Əlcəzairin “Əl Hərir
Digər xəbərlər

Əlcəzairin “Əl Hərir" portalında AZƏRTAC və ANSA agentlikləri arasında yeni tərəfdaşlıq müqaviləsinin imzalanması barədə xəbər yayımlanıb

Əlcəzairin "Əl Hərir" portalında AZƏRTAC və İtaliyanın ANSA xəbər agentlikləri arasında yeni tərəfdaşlıq müqaviləsinin imzalanması barədə xəbər yayımlanıb.

Xəbərdə ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, hər iki ölkənin səfirlərinin də iştirak etdikləri videokonfransda müqaviləni AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və ANSA-nın baş icraçı direktoru Stefano de Alessandri imzalayıblar.

Bildirilib ki, Aslan Aslanov AZƏRTAC və ANSA agentliklərinin uzun illər tərəfdaşlıq əlaqələrinə sadiq qaldıqlarını, hər iki media qurumunun bu müqaviləni imzalamaqla əməkdaşlığı yeni müstəviyə qaldırmaqda maraqlı olduqlarını bir daha nümayiş etdirdiklərini söyləyib. İdarə Heyətinin sədri diqqətə çatdırıb ki, İtaliyanın və dünyanın aparıcı xəbər agentliklərindən olan ANSA ilə ilk müqavilə 2005-ci ilin fevralında imzalanıb və həmin vaxt Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya səfəri zamanı Romada ANSA-nın baş ofisində bu agentliyin rəhbərləri ilə çox səmərəli görüş keçirilib. Eyni zamanda, ötən illər ərzində agentliklər həm ikitərəfli, həm də üzv olduqları beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq ediblər.

Məlumat verilib ki, Stefano de Alessandri imzalanan müqavilənin iki agentlik arasında əməkdaşlığın inkişafında yeni mərhələ olduğunu, ANSA-nın xəbər mübadiləsi aparmaqla Azərbaycanda baş verənlər barədə AZƏRTAC vasitəsilə informasiya alacağını vurğulayıb. O, əmin olduğunu bildirib ki, bu əməkdaşlıq iki ölkə arasında əlaqələrin inkişafına töhfə verəcək.

AZƏRTAC