El sənətini yaşadanlar
Region

El sənətini yaşadanlar

Gözümü açdığım kənddə el sənəti ilə məşğul olan, öz ruzisini peşədən qazanan adamların əhatəsində böyümüşəm. Onlar əsasən həsir, zənbil və məişətdə işlədilən bu kimi şeylər toxuyurdular. Toxuduqları məişət əşyalarını bazar günü rayon mərkəzinə aparır, iri bazarda onların satışı qayğısına qalırdılar. Bəzən mən də onların yanında bazara yollanırdım. İlk dəfə həmin bazarda dulusçuluq, misgərlik nümunələrinə rast gəldim. El sənəti adamlara çörək, ruzi, dolanışıq bəxş edirdi. Bundan əlavə, ilin müxtəlif vaxtlarında hansısa uzaq rayondan ağır əşyalarını çiyninə atıb kəndimizə təşrif buyuran misgərləri (bizim kənddə onlara qalayçılar deyirdilər) də xatırlayıram. Hansısa evin həyətində körüyünü qurub işə başlayırdı. Qısa müddət ərzində ətrafı mis qab-qacaqla dolurdu. Köhnə, əldən düşmüş qazan, kasa, digər əşyalar bir anın içində parıltılı gümüşü rəng alırdı.

Jurnalist həmkarım Elçin Nəsib belə bir sənətkarın Sabirabadda da yaşadığını dedi:

- Bazarın yaxınlığında bir emalatxanası var. Neçə illərdir ki, burada öz işi ilə nəinki sabirabadlıların, eləcə də qonşu rayonların sakinlərinin sevimlisinə çevrilmiş usta Natiq çalışır. Özünün dediyinə görə, bu hörmət və izzətin mərkəzində onun misgərlik peşəsinin incəliklərinə dərindən bələd olması və camaatın səmimi münasibəti durur.

Usta Natiqlə tanışlıq sadəcə olaraq adama mənəvi rahatlıq bəxş edir. Əslən İsmayıllının Lahıc qəsəbəsindən olan Natiq Həşim oğlu Məmmədov Ağdam şəhərində doğulub, orada boya-başa çatıb. Məlum hadisələrlə əlaqədar 1993-cü ildə Sabirabad şəhərində məskunlaşıb. Əvvəllər kirayədə qalıb. 6 ildir ki, Şəhriyar kəndindəki köçkün şəhərciyində yaşayır. Bir oğlu, bir qızı var. 42 ildir ki, ata-babalarımızın sənət nümunəsi olan misgərliklə məşğuldur. Dediyinə görə, bu peşəyə rəhmətlik atasının əlinə baxmaqla yiyələnib. Onu da qeyd edək ki, Natiqin atası Həşim kişi Azərbaycanın məşhur misgərlərindən olub. Haqqında respublika mətbuatında dəfələrlə silsilə yazılar dərc edilib, kitab yazılıb.

1990-cı ilədək əsasən misdən güyüm, qazan, səhəng, aşsüzən, kəfkir və s. düzəltdiyini vurğulayan Natiq xammal tapılmazlığına görə daha mis qabların sifarişçilərinin olmamasından şikayətlənir. Usta bunun səbəbini bir vaxtlar mis materialların kütləvi surətdə xaricə daşınması ilə izah edir. Onun fikrincə, dədə-babalarımız mis qablara əbəs yerə üstünlük vermirlərmiş. O, mis qablardan istifadənin insan orqanizmi üçün olduqca xeyirli olduğunu adi bir üsulla izah etməyə çalışır: "Yay aylarında belə qablarda su sərin qalır. Bu su ilə əl-üz yumaq da faydalıdır". Daha sonra şəfaverici xüsusiyyətlərinə görə insanların misdən hazırlanmış əşyaları özləri ilə gəzdirdiklərini vurğulayır və qan təzyiqinin tənzimlənməsində mis qolbaqlara üstünlük verildiyini bu amillə izah edir. Ustanın sözlərinə görə, onun da belə müştəriləri var.

Natiq Məmmədov hazırda köhnə qabları təmir etməklə, qalaylamaqla məşğuldur. İşindən narazı olmasa da, tam razı da deyil. O, bunun səbəbini əhalinin bu peşəyə olan marağının azalması ilə izah etdi:

- Emalatxanaya gələnlərin sayı get-gedə azalır, gələnlər də əsasən təmir üçün ya çaydan, ya da samovar gətirirlər. Yeri gəlmişkən, onu da qeyd edək ki, Natiq samovarı həm odunla, həm də elektriklə işlətməyə uyğunlaşdırır. Əhalinin imkansızlığından söz açan usta onu da vurğulayır ki, hərdən müştərilərin "imkanım yoxdur" deməsi ilə də razılaşır. Natiq qalayçılıqda istifadə edilən materialların indi çox çətinliklə tapıldığını və baha olduğunu da vurğulayır. Həmçinin, emalatxanada lazımi şəraitin olmadığından, buranın elektriklə təmin edilmədiyindən də şikayətlənir. Natiq öz sənətini oğlu Musaya və daha iki nəfərə də öyrədib. Deyir ki, bu sənəti yaşadıblar, biz də gərək yaşadaq.

Usta Natiq mənim tanıdığım sənətkarlardandır. Bu adamlar günlərlə, həftələrlə müştəri yolu gözləsələr də, öz sənətlərini buraxmırlar. El sənətini yaşadanları da elə öz sənətləri yaşadır. Tanışlıq üçün jurnalist həmkarım Elçin Nəsibə təşəkkür etdim və növbəti dəfə bir daha Usta Natiqi birlikdə yoxlamağı qərara aldıq.

Tofiq HÜSEYN,

"Respublika".