El-obaya gərəkli ömür
Sosial həyat

El-obaya gərəkli ömür

“Pisliyi unut, yaxşılığı yadda saxla” - əsrlərin süzgəcindən keçib gələn atalar sözü bü gün də, sabah da müasir səslənəcək, məna yükünü daima özündə saxlayacaq. Pisliyi unuduruq, amma yaxşılığı da çox vaxt dilə gətirməyə nəyə görəsə çəkinir, ehtiyat edirik. Yaxşılıq göstərənə təşəkkür bildirib, ünvanına minnətdarlıq edəndə deyirlər “filankəsin hörməti keçib, ona görə tərifləyir”... Bəli, hörmət edib, yaxşılıq göstərib, çətin bir dönəmdə əldən tutubsa, bir dəfə yox, min dəfə adını razılıq hissi ilə çəkməli, yaxşı mənada özümüzü ona borclu bilməliyik. 1967-ci il avqust ayının 1-i məndən ötrü unudulmaz tarixdir. Əli Bayramlıya (indiki Şirvan) ilk dəfə gəldiyim gün idi. Göydən elə bil od tökülürdü, belə isti hava görməmişdim. Mənə verilən təyinat kağızını Şəhər İcraiyyə Komitəsinin sədrinə göstərib tez-tələsik Bakıya qayıtmaq istəyirdim. Tərslikdən icraiyyə komitəsi sədrinin günortadan sonra kabinetə gələcəyini deyirdilər. Nəhayət gəldi. Zəhmli kabinetin qapısını açıb ehtiyatla içəri keçdim. Hündür boylu, saçlarına təzə-təzə dən düşən orta yaşlı kişi gəlişimin məqsədini biləndə ayağa qalxdı, kabinetin düz ortasına qədər addımlayıb mənə yaxınlaşdı, əlimi sıxıb yer göstərdi. İxtisaslı kadrlara şəhərdə ehtiyac olduğunu deyib təyinata görə razılıq bildirdi. Əlini telefona atıb işləyəcəyim idarənin müdirini yanına çağırdı. Bir neçə dəqiqənin içində iş yerim, vəzifəm müəyyən olundu. Sədr; “sabahdan işə başlayırsan, dedi.  Hələlik mehmanxanada yerləş, tezliklə ev də verəcəyik”...

Sanki sehrlənmişdim. Sədrin mehriban, səmimi münasibəti, həm də bir qədər amiranə danışığı demək istədiklərimi ağzımda qoydu. Mehmanxananın yerini tapıb otaq götürdüm, səhəri gün işə başladım.

Vəli Ələkbərov avqust ayının 1-də verdiyi bütün vədlərə əməl elədi. Əvvəlcə iki otaqlı mənzil aldım, sonra fərdi ev tikmək üçün torpaq sahəsi ayrılmasına göstəriş verdi. Nə çətinliyim olsa, yanına getdim. Qapısı üzümə açıq idi.

Mən görürdüm ki, Sədrin qayğı, köməklik göstərdiyi adamların nə birincisi, nə də sonuncusuyam. Çətin həyat yolu keçən Vəli müəllim sanki el-obaya yaxşılq, xeyirxahlıq etməklə yaşadığı mərhumiyyətlərin əvəzini çıxmaq istəyirdi. Deportasiyaya məruz qalan minlərlə soydaşlarımızdan biri idi Vəli müəllim. 1922-ci ildə Qərbi Azərbaycanın Qəmərli rayonunun Sabunçu kəndində kolxozçu ailəsində anadan olmuşdu. Texnikum bitirib öz kəndlərində müəllim işləyirdi, 1941-ci ildə müharibə başladı. Müharibəyə yollanıb zabit kimi Qafqazın müdafiəsində iştirak elədi. Uktaynada gedən döyüşlərdə aldığı yaradan tərxis olundu. Vətənə qayıdanda atasını görmədi. Sonra bildi ki, ata-oğul bir-birindən xəbərsiz eyni polkda döyüşüblər. Atası Zeynalabdin Krasnodar diyarının Abdinsk şəhərinin düşməndən təmizlənməsində iştirak edərkən həlak olub. Məzarı həmin rayonun Miqemsk qəbiristanlığındadır.

Müharibədən sonra Vəli müəllim öz kəndlərində məktəb direktoru işləməklə, Naxçıvanda Pedaqoji Müəllimlər İnstitutunu qiyabi yolla bitirdi. 25 may 1950-ci ildə doğma torpaqlardan deportasiya olunub Əli Bayramlı rayonunun Dadaşbəyli kəndində məskunlaşdı.

O vaxt Vəli Ələkbərovun 28 yaşı var idi. Bu yaşda geniş ictimai-siyasi həyata atıldı, Əli Bayramlı rayon Partiya Komitəsində rəhbər vəzifələrdə çalışdı, 1959-cu ildə Azərbaycan Dövlət Universtitetinin tarix fakültəsini bitirdi. Əli Bayramlı şəhər statusu alandan sonra şəhər İcraiyyə Komitəsində sədrin müavini, sonra 10 il sədr işlədi.

Bu elə dövr idi, Əli Bayramlı şəhəri “gənc sosialist şəhəri” elan olunub yenidən qurulurdu. Avropada ilk Açıq Tipli Elektrik Stansiyası tikilir, yeni emal müəssisələri istifadəyə verilir, şəhər quruda ən çox neft hasil edən bölgə kimi tanınırdı. Əli Bayramlı “köhnə şəhər” adlanan ərazidən yeni “təzə şəhərə” köçürülürdü. Bütün yenidənqurma, abadlıq-tikinti, infrastruktur işlərinə şəhər İcraiyyə Komitəsi rəhbərlik edirdi.

Şəhər böyüyüb inkişaf edir, təbii ki, qayğılar da artırdı. Vəli müəllim şəhərin qaz, elektrik enerjisi, içməli su, digər problemlərinin həllində əsl bacarıq, idarəetmədə xüsusi istedad nümayiş etdirirdi. Öz vaxtının əksər hissəsini kabinetdə yox, adamlar arasında keçirirdi. Gözəl nitq qabiliyyəti, tərəf müqabiblini, həyati misallarla, real faktlarla inandırmaq məharəti var idi. Onun rəhbər vəzifələrdə işlədiyi vaxtlarda Əli Bayramlı yuxarı təşkilatlara ən az şikayət gedən şəhər hesab olunurdu.

1973-cü ildən sonra Vəli müəllim şəhər təhsil şöbəsinin müdiri, məktəb direktoru, Hacıqəhrəmanlı qəsəbəsində icra nümayəndəsi, digər vəzifələrdə işlədi, ömrünün axırına kim şəhər Ağsaqqallar Şurasına rəhbərlik etdi.

Vəli müəllim respublikada tanınmış adam idi. Bir vaxt onunla ADU-da təhsil alıb sonralar yüksək vəzifələr daşıyan adamlar öz keçmiş tələbə yoldaşlarını daima axtarır, onun Əli Bayramlıdakı fəaliyyətindən qürur hissi keçirirdilər. Vəli müəllim 1955-ci ildə Moskvada Elmi Bilikləri Yayan Cəmiyyətin ümumittifaq plenumunda akademiklər Yusif Məmmədəliyev, Şəfayət Mehdiyevlə birlikdə iştirak eləmişdi. Azərbaycanda keçirilən partiya qurultaylarının nümayəndəsi olmuşdu.

Öz elinə-obasına gərəkli adam olan, xeyirxah, gözəl insan, ictimai-siyasi xadim Vəli Zeynalabdin oğlu Ələkbərov 2016-cı ildə, 93 yaşında vəfat elədi. Ömrü sözün əsl mənasında  nəsillərə nümunə idi.

T.HÜSEYN,

“Respublika”.