Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Suqovuşana səfər ediblər
Digər xəbərlər

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri Suqovuşana səfər ediblər

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin nümayəndələri Suqovuşana səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İdarələrarası Mərkəzin nümayəndələri əvvəlcə Suqovuşan su anbarı və anbarın bəndində aparılan təmir işlərinə baxış keçiriblər.

Məlumat verilib ki, Suqovuşan bəndinin mexaniki avadanlığı, suburaxıcı qurğuları, senqment qapıları təmir edilir. Qurğunun təmir-bərpa işlərinin iki ay müddətində başa çatdırılması nəzərdə tutulur. Təmir işləri başa çatdıqdan sonra Tərtər, Bərdə, Goranboy, Yevlax, Ağdam rayonlarında əkin sahələrinin suvarılması təmin olunacaq.

Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəzin nümayəndələri sonra “Suqovuşan-1”, “Suqovuşan-2” kiçik Su Elektrik stansiyalarına və 35/10 kilovoltluq elektrik yarımstansiyasına baxış keçiriblər. Bildirilib ki, gücü 4,8 meqavat olan “Suqovuşan-1” və gücü 3 meqavat olan “Suqovuşan-2” stansiyalarında təmir-bərpa işləri başa çatıb. Test rejimində şəbəkəyə qoşularaq istifadəyə verilib. Bu stansiyalar Suqovuşan və Talış kəndlərinin enerji tələbatını ödəyəcək, eyni zamanda, “Azərişıq”ın 35/10 kilovoltluq yarımstansiya vasitəsilə elektrik enerjisi şəbəkəsinə qoşulacaq və gələcəkdə ümumi elektrik enerjisi təminatına töhfə verəcək.

AZƏRTAC