Ekoloji terrorun məhv etdiyi təbiət yenidən canlanır
Ekologiya

Ekoloji terrorun məhv etdiyi təbiət yenidən canlanır

"İndi sağa, sola baxıram, işğal dövründə Cəbrayılı nə hala salıblar. Mən qardaşımdan soruşdum, dedim ki, dünyadakı ATƏT, Avropa İttifaqı buraları gəlib görmədilərmi? Dedi ki, yox, gəlmirlər. Niyə gəlmirlər? Çünki öz üzqaralarını görəcəklər. Qərbin etdiklərini görəcəklər. Təbii ki, bunları görmək istəmirlər. Əslində onlar nələr törədildiyini bilirlər". Bu sözləri Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan Cəbrayılda olan zaman söyləyib.

Qarabağ təkcə havası, gözəl mənzərəsi ilə deyil, həm də flora və faunası ilə də zəngindir. Yayı mülayim, sərin, qışı sərt, şaxtalı keçən bu yerlər nağılvari cənnəti xatırladır. Təbiət bu yerlərə hər neməti, gözəlliyi səxavətlə bəxş etmişdir. Bu ərazilərdə münbit torpaq, nadir bitki örtüyü, çoxnövlü heyvanlar aləmi mövcuddur. Lakin 30 il mənfur, xain erməni işğalında qalan cənnət Qarabağımızın təbiəti məhv olmaq təhlükəsi qarşısında qalmışdır. 44 günlük Vətən müharibəsində biz Qarabağ torpaqları ilə bərabər, eyni zamanda onun təbiətini də işğaldan, talandan azad etdik. Dünyanın heç bir yerində təbii halda rast gəlinməyən bir çox bitki, heyvan növlərini də düşmən əsirliyindən, əsarətindən qurtardıq. Azğın düşmən Cəbrayılı da tamamilə məhv edib. Bu yerlərin gözəl təbiətini, zəngin flora və faunasını bərpa edib, yenidən canlandırmaq məqsədilə Azərbaycan və Türkiyə birgə irimiqyaslı layihələr həyata keçirəcəklər. Belə ki, oktyabrın 20-də Cəbrayıl rayonu ərazisində yaradılacaq "Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi", "Ağıllı Tingçilik" və "Dostluq Meşəsi" kompleksinin təməlqoyma mərasimi keçirildi. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdilər.

Nəzərdə tutulan layihəni həyata keçirmək üçün yerli və türkiyəli mütəxəssislərlə birlikdə Cəbrayıl rayonunun Şükürbəyli-Cəbrayıl-Hadrut yolunun ətrafında 40 hektar ərazi seçilib. Layihə ərazisində torpaqqazma işlərinə bu il iyun ayının 20-də başlanılıb və 2024-cü il iyunun 1-də tam yekunlaşdırılmaqla istismara verilməsi planlaşdırılır.

İşğaldan azad edilən ərazilərdə fauna növlərinin - ceyran, bezoar keçisi, Dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub. Bu ərazilərdə məhv edilən balıq növlərinin populyasiyasının bərpası üçün də davamlı işlər görülür. Ötən iki il ərzində Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə balıq körpələrinin buraxılışı təşkil olunub və bu işlər növbəti illərdə də həyata keçiriləcək.

"Ağıllı Tingçilik"də il ərzində yerli iqlim şəraitinə uyğunlaşdırılmış 2 milyon müxtəlif ting yetişdiriləcək. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının meşə fondu torpaqlarından meşələrin salınmasında və yaşıllaşdırılmasında istifadə olunacaq.

"Dostluq Meşəsi"ndə isə 16 hektar düzən, 46,8 hektar mürəkkəb relyefli, sərt yamaclı ərazilərdə türk üsulu ilə ümumilikdə 50 minə yaxın müxtəlif növ tingin əkilməsi nəzərdə tutulur. Bu işlər ona görədir ki, Qarabağın keçmiş gözəllikləri, səfalı, min dərdə dərman təbiəti bərpa olunub, özünə qaytarılsın. Düzdür, sadaladığımız işlərin hamısını həyata keçirmək üçün zaman, vaxt lazımdır.

Araz boyu gözəl təbiətə malik Cəbrayıl rayonu əsasən maili düzənlikdə yerləşir. Bu rayon nadir təbiət abidələri sayılan 1000-3000 il yaşı olan Şərq çinarları, qiymətli ağac növləri olan meşələri, yeraltı sərvətləri, qeyri-adi flora və faunası, mineral mədənlərlə zəngin su mənbələri ilə tanınıb. Tarixi Xudafərin körpüsü də rayonun ərazisindədir. Burada 118 kəhriz, 360-dan çox bulaq, suvarma kanalları, 4039 hektar meşə zolağı, 58585 hektar əkin sahəsi, 1079 hektar bağ sahəsi, 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd erməni işğalı nəticəsində dağıdılaraq viran qoyulmuşdur. Ermənilər 2006-2007-ci illərdə məqsədli şəkildə rayonun 16 min hektar ərazisində qəsdən yanğınlar törətmişlər.

30 illik işğal müddətində ermənilər yeraltı və yerüstü sərvətlərimizi talan edib dağıtmaqla regionun ekoloji vəziyyətinə ciddi ziyan vurublar. Bu yerlərdə demək olar ki, yaşıllıqdan əsər-əlamət qalmayıb. Cəbrayılın mərkəzində yaşı 800 ildən çox olan məşhur Çinar ağacını kəsərək məhv ediblər. Erməni vəhşilərinin əməlləri bunlarla bitmir. Araz çayı vadisindəki bütün ağaclar yandırılıb. Onlar bu əməlləri ilə təkcə meşə təsərrüfatına deyil, həm də heyvan və bitki aləminə də ciddi ziyan vurublar. Düşünülmüş şəkildə həyata keçirilən yanğında isə sadəcə meşə sahələrinə, canlılara deyil, eyni zamanda, torpağın üst qatına da ciddi ziyan dəyib. Cəbrayıl rayonu ərazisində olan çoxsaylı qoz ağacları kəsilərək, Ermənistana aparılmış, oradan da xarici ölkələrə mebel və digər məişət avadanlıqlarının hazırlanması üçün xammal kimi satılmışdır.

İşğala qədər bu ərazilər heyvanat aləminin müxtəlifliyi ilə də seçilirdi. Burada canavar, çaqqal, çöldonuzu, porsuq, bezoar keçisi, kirpi, cüyür, bəbir, Qafqaz meşəpişiyi, vaşaq, qonur ayı, dovşan, gəmiricilər, toğlugötürən, kərkəs, bildirçin, kəklik, turac və digər quşlar, həşəratlar yaşayırdı. Xalqımıza qarşı həmçinin ekoloji terror da həyata keçirən ermənilərin vandallığı nəticəsində bu yerlərin təbiəti ekosidə məruz qalmışdır. Hələ 1989-cu ildə ermənilər Şuşada Topxana meşəsini məhv etmişdilər. Bu gün torpaqlarımız işğaldan azad olunub. Bu yerlər abadlaşır, yenidən qurulur. Gün gələcək, Qarabağın, Cəbrayılın gözəl, səfalı təbiəti yenidən canlanacaq.

Ramidə YAQUBQIZI,

"Respublika".