi, iqtisadi, humanitar sahələrdə, o cümlədən insanlar arasında əlaqələrinin genişləndirilməsində qarşılıqlı fəaliyyətin önəm kəsb etdiyi vurğulanıb. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda uğurla əməkdaşlığını davam etdirdiyi vurğulanıb. Keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Əlcəzairin, Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə hər zaman dəstək olmasının tərəfimizdən yüksək qiymətləndirildiyi səfirin diqqətinə çatdırılıb.

Nazir, həmçinin səfirə bölgədə mövcud olan cari vəziyyət, münaqişə sonrası bərpa və quruculuq prosesi, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, Ermənistanla münasibətlərin normallaşması imkanları və bu istiqamətdə Azərbaycan tərəfindən birtərəfli qaydada atılan addımlar, ölkəmizin bölgənin sülh və təhlükəsizlik şəraitində, tərəqqi içində inkişafına dair gələcəyə baxışı ilə bağlı məlumat verib.

Səfir Abdeluahab Osman Azərbaycana təyinatından məmnunluğunu ifadə edib. O, ölkəsinin hər zaman sülh diplomatiyasına üstünlük verdiyini və bu xüsusda, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün imkanların olmasından razılığını bildirib.

Azərbaycan ilə Əlcəzair arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin vacibliyini vurğulayan səfir bunun üçün səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüşdə tərəflər, habelə ikitərəfli əlaqələrin inkişaf perspektivləri üzrə fikir mübadiləsi aparıblar.

AZƏRTAC