Ekoloji terrora son qoyulmalıdır
Digər xəbərlər

Ekoloji terrora son qoyulmalıdır

“Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 82 gündür davam edir. Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması məqsədilə ekofəallarımız dinc aksiya keçirirlər. Aksiya iştirakçıları Rusiya sülhməramlı qüvvələrinin komandanı, general-mayor Andrey Volkovun əraziyə gələrək onların tələblərini dinləməsini istəyirlər. Hazırda havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir, dinc etirazçılar  dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

30 ilə yaxın bir müddətdə torpaqlarımızın erməni vandalizminə məruz qalması dünya ictimaiyyəti tərəfindən gözardı edilsə də, Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı bu əsarətə son qoydu. Bu müddət ərzində Ermənistan və onun havadarları ərazilərimizdəki təbii resursları mənimsəmiş və ekoloji terror törətmişlər. Bununla yanaşı, ərazidə qanunsuz silah dövriyyəsi, narkotik vasitələrin daşınması kimi beynəlxalq hüquq və normaların prinsiplərinə zidd əməllər həyata keçirilmişdir.

Dövlətimizin ədalət istəyi artıq beynəlxalq təşkilatların gündəliyində başlıca yer alır. Belə ki,  "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarını qanunsuz istismar edən Ermənistanın vəsatəti Beynəlxalq Ədalət Məhkəməsinin fevralın 22-də qəbul etdiyi qərar ilə ləğv edildi və aksiyanın Azərbaycan hökuməti tərəfindən təşkil olunması ilə bağlı fərziyyələrin əsassız olduğu təsdiqləndi. Bununla yanaşı, Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilmiş millət vəkili Ramin Məmmədov martın 1-də Qarabağda yaşayan erməni sakinlərinin təmsilçiləri ilə görüşdü. Beynəlxalq hüquqa və respublikamızın Konstitusiyasına əsasən sakinlərin Azərbaycana reinteqrasiyası ilə bağlı müzakirələr aparıldı.

Qeyd edək ki, ötən il Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlılar monitorinqin keçirilməsinə mane oldular. Bu səbəbdən də  azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

                                      Nurlan ABDALOV,

                                           “Respublika”.