Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər
Digər xəbərlər

Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyədə keçirilən təlimdə iştirak edəcəklər

Türkiyə Respublikasının Qars şəhərində keçiriləcək Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023" birgə döyüş atışlı taktiki təlimində iştirak etmək üçün Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasına yola salınıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimə cəlb edilmiş hərbi qulluqçuların texnikaların Qars şəhərinə yola salınması münasibətilə mərasim keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra mərasimdə çıxış edən Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov hər iki ölkə arasındakı sarsılmaz qardaşlıqdan keçirilən birgə təlimlərin əhəmiyyətindən danışıb. Bildirilib ki, Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Heydər Əliyev-2023" birgə döyüş atışlı taktiki təliminin əsas məqsədi döyüş zamanı qoşunların koordinasiyasının təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi şəxsi heyətin peşəkarlığının artırılmasından ibarətdir.

Çıxışların ardından təlimə cəlb edilmiş bölmələr Naxçıvan şəhərindən Sədərək sərhəd-keçid məntəqəsinə doğru yola düşüblər. Araz çayı üzərindəki "Ümid" körpüsündən keçən bölmələrimiz Qars şəhəri istiqamətində hərəkəti davam etdiriblər.